Türkiyə səfirliyi jurnalistlərin ölümü ilə bağlı başsağlığı verdiTürkiyənin Azərbaycandakı Səfirliyi minaya düşərək həlak olan azərbaycanlı dinc mülki şəxsləri ilə əlaqədar başsağlığı verib.

Avrasiya.net-in məlumatına görə, başsağlığında deyilib:

"Bu gün Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan AzTv-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Susuzluq kəndi nümayəndəsi Arif Əliyevə Allahdan rəhmət, kədərli ailələrinə və Azərbaycan mediasına baş sağlığı, yaralılara şəfalar diləyirik".

Qeyd edək ki, bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

Hadisə nəticəsində Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov ("Azərtac" xəbər agentliyinin əməkdaşı) və digər bir mülki vətəndaş həlak olub.
İran səfirliyi jurnalistlərin şəhid olması ilə bağlı başsağlığı verdiİran İslam Respublikasının Azərbaycandakı səfirliyi Kəlbəcərdə minaya düşərək şəhid olan media nümayəndələrinin ailələrinə başsağlığı verib.

Avrasiya.net xəbər verir ki, bu barədə səfirliyin "Twitter" səhifəsində paylaşım edilib.

"İran İslam Respublikasının Səfirliyi Azərbaycan Respublikasının önəmli media qurumlarının iki jurnalistinin şəhid olması ilə əlaqədar başsağlığı verir, ailələrinə səbr diləyir. Uca Allaha dua edərək əziz şəhidlərin ruhuna rəhmət diləyirik", - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Mehriban Əliyeva jurnalistlərlə bağlı paylaşım etdiBirinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram hesabında bu gün Kəlbəcərdə vəzifə borcunu yerinə yetirərkən minaya düşərək həlak olan Azərbaycan vətəndaşları ilə bağlı paylaşım edib.

Avrasiya.net xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun və Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda vəzifə borcunu yerinə yetirərkən minaya düşərək həlak olmaları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçılar tərəfindən quraşdırılmış minalara düşüb. Onlardan 27-si həlak olub. Günahsız insanların ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan bundan imtina edir və bununla da beynəlxalq humanitar hüququ pozmağa və Azərbaycana qarşı terror siyasəti həyata keçirməyə davam edir.

Təəssüf ki, Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupu ölkələrinə, həmçinin müxtəlif beynəlxalq təşkilatlara mina xəritələrinin verilməsi məsələsində Ermənistana təzyiq göstərməsi ilə bağlı çağırışları heç bir nəticə vermədi. Jurnalist hüquqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq qeyri-hökumət təşkilatları hələ də susmaqda davam edir!Azərbaycan xalqı müzəffər xalqdır! Onun iradəsini sındırmaq və onu qorxurtmaq qeyri-mümkündür! Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! Məkanları cənnət olsun!".

Mehriban Əliyeva"
“Dövlət işini həm də mediadan aldığı siqnallara əsasən qurur”Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi vaxtilə deyirdi ki, hər bir vilayətin qəzeti həmin vilayətin aynasıdır. Bu gün region mətbuatı, onun problemləri haqqında müxtəlif səviyyələrdə ara-sıra danışılır. Rayonlarda yaşayanlar çox zaman lazım olan informasiyanı onlayn mediadan, paytaxtdan göndərilən 10-15 qəzetdən, müxtəlif saytlardan deyil, məhz yerli mətbuatdan almağa üstünlük verirlər.

“Sherg.az” olaraq “Mediaxeberleri.az” informasiya portalının baş redaktoru Ələddin Qarayevlə əlaqə saxlayıb, region mətbuatının bugünkü durumu barədə söhbət apardıq.

-Hazırda region mətbuatında vəziyyət necədir?

