İlham Əliyev Trampın məktubundan danışdıSiz haqlı olaraq qeyd etdiyiniz kimi, biz iki mühüm tədbirin təşkilində Sizin əla avadanlığınızı istifadə etdik. Texniki nöqteyi-nəzərdən deyə bilərəm ki, hər iki tədbir çox gözəl baş tutdu, çünki bu iş asan deyildi. Əgər türkdilli dövlətlərin Sammiti cəmi bir neçə dövləti əhatə edirdisə, ikinci tədbirə gəldikdə, iştirakçılar qırxdan artıq idi. Orada, həmçinin beynəlxalq təşkilatlar var idi. Yeri gəlmişkən, ilk dəfə idi ki, Qoşulmama Hərəkatı və Avropa İttifaqı eyni tədbirdə iştirak edirdi. Əvvəllər, bu, heç zaman baş verməmişdir. Azərbaycan həmin iki mühüm beynəlxalq tədbiri başladı.

Avrasiya.net xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə videokonfransda deyib.

Dövlət başçısı bildirib:

"Təbii ki, onların hər ikisi koronavirusla və beynəlxalq səviyyədə onunla mübarizə ilə əlaqəli idi. Sizə deyə bilərəm ki, texniki dəstək əla idi. Mən bu fürsətə görə minnətdaram. Hazırda bu imkanlardan sizinlə söhbət etmək üçün istifadə edirik. Yeri gəlmişkən, sizə deyə bilərəm ki, mənim sizin əla sisteminiz vasitəsilə həmkarlarımızla, yəni, dövlət başçıları ilə artıq bir neçə söhbətim olub. Lakin bu, ilk dəfədir ki, mən şirkətin rəhbərləri ilə bu cür söhbət edirəm. Fikrimcə, xoş təsadüfdür ki, bu, CISCO-dur.

Bu, ölkələrimiz arasında çox sıx və deyərdim ki, strateji tərəfdaşlığı nümayiş etdirir. İlk bu cür söhbət apardığım şirkət Birləşmiş Ştatları təmsil edən şirkətdir. Yeri gəlmişkən, sizə deyə bilərəm ki, dünən mən Prezident Trampdan məktub almışam. O, məni və Azərbaycan xalqını qarşıdan gələn Respublika Günü münasibətilə təbrik edib. Öz məktubunda Prezident Tramp yazır ki, təxminən 30 ildir Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi, enerji təchizatının şaxələndirilməsini, siyasi islahatlar məsələlərini təmin etmək üçün birgə işləyirlər. Həmin məktubda, o, xüsusi olaraq qeyd edir ki, iki böyük dövlətimiz gələcəkdə daha çox işlər görəcək. Bu, ABŞ ilə Azərbaycan arasında dostluğun çox mühüm təzahürüdür".
Yaşar Əliyev Prezident Administrasiyasına aparıldıPrezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir müavini təyin olunub.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə Yaşar Əliyev təyinat alıb.

O, həmçinin, həqiqi hərbi xidmətə qəbul olunub və ona general-leytenant hərbi rütbəsi verilib.

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevdir.

Qeyd edək ki, Yaşar Əliyev bu təyinata qədər Azərbaycan Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb.
"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı rola malikdir"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı rola malikdir.

Bunu politoloq Ramiz Alıyev "Xalq Cəbhəsi" qəzetinə ABŞ Prezidenti Trampın Azərbaycanlı həmkarı İlham Əliyevə ünvanladığı təbrik məktubunda rəsmi Vaşinqtonun Azərbaycanla Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək naminə 30 ildir əməkdaşlıq etdiyi məqama münasibətində deyib.

Politoloq qeyd edib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olduğu artıq heç kəsdə şübhə yeri qoymur: "Azərbaycanın mavi yanacağı üçün Avropada etibarlı və uzunmüddətli bazarın təmin edilməsi, qlobal qaz bazarında ölkəmizin rolunun yüksəlməsinə əlverişli imkan yaradıb. Aparılan genişmiqyaslı işlər, nəzərdə tutulan infrastruktur layihələrinin tam başa çatdırılması deməyə əsas verir ki, Azərbaycanın mavi yanacağı Avropa üçün yeganə qaz mənbəyi ola bilər. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar və ABŞ-ın Avrasiya Enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarın təbiri ilