"Bundan sonra müstəqil Azərbaycanın vətəndaşı olmaqdan ikiqat qürur hissi keçirəcəyik"“Prezident İlham Əliyev Azərbaycan xalqını bugünkü böyük qələbələrə illərlə hazırladı. O, bir çoxlarımızdan fərqli olaraq, bu günü aydın şəkildə görə bilirdi. Azərbaycan Ordusu artıq Xudafərin körpüsünü işğaldan azad edib. Körpünün üzərinə Azərbaycan bayrağı sancılıb. Bu zəfərdən sonra Araz çayı üzərində tikilmiş su elektrik stansiyası artıq bizim nəzarətimiz altına keçib. Yəqin xatırlayarsınız, 2016-cı ilin fevralında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalandı. Həmin vaxtı bəzi qüvvələr bu saziş ətrafında hansı həngaməni qopardılar?! Budur, cəmi 4 il keçib, amma artıq bizim həmin sazişdən yararlanmağımız üçün heç bir maneə yoxdur. Budur uzaqgörənlik!”

Bunları "AzPolitika"-ya açıqlamasında Milli Məclisin komitə sədri, YAP-çı deputat Sadiq Qurbanov Xudafərin körpüsü, Zəngilan şəhəri və daha 24 kəndin işğaldan azad olunması haqda danışarkən deyib.

Deputat əmindir ki, bu qələbələr davam edəcək və tezliklə Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa olunacaq. “Mən deyərdim ki, hazırda xalqımızın yenidən doğuluşu baş verir. Ali Baş Komandanın qətiyyəti, Ordumuzun rəşadəti sayəsində Qarabağ uğrunda müharibəni uğurla başa çatdırdıqdan sonra tamamilə yeni bir dünyada, yeni bir Azərbaycanda yaşayacağıq. Bundan sonra müstəqil Azərbaycanın vətəndaşı olmaqdan ikiqat qürur hissi keçirəcəyik. Bir çox problemlərimiz öz-özünə aradan qalxacaq. Daxili birliyimiz möhkəmlənəcək, sabaha ümidimiz artacaq. Bu sevinci bizə bəxş edən Ordumuza və Ali Baş Komandanımıza ömür boyu minnətdarıq. Şəhidlərimiz isə ən müqəddəs and yerimiz olacaq.”
Prezident yeni azad edilmiş əraziləri elan etdiRəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini,​ Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi Tvitter səhifəsində bildirib.
Düşmənin mövqeləri darmadağın edilir - MNOrdumuz tərəfindən aparılan əks-hücum əməliyyatlarında ermənilərin 30 illik müdafiə sistemi, texnika və muzdlu döyüşçüləri heç bir işə yaramır.

Avrasiya.net xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu döyüşdə əsl qəhrəmanlıq nümayiş etdirir: "Azərbaycan əsgəri Ali Baş Komandanın hər çıxışından güc alır və döyüş meydanında əsl peşəkarlıq və qəhrəmanlıq göstərir, düşmənə layiqli cavab verir. Düşmənin mövqeləri darmadağın edilir. Torpaqlarımız tezliklə işğaldan azad ediləcək. Qələbə bizimlədir".
Düşmənin 6 PUA-sı məhv edilib - Anar Eyvazov“Ötən müddət ərzində cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib”.

Avrasiya.net xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, düşən xeyli itkilər verərək geri çəkilməyə məcbur edilib:

“Çoxlu sayda silah və sursat bölmələrimiz tərəfindən ələ keçirilib. Düşmənin 6 ədəd PUA-sı məhv edilib. Azərbaycan Ordusunun üstünlüyü barədə düşmənin etiraflarını Ali Baş Komandanımız bundan əvvəl vurğulayıb”.
Erməni generalı Qarabağdan qaçırdılarXocalı soyqırımını törədənlərdən biri, Ermənistanın “Yerkrapa” könüllüləri ittifaqının sabiq sədri, general Manvel Qriqoryan reanimasiyaya yerləşdirilirb.

Avrasiya.net xəbər verir ki, məlumatı Ermənistan KİV-ləri yayıb.

Bildirilib ki, Manvel Qriqoryan oktyabrın 7-dən işğal altında olan Dağlıq Qarabağ bölgəsində olub.

Səhhəti pisləşdiyi üçün həkimlər ona Qarabağı tərk etməyi məsləhət görüblər.

Ehtimal edilir ki, Azərbaycan hərbçilərinin əlinə keçməkdən ehtiyatlanaraq, Qriqoryanı Yerevana aparıblar. Onun səhhətinin Ermənistan ordusunun məğlubiyyəti səbəbindən ağırlaşdığı istisna edilmir.