-Bölgələrdə mətbuatın vəziyyəti ağırdır, regionda çalışmaq, oxucuları informasiya ilə daim təmin etmək çox çətindir. Buna baxmayaraq 7 ilə yaxındır ki, “Mediaxeberleri.az”ın əməkdaşları bu işin öhdəsindən gəlməyə çalışır. İnformasiya almaq, informasiyanı dəqiqləşdirməklə bağlı bir sıra problemlər yaranır. Bəzilərini çıxmaq şərti ilə, dövlət idarələrinin saytları daim yenilənmir ki, məlumatları oradan əldə edəsən. Medianın əsas gəlir yeri reklam bazarıdır. Reklamlarla bağlı problemlərimiz var. Rayonlarda biznes rəqabəti demək olar ki, yoxdur ona görə də reklam verənlərin sayı az olur. Vətəndaşlar şikayətlərini dilə gətirməkdən ehtiyat edir, çəkinirlər. Qohumbazlıq və qorxu xəbər istehsal etməyə çətinlik yaradır. Bax, biz belə çətin vəziyyətdə xəbər istehsal etməyə məhkumuq.

-Regionda olan problemləri işıqlandıra bilirsizmi?

-Xeyr, regionlarda yeganə ümid araşdırma yazılarına qalır ki, onlar da vaxt, pul və peşəkarlıq tələb edir. Bunların da üçünü bir yerdə tapmaq çox çətindir. Region mətbuatındakı problemlərin əsas səbəblərindən biri də odur ki, kiməsə tərif yazanda o məqalə oxunmur, tənqid yazdıqda isə müxtəlif təzyiqlərlə üzləşirsən. Bu gün region mətbuatında yalnız yaşlılar fəaliyyət göstərirlər. Cavanlar isə ya paytaxta, ya da televiziyalara işləməyə gedirlər. Yəni hazırda yüksək məvacib də təklif olunsa, bölgə mətbuatında çalışmaq üçün jurnalist tapa bilməzsiniz. Region mətbuatının bizim istədiyimiz, arzu etdiyimiz şəkildə inkişafı üçün, ilk növbədə yeni düşüncə tərzi gəlməlidir. Maddi-texniki baza güclənməlidir, yenilənməlidir.

- Neçə nəfər işçiniz var?

- “Mediaxeberleri.az” informasiya portalı 2014-cü ildən fəaliyyət göstərir. Bu illər ərzində portalımızda 15 nəfərdən çox insan çalışıb, hazırda mənimlə bərabər iki nəfər çalışır.

- Ofisiniz var?

- Xeyr. İcarəyə otaq götürmüşük. Maliyyə problemimiz var, bayaq dediyim kimi rayonlarda biznes rəqabəti demək olar ki, yoxdur ona görə də reklam verənlərin sayı da az olur. Bu da bizim əsas gəlir yerimizdir.

- Hansısa mövzu ilə bağlı oxucuların müraciəti olur?

Son zamanlar koronavirus və müharibə ilə bağlı suallar çox olur. Azərbaycan cəmiyyətini maraqlandıran mövzulardan biri də, toylara nə vaxt icazə verilməsi ilə bağlıdır. Ümumiyyətlə, yazıçının, şairin, jurnalistin - bir sözlə, yaradıcı adamın həmişə axtarışında olduğu mövzu... Ancaq bu axtarışın nəticələri həmişə uğurlu olmur desək, səhv etmərik. Yəni hər şey yaradıcı adamın əldə etdiyi mövzudan, onu necə təqdim etməkdən, ona yanaşmadan və s. asılıdr. Şəxsən mövzu məni ciddi narahat etməyə başlayanda yazıram.

- Saytınıza dövlət dəstəyi göstərilirmi?

- “Mediaxeberleri.Az” informasiya portalı istifadəçilərdən heç bir maddi və mənəvi ödəniş gözləmədən xidmətini 2014-cü ildən bu yana axsatmadan davam etdirib. Bundan sonra da məqsədimiz eyni istiqamətdə xidmətimizə maddi və mənəvi heç bir mənfəət məqsədi güdmədən davam etməkdir. Bu günlərdə Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə xanım Şəfiyeva “AzTv”nin “Telesəhər” proqramında çap və onlayn mediaya dəstək layihələrindən danışdı. İnanıram ki, çap və onlayn mediaya dəstək göstəriləcək.

