"ABŞ-İsrail-İran müharibəsində qalib tərəf yoxdur"
Həm İsrail Tehrana, həm də İran Təl-Əvivə ağır raket zərbələri endirir. İranın Yaxın Şərqdə ABŞ hərbi bazalarını hədəfə alması, körfəz ərəb ölkələrinin təhlükəsizliyinin Amerika Birləşmiş Ştatları tərəfindən tam və yüksək səviyyədə təmin olunmadığını ortaya çıxdı.
Bunu Avrasiya.net-ə politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, artıq ABŞ Dövlət katibi İranın Ali dini rəhbəri Əli Xameneinin onların tərəfindən öldürülmədiyini bəyan edib. Həmçinin ABŞ İranda rejim dəyişikliyini istəmədiyini vurğuladı. Bu açıqlama ABŞ İranla müzakirələrə açıq olduğunu göstərir.
İranın yaxın 20 gün ərzində raket arsenalından geniş şəkildə istifadə edə biləcəyi mümkün görünür. Həm İsrail–ABŞ tandemində, həm də İranda danışıqlara meyillilik müşahidə edilir. Lakin mövcud vəziyyətdə ABŞ İranla birbaşa danışıqlara başlasa, bu, Tehranın mövqeyini gücləndirə bilər. Bu səbəbdən Vaşinqtonun ilkin mərhələdə İrana daha sərt hərbi zərbələr endirməsi həyata keçirilir:
"Ümumilikdə, bu müharibə ABŞ-ın prezidenti Donald Trampın siyasi imicinə mənfi təsir göstərə bilər. ABŞ artıq İranla müəyyən anlaşma mərhələsinə yaxın idi. İrandakı iqtisadi böhran, hiperinflyasiya və geniş xalq etirazları hakimiyyəti Vaşinqtonla razılaşmaya daha açıq mövqeyə gətirirdi. Lakin İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqi və siyasi təsiri nəticəsində tələsik hərbi eskalasiyanın başlanması hər iki lider üçün əlavə risklər yaradacaq.
İranın ali dini rəhbərliyinə və əsas güc strukturu olan İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı zərbələr endirilməsi Tehranın daxili güc balansını dəyişdi.
Bununla belə, İranı zəifləmiş, lakin tam sabitləşdirilməmiş vəziyyətdə buraxmaq regionda daha uzunmüddətli qeyri-sabitliyə və potensial radikallaşmaya yol aça bilər.
Bu müharibə Yaxın Şərqdə və ümumilikdə beynəlxalq siyasi nizamda ciddi dəyişikliklərə səbəb olacaq. Xüsusilə də Rusiya–Ukrayna müharibəsinin davam etdiyi bir şəraitdə ABŞ-ın ikinci böyük hərbi cəbhəyə daxil olması taktiki səhv idi. Bu addım Vaşinqtonun qlobal prioritetlərinə və resurs bölgüsünə yenidən baxmasına səbəb olacaq.
Digər tərəfdən, İsrail rəhbərliyi hesab edir ki, İrana endirilən zərbələr daxildə rejimə qarşı narazılığı artıracaq və hakimiyyət dəyişikliyinə zəmin yaradacaq. Lakin tarix göstərir ki, xarici müdaxilə çox vaxt əks effekt verərək daxili konsolidasiyanı gücləndirir.
Hazırda ABŞ-ın İranın islahatçı qanadı ilə müzakirələrə açıq olduğu görünür. Ona görə də ishalatcı qanadın üzvülərinə sui-qəsd həyata keçirilmir. Bununla yanaşı, SEPAH-ın sərt mövqeyi danışıqlara əsas maneədir. Bu səbəbdən ABŞ-ın bu mərhələdə məhz SEPAH-ın hərbi infrastrukturlarını hədəfə alacaq. Bununla SEPAH tam fiaskoya uğratmağa nail olması mümkündür".