Manvel Qriqoryan Azərbaycan torpaqlarının qanlı işğalının fəal iştirakçılarındandır. O, Qarabağ müharibəsində əsir götürdükləri yüzlərlə azərbaycanlıdan birini dörd il evində qul kimi saxladığını etiraf edib. M.Qriqoryanın dəstəsi Dağlıq Qarabağda azərbaycanlı mülki şəxslərə qarşı xüsusi qəddarlığı ilə seçilib. O, Ermənistan silahlı qüvvələrinin hərbçisi kimi işğal altında olan Dağlıq Qarabağ bölgəsində müxtəlif hərbi hissələrdə komandirlik edib, Ermənistan ordusunda korpus komandiri işləyib. 1996-cı ildə general-mayor, 2000-ci ildə general-leytenant ali hərbi rütbəsi alıb. 2000 - 2008-ci illərdə müdafiə nazirinin müavini postunu tutub. 2012 və 2017-ci illərdə Ermənistan Respublika Partiyasının proporsional siyahısından parlamentin deputatı seçilib.

Manvel Qrioqryan 2018-ci ilin iyununda qanunsuz silah saxlama və ordu üçün nəzərdə tutulan ərzağı mənimsəmə itihamı ilə həbs edilib. Bir müddət sonra 25 milyon erməni dramını girov qoymaq qarşılığında zaminə buraxılıb. Onunla bağlı cinayət işinin istintaqı hələ davam edir.
Sərkisyanın İlham Əliyevlə bağlı şok etiraflarıÖtən gün Ordumuzun Vətən müharibəsinin gedişində əldə etdiyi növbəti uğurlardan və Zəngilanın azad edilməsindən sonra uzun müddətdir kölgədə qalmağa üstünlük verən Ermənistanın sabiq prezidenti Serj Sərkisyan da proseslərə qatılıb.

Bir-birinin ardınca verdiyi açıqlama-müsahibələrdə Serj Sərkisyan “müharibə əleyhdarı” kimi görünməyə çalışsa da, ilk cümləsindən sonra dedikləri əslində bu şəxsin mahiyyətini ortaya qoyur.

Xocalı qatilinin məğlubiyyət etirafı

Müharibəni Azərbaycan tərəfinin başladığını iddia edən Sərkisyan ilk cümləsindəcə bunun bədəlini “mülki əhalinin” ödədiyini bildirir.

Təsəvvür edirsinizmi? Bunu Serj Sərkisyan deyir!

Bütün həyatını dinc azərbaycanlılara qarşı qətliamlara həsr edən, Dağlıq Qarabağ və ətrafını qarış-qarış işğal edən bir şəxs! Hələ Ermənistan Müdafiə naziri olarkən Tomas de Vaala verdiyi müsahibəsində Xocalı soyqırımını törətdiyini açıq şəkildə etiraf edən Sərkisyan demişdi ki: “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”.

Dağlıq Qarabağ ətrafındakı 7 rayondan 750 min insanın qovulmasında, Xocalı da daxil olmaqla, azərbaycanlılara qarşı bir neçə qətliamda birbaşa iştirak edən, mülki insanların öldürülməsi və yurdundan qovulmasına şəxsən rəhbərlik edən, atəşkəs, sülh çağırışlarına məhəl qoymadan ərazilərimizi silah gücünə işğal edən Serj Sərkisyanın “mülki əhalinin zərər görməsindən” danışması qədər saxtakarlıq və riyakarlıq ola bilməz.

Amma nə qədər “sülhpərvər” görünməyə çalışsa da, bu sözlərin ardınca dərhal Ermənistan ordusunun “döyüş qabiliyyəti” haqda mifologiyanı davam etdirməyə girişir. Əsas arqumentlərindən biri də odur ki, Azərbaycan uzun müddət öz xalqına qısa müddətdə işğaldakı əraziləri azad edə biləcəyi vədini verib:

“Ancaq 3 həftə müddətində onlar yalnız bir istiqamətdə dərinliyə girə biliblər. Bu, müharibənin başa çatması demək deyil”.

Üç həftəyə Azərbaycan Ordusu 30 ildir işğalda olan rayonlarından 3-nü geri qaytarıb, üstəlik Suqovuşan, Hadrut da daxil olmaqla, strateji yerləri, həmçinin Xocavənd rayonuna aid kəndləri, Murovun zirvəsini işğaldan azad edib.

Sərkisyanın rəhbərlik etdiyi silahlı dəstə nizami rus bölmələrinin (366-cı motoatıcı diviziya da daxil) birbaşa dəstəyi və zirehli texnikası ilə əliyalın, ov tüfəngləri belə əlindən alınan azərbaycanlıların üstünə gəlib və və tam iki il müddətində Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal edə bilib. Bu 30 ildə isə daim azərbaycanlıların geri qayıdacağı düşüncəsi ilə işğaldakı ərazilərdə səngər qazmaqla, ora külli miqdarda silah daşımaqla məşğul olublar – nə qurub-tikiblər, nə də yaradıblar, yalnız dağıdıblar, yalnız səngər qazıblar, yalnız silah daşıyıblar...

Azərbaycan Ordusunun ələ keçirdiyi hərbi qənimətlərin sayı və görüntüləri təsdiqləyir ki, Ermənistan işğal etdiyi ərazilərə Rusiyadan nə qədər silah daşıyıb.

30 il bərkidikləri, möhkəmləndikləri, betonla sədlər qurduqları 3 rayondan 3 həftəyə qovulmalarına təsəlliverici bəraət cəhdi nə qədər gülüncdürsə, məğlubiyyətin etirafı da o qədər diqqətçəkicidir.

Kazan danışıqları etirafı

2011-ci ildə Kazanda münaqişənin həll edilməsinə çox yaxın olduqlarını, ancaq Azərbaycanın “qeyri-konstruktivliyi” nəticəsində bundan imtina edildiyini bildirən Sərkisyan Bakını “kompromissiz mövqeyi”nə görə tənqid edir.

Azərbaycanın “güzəşt”i nə olmalıymış? 5 rayon müqabilində Dağlıq Qarabağın statusu. Üstəlik, Kəlbəcər müzakirəsi sonraya saxlanılır, Laçın isə “hər iki tərəfin nəzarətində qalır”.

Azərbaycan BMT qətnamələrinin yerinə yetirilməsini ilk başdan tələb edir. Bu 4 qətnaməyə görə, Ermənistan silahlı qüvvələri işğal etdiyi ərazilərdən “dərhal və qeyd-şərtsiz” çıxmalıdır. “Qeyd-şərtsiz” sözü burda xüsusi vurğulanır və bütün qətnamələrdə hallanır.

Ermənistan isə 27 ildir BMT qətnamələrindəki tələbi yerinə yetirmir; Azərbaycanın dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tanınan ərazi bütövlüyünə hörmət etmir və işğalı davam etdirir.

Sərkisyanın İlham Əliyev etirafı

Serj Sərkisyan Prezident İlham Əliyevin əsas tələbi - ərazi bütövlüyü məsələsinə də dolayısı ilə toxunur və Aprel savaşını xatırladır. Bildirir ki, Aprel savaşında Rusiyanın birbaşa müdaxiləsi ilə atəşkəs əldə edildi. “İlham Əliyevi atəşkəsə razı salmaq çox çətin oldu”, - deyə Sərkisyan bildirir.

Bu fakt artıq Aprel savaşında Azərbaycan Prezidentinin nə qədər qətiyyətli davrandığının dolayı təsdiqidir.

Sərkisyan 2011-ci il Kazan, 2016-cı il Aprel savaşında Prezident İlham Əliyevin son dərəcə qətiyyətli davranmasından və qəti tələblər irəli sürməsindən şikayətlənir. Bildirir ki, İlham Əliyev güzəştsiz siyasət yürüdür.

İlham Əliyevin güzəştsiz siyasətinə qarşı dözə bildiyindən qürurlanan və hakimiyyətdə olduğu müddətdə işğal etdiyi ərazilərdən demək olar ki, heç birini geri qaytarmadığını vurğulayan Sərkisyan Azərbaycan Prezidentini “məqbul sayılmayan arzularda” da günahlandırır.

“Dənizdən dənizə” xülyası ilə yaşayan və 100 ildir Azərbaycan torpaqlarını işğal edə-edə özlərinə dövlət qurub genişləndirən, 2020-ci ilin avqustundan isə “yeni ərazilər üçün yeni müharibə” siyasətinə keçən Ermənistan siyasətçilərinin Azərbaycanın dünya tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etməyə başlayan Prezident İlham Əliyevi “təhlükəli arzuda” ittiham etməsi nə qədər düşükdürsə (Prezidentimizin sözləri ilə desək), o qədər də böyük etirafdır.

Nəhayət, erməni siyasətçilər anladılar ki, qarşılarında Azərbaycanın haqqını ən sərt şəkildə müdafiə etməyə qadir olan “dəlisov lider” var.

Nəhayət, anladılar ki, bu lider heç nəyi heç vaxt güzəştə getməyəcək!

Nəhayət, etiraf etdilər ki, İlham Əliyevdən nə danışıqlarda, nə meydanda, nə diplomatiyada Azərbaycanın milli maraqlarına uyğun olmayan hər hansı “güzəşt” qoparmaq mümkün deyil!

Kult.az
Qarabağda məhv edilən erməni hərbçilərin rəsmi sayı 842-yə ÇATDIErmənistan ordusunun Qarabağda verdiyi itkilərin daha bir hissəsi dərc olunub.

Avrasiya.net Ermənistan KİV-nə istinadən xəbər verir ki, budəfəki siyahıda 62 hərbçinin adı yer alır. Beləliklə, bu günə qədər Ermənistan tərəfinin verdiyi itkilər rəsmi olaraq 842 nəfərə çatıb.

Amma düşmənin itkilərinin real sayının bundan qat-qat çox olduğu xəbər verilir.
İrəvan Putini hədələdi: Nikolay kimi ailəsi ilə birgə... - ŞokAzərbaycan ərazilərinin 30 illik işğalının tezliklə bitəcəyini hiss edən İrəvan artıq maskaları çıxarmaq qərarına gəlib. Maskanın altında isə erməni faşizminin əsl mahiyyəti üzə çıxır.

Axar.az xəbər verir ki, “Armenian Reрort” nəşri son günlərdə Ermənistanın köməyinə gəlməyən bütün ölkələrə müharibə elan edib.

Bu ölkələrə Rusiya, Böyük Britaniya və Almaniya daxildir. Xüsusilə hamıdan və hər şeydən inciyən İrəvan Putinə xüsusi nifrətini gizlətmir.

“Putin Rusiyanın Ermənistana qarşı müttəfiq və tarixi öhdəliklərini xatırlaya bilərdi. Ancaq o, bizə xəyanət etdi. Tarix mütləq təkrarlanacaq və Putin bütün ailəsi ilə birlikdə devrilən və məhv edilmiş II Nikolayın taleyini yaşayacaq. Bu, tarixi bir ədalət idi... Putin Rusiyasının özünün də Çar Rusiyasının taleyi ilə qarşılaşacağını istisna etmirəm. Yenə də imperiyanın çöküşü, aclıq, vətəndaş müharibəsi olacaq. Ancaq bu həm də tarixi baxımdan təbii olacaq”, – deyə erməni qəzeti hədələyib.

Almaniya kansleri Angela Merkelin Qarabağ və ona bitişik 7 bölgənin Azərbaycan ərazisi olduğu barədə dedikləri də erməniləri az qəzəbləndirməyib.

“Kayzer Almaniyasının Sultan (Osmanlı) hökumətinin anti-erməni siyasətini dəstəklədiyini necə unutmaq olar? Çünki onun məhkum edilməsi alman kapitalistlərinin Yaxın Şərqdəki genişmiqyaslı planlarını təhlükə altına ala bilər.

Sonda Almaniyanın bəşəriyyət tarixindəki ən dəhşətli müharibəni başlatmaqda günahkar olan faşistlərin hakimiyyətə gəldiyi bir dövlət olduğunu necə unutmaq olar?” – deyə nəşr bildirir.

Böyük Britaniyanın mövqeyi də ermənilər arasında az qəzəblə qarşılanmayıb. İngiltərə Xarici İşlər naziri Dominik Raab Türkiyəni Londonun müttəfiqi adlandırdı. Bundan əlavə, London həm rəsmi kanallarla, həm də ali orqanın dili ilə Bakının Qarabağın hərbi işğalı istiqamətindəki fəaliyyətini dəstəklədiyini bəyan etdi.

Beləliklə, erməni nəşri bütün bu ölkələri təhdid edir.

Necə deyərlər, burada artıq şərhə ehtiyac yoxdur.
Tovuz sakini həmyerlisini təpiklə vurub öldürdüTovuz rayon sakini Həsənov Aqil Ələkbər oğlunun “nazik bağırsağın zədələnməsi” diaqnozu ilə 18 oktyabr 2020-ci il tarixdə Tovuz rayon mərkəzi xəstəxanasına daxil olması, oktyabrın 20-də isə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tovuz rayon prokurorluğundan Axar.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla hadisənin zərərçəkmişin tanışı Hüseynov Bahadur Cəfər oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aqil Həsənovun qarın nahiyəsinə təpiklə zərbə vurularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilib.

Bahadur Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.