- Qəzet çap etməyi düşünürsünüzmü?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirir ki, jurnalistlər mənim köməkçilərimdir. Bu, kifayət qədər ciddi mesajdır. Yəni bu, o deməkdir ki, dövlət öz işini həm də mediadan aldığı siqnallara əsasən qurur. Azərbaycan mediası bütün çətinliklərinə baxmayaraq, inkişafdadır. Yeniliyə can atmaq onun təbiətindən irəli gələn mahiyyətdir. Bunun üçün şərait də önəmli faktordur. Bölgə mediasının inkişafı prioritet məsələdir. Dünyanın bir çox ölkəsində yerli qəzetlər ciddi informasiya mənbəyi kimi qəbul olunurlar.

-Region mətbuatının nələrə ehtiyacı var?

-Pula.... (Gülür) Azərbaycan mətbuatı öyündüyümüz, fəxr etdiyimiz, qürur duyduğumuz dəyərlərdən biridir. Cənab İlham Əliyevin 2010-cu il 10 iyun tarixli sərəncamı Azərbaycan mətbuatının keçdiyi yolu həm xronoloji, həm də məzmun baxımından dövrləşdirməyə imkan verir. Həmin sərəncamda mətbuatın keçdiyi, oynadığı rola qısa da olsa, nəzər salınır, qiymət verilir, eyni zamanda, qarşıda dayanan vəzifələr göstərilir. Bu vəzifələr çox əhəmiyyətlidir. Çünki istənilən xalqın və millətin özünün dövlətini, ən yüksək səviyyədə insan haqlarını təmin edəcək cəmiyyətini formalaşdırmasında mətbuat çox əhəmiyyətli rol oynayır. Azərbaycan dövlətinin yeritdiyi siyasətin əsas istiqamətlərindən biri də məhz mətbuata qayğıdır, onun öz missiyasını, vəzifələrini yerinə yetirməsinə yaradılan şəraitdir. Buna görə də region mətbuatının inkişafı üçün, maddi-texniki baza güclənməlidir
MEDİA-nın İcraçı direktoru: “Beynəlxalq təşkilatları hadisəyə hüquqi qiymət verməyə çağırırıq”“Bu gün həmkarlarımız iş başında olarkən minaya düşərək həlak olublar. Bu, Ermənistan tərəfindən bizim media nümayəndələrinə və mülki şəxslərimizə qarşı törədilən növbəti terror aktıdır”.

Avrasiya.net-in xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib.

“Azərbaycan mediası olaraq bunu qətiyyətlə pisləyir və bütün beynəlxalq təşkilatları hadisəyə hüquqi qiymət verməyə çağırırıq”, - Ə.İsmayılov vurğulayıb.

İran səfiri: "Azad olunmuş sərhədyanı ərazilərdə quruculuqda maraqlıyıq"İqtisadiyyat nazirinin müavini Elnur Əliyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Bu barədə Avrasiya.net-ə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə Azərbaycan və İran arasında dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın əsrlər boyu malik olduğu mədəni, tarixi və dini bağlara söykəndiyi qeyd edilib. Vurğulanıb ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi, dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir.

Görüşdə İranın Azərbaycanın ərazi bütövlüyünün bərpasına ölkəmizin suverenliyinə hörmət çərçivəsində dəstək verdiyi, Azərbaycan-İran dövlət sərhədinin işğal altında olan hissəsinin azad edilməsinin xalqlarımız tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılandığı bildirilib.

Nazir müavini hazırda ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığın inkişafını, Azərbaycanın əlverişli biznes mühitindən yararlanan İran şirkətlərinin sayının artdığını, qarşılıqlı investisiya əməkdaşlığını, birgə layihələrin icrasını diqqətə çatdırıb, işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesində dövlət-özəl tərəfdaşlığı çərçivəsində İran şirkətləri ilə nəqliyyat, energetika, sosial infrastruktur və s. sahələrdə əməkdaşlıq imkanlarını qeyd edib.

Səfir Azərbaycan və İran xalqlarının tarixi dostluğunu xatırladaraq ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyini, əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi üçün potensialı vurğulayıb. Səfir Azərbaycan Respublikasının işğaldan azad olunmuş sərhədyanı ərazilərində quruculuq işlərinin həyata keçirilməsində ölkəsinin maraqlı olduğunu bildirib.

Görüşdə ikitərəfli iqtisadi-ticarət əlaqələri genişləndirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi bəyanat yaydıAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının Kəlbəcərə ezam olunmuş KİV nümayəndələrinin və digər mülki şəxslərin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində həlak olması və yaralanması ilə bağlı hadisəyə mövqeyini bildirmək məqsədi ilə təcili iclası keçirilib. İclasda çıxış edən Müşahidə Şurasının üzvləri hadisə zamanı həlak olmuş şəxslərin yaxınlarına başsağlığı vermiş, yaralananlara Allahdan şəfa diləyiblər. Eyni zamanda çıxış edən şəxslər hadisəni törtmiş Ermənistanın bu hərəkətini kəskin qınamış, iclasını yekun olaraq, Müşahidə Şurası adından müvafiq bəyanat qəbul edilib.

Avrasiya.net bəyanatı təqdim edir:

“İyunun 4-ü, saat 11:00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, xüsusilə 1949-cu il tarixli Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozaraq minaladığı ərazilərimizin xəritəsini verməməklə vətəndaşlarımıza qarşı hərbi cinayət əməllərini davam etdirir. Baş vermiş hadisə təkcə mülki şəxslərə qarşı hərbi cinayət deyil, o cümlədən, peşə fəaliyyətini həyata keçirən media nümayəndələrinə edilən açıq terror aktıdır.

2020-ci ilin 10 noyabr tarxində imzalanmış üçtərəfli bəyanata uyğun olaraq işğal altında olan Kəlbəcərin boşaldılması tarixinin Ermənistan rəhbərliyinin xahişilə humanistlik göstərilərək əlavə 10 gün müddətinə uzadılmasından sui-istifadə edən qarşı tərəf rayonu boşaldarkən kütləvi halda əraziləri minalamaqla ağır cinayət törətmişlər. Bu səbəbdən, təəssüf ki, indiyədək, yəni müharibə başa çatdıqdan sonra azad edilmiş ərazilərdə 130-a yaxın şəxs mina partlaması nəticəsində həlak olmuş və yaralanmışdır. Bunların arasında çoxlu sayda mülki şəxs, o cümlədən peşə fəalyyətini yerinə yetirən media nümayəndələri də vardır.

Biz, Müşahidə Şurasının üzvləri Beynəlxalq Təşkilatlara, media təsisatlarına, jurnalistlərin hüquqlarını müadfiə edən qurumlara müraciət edir, onları Ermənistanın bu hərbi cinayətini qəti şəkildə pisləməyə, minalanmış ərazilərin xəritəsini dərhal Azərbaycana təqdim edilməsini Ermənistandan tələb etməyə çağırırıq”.
Mətbuat Şurası Ermənistanla bağlı beynəlxalq qurumlara müraciət etdiAzərbaycan Mətbuat Şurasında (MŞ) Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun (Əlioğlu) Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşmələri ilə bağlı tədbir keçirilib.

Avrasiya.net-in məluamatına görə, tədbirdə çıxış edən Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev bildirib ki, Cenevre konvensiyasına və beynəlxalq protokollara görə minalanmış ərazilərin xəritələrini müharibə başa çatdıqdan sonra bir-birinə təqdim etməlidir.

O bildirib ki, Ermənistan hökuməti bütün beynəlxalq sənədlərə, özlərinin imzaladğı kapitulasiya aktına zidd olan xəritələri hələ də Azərbaycana təqdim etməyib:

"Təqribən 13 kvadratkilometr ərazi minalarla çirklənmiş vəziyyətdədir. Minalanmış ərazilərin xəritələrinin olmaması bu cür hadisələrin tez-tez baş verməsinə səbəb olur. Bizim I Qarabağ müharibəsi dövründə də 2000 nəfərdən çox mina qurbanlarımız var idi. İndi bu rəqəm 3000-ə yaxınlaşır. Bu son hadisə də bu məsələnin beynəlxalq ictimaiyyətdə daha çox qabardılmasına ehtiyac olduğunun sübutudur”.

MŞ sədri Əflatun Amaşov isə qeyd edib ki, Azərbaycan Mətbuat Şurasının adından beynəlxalq media qurumlarına və beynəlxalq təşkilatlara müraciət hazırlanıb.

Müraciətdə deyilir:

“2021-ci il iyun ayının 4-də Azərbaycan Televiziyasının (AzTV) operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. Daha bir mülki şəxsin həlak olduğu, 4 nəfərin yaralandığı bu hadisə Azərbaycan jurnalistlərində dərin kədərə səbəb olub. İmzalanan üçtərəfli birgə bəyanatdan sonra erməni tərəfinin yerləşdirdiyi minalar səbəbindən 120 nəfər mina qurbanı var. Mina qurbanlarının sayı artmaqda davam edir. Minalanmış ərazilərin xəritələrinin verilməməsi jurnalist peşəsini də təhlükəyə çevirməkdədir. Ermənistan respublikası minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Bu, nəinki həmin ərazilərdə jurnalistlərin fəaliyyətini məhdudlaşdırır, həm də məcburi köçkünlərin öz yurd yerlərinə geri dönməsini çətinləşdirir. Ermənistan bu xəritələri verməməklə özünün sülhə qarşı çıxan siyasətini davam etdirməkdədir. Onu da qeyd etməliyik ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinə başlanılıb. Ermənistanın mina xəritələrini verməməsi xarici jurnalistlərin də həyatına təhlükədir. Çox istərdik ki, jurnalistika sahəsində fəaliyyət göstərən beynəlxalq nüfuzlu qurumlar bununla bağlı öz sərt reaksiyasını bildirsin. Azərbaycan jurnalistlərinin gözləntisi bundan ibarətdir. Bu müraciəti imzalamaqda məqsədimiz beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinə diqqət çəkməkdir. Bu çağırış missiyasına dəstək bölgədə sülhün, əmin-amanlığın yaradılmasına son dərəcə böyük töhfə ola bilər”.
"Heydər Əliyev yolu Azərbaycanın inkişaf yoludur!"Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


Dəyərli dostlar, sevimli gənclər!

Sizə Azərbaycanda bir dövrün sonu, yeni bir dövrün başlanğıcına start verildiyi bir tarix haqqında danışmaq istəyirəm.

Bu 04 iyun 1993-cü il idi.

Azərbaycan hərbi-siyası böhran içində idi. Vətəndaş müharibəsi qapımızı döyürdü. Bir tərəfdə səriştəsiz hökumət, digər tərəfdə keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələr. 35 nəfər öldürülür, hökumət nümayəndələri girov götürülür və.s.

Xalq nə edəcəyini bilmirdı, yeganə çıxış yolunu ulu öndərimiz HEYDƏR ƏLİYEVin hadisəyə müdaxiləsində görürdü. Həmişə xalqının ağır günündə həyan olan dahi rəhbər bu dəfə də dövləti xilas etmək, yeni qazanılmış müstəqilliyi qorumaq üçün paytaxt -Bakıya çağrılır. Ümummilli Lider qısa müddətdə bu tarixi missiyanın öhdəsindən layiqincə gəlir və Azərbaycanın ən ağır günündə ölkənin müstəqilliyini və varlığını təhlükəyə atan şəxslərin hamısını siyasi-hərbi səhnədən uzaqlaşdırır.

Əslində bu məsələyə təkcə həmin gün Gəncədə baş verənlərdən yox, daha geniş çərçivədən baxmaq lazımdır. 70 il mövcud olmuş imperiyanın dağılmasilə xalqımızda milli oyanış baş qaldırmışdı. Müstəqilliyin əldə olunmasilə siyası idarəetmə yeni yanaşma tələb etməyə başlamış, elə bu səbəbdən ölkədə hakimiyyət böhranı yaranmışdı. Bir tərəfdə öz hakimiyyətini qoruyub saxlamaq istəyən “köhnələr” - Ayaz Mütəllibov və komandası, digər tərəfdə isə nəyin bahasına olursa-olsun, hakimiyyəti ələ almağa çalışan cəbhəçilər bu böhranın daha da dərinləşməsi üçün öz “töhfələrini” verməkdə idilər. Zaman keçdikcə qütbləşmə və qarşıdurma kəskinləşirdi.

Fikrimcə, Xocalı faciəsi, Şuşa və Laçının işğalı məhz Bakıdakı bu qarşıdurmanın nəticəsi oldu. Nəhayət, 1992-ci il mayında cəbhəçi bəylər hakimiyyəti ələ keçirdilər. Bu naşı komandanın hakimiyyətdə olduğu qısa müddətdə nələr baş verdi, indi bu barədə geniş danışmağa ehtiyac yoxdur – hər şey aydındır. Vəziyyəti o həddə gətirib çıxardılar ki, 1993-cü ildə Azərbaycan dövlətinin taleyi sual altında düşdü. Gəncədə qiyam baş verdi, qardaş qırğını törədildi. Xalq bu vəziyyətdə bütün siyasi qüvvələrdən imtina edərək, bütün ümidini böyük şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevə bağladı. Movcud vəziyyəti idarə edə bilməyən, geosiyasi məsələlərdən baş çıxarmayan “bəylər” də öz həyatlarının təhlükədə olduğunu anlayaraq, məcburiyyət qarşısında qalaraq, üzlərini Naxçıvana - ümummilli liderimizə tutdular. Xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider vəziyyəti ustalıqla təhlil edərək, böhrandan çıxış yollarını müəyyənləşdirdi.

Gəncədə olan hadisələr əslində böyük planın görünən tərəfi idi. Baş verənlər SSRİ-nin dağılmasından sonra Rusiyanın o vaxtkı rəhbərliyində hələ də imperialist təfəkkürlü insanların imperiyanı bərpa etmək, yenidən Azərbaycanı və o cümlədən digər müstəqillik əldə etmiş dövlətləri açıq-aşkar öz təsir dairələrinə almaq planlarının məntiqi nəticəsi idi.

Hadisələrin sonrakı analizi onu deməyə əsas verir ki, bu qüvvələrin planı Dağlıq Qarabağda Azərbaycan ordusunu məğlubiyyətlərə düçar etmək, ölkənin şimalında və cənubunda etnik separatizmi qızışdırmaq, daxildən narazı qüvvələri ələ almaq və bununla siyasi böhran yaradaraq imperiyalist məqsədlərinə nail olmaq idi. Bunun üçünsə onlar tərəfdən əlverişli şərait var idi. Belə ki, heç bir siyasi səriştəsi olmayan, dövlət idarəetmə sistemini anlamayan inşanlar hakimiyyəti ələ keçirmişdilər.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün də onun ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir və regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Bu gün xalqımız xoşbəxt anlarını yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman oğullarımızın şücaəti nəticəsində SSRİ adlanan imperiyanın xalqımıza “bəxş etdiyi” son mirasda öz həllini tapdı.

Torpaqlarımız erməni işğalından azad oldu. Məhz indi xalqımız sözün həqiqi mənasında müstəqilliyin bütün komponentlərini özündə ehtiva edən şəraitdə və firavanlıq içində yaşayır. Bu gün o hadisələrin təhlili göstərir ki, əgər 1993-cü ilin iyununda xalqın dəvəti və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıtmasa idi, bu gün nəinki torpaqlarımızın düşmən tapdağından azad edə bilərdik, hec Azərbaycanın müstəqilliyindən, varlığından söhbət açmaq mümkün olmayacaqdı.

Heydər Əliyev yolu Azərbaycanın inkişaf yoludur!

Yaşasın bu yolun sadiq davamçısı İlham Əliyev!

Yaşasın müstəqil Azərbaycan! və onu sevənlər!
İtkin düşən daha bir əsgərin nəşi TAPILDIHəyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçu tapılaraq, şəxsiyyəti müəyyənləşdirilməklə, nəşinin aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlərin görülürməsi təmin olunub.

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarəti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətinin müəyyən edilməklə, doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilmiş, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülmüş, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata kecirilmiş əmaliyyat-istintaq tədbirlərinin nəticəsində, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılmışdır.

Bundan əvvəl verilmiş məlumatlara əlavə olaraq bildirilir ki, itkin düşmüş daha bir hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Verdiyev Eldəniz Rabil oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

ALLAHdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik.