"Şərq xurmasının başlıca xəstəlikləri və onlarla mübarizənin əsas prinsipləri” mövzusunda təlim təşkil olunub
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu tərəfindən “Şərq xurmasının başlıca xəstəlikləri və onlarla mübarizənin əsas prinsipləri” mövzusunda təlim təşkil olunub. Təlim institutun mütəxəssisi Samirə Avazova tərəfindən aparılıb.
Tədbir həm əyani, həm də onlayn formatda keçirilib. Azərbaycan Dövlət Aqrar Universitetinin Bitki Mühafizəsi fakültəsinin tələbələri təlimdə əyani iştirak ediblər. Eyni zamanda müxtəlif rayonlardan mütəxəssislər, aqronomlar və fermerlər tədbirə onlayn şəkildə qoşulublar.
Təlim zamanı şərq xurmasında rast gəlinən əsas göbələk, bakterial və virus mənşəli xəstəliklər, onların yaranma və yayılma səbəbləri, ilkin diaqnostik əlamətləri barədə ətraflı məlumat verilib. Xəstəliklərin vaxtında aşkarlanmasının və düzgün diaqnostikasının məhsuldarlığın qorunmasında mühüm rol oynadığı xüsusi vurğulanıb.
Bununla yanaşı, inteqrir mübarizə prinsipləri, profilaktik tədbirlər, aqrotexniki qulluq qaydaları, fitosanitar nəzarətin təşkili və kimyəvi mübarizə vasitələrinin düzgün və məqsədyönlü tətbiqi məsələləri geniş şəkildə izah olunub. Xüsusilə xəstəliklərin qarşısının alınmasında qabaqlayıcı tədbirlərin əhəmiyyəti diqqətə çatdırılıb.![]()
Təlim interaktiv formada davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.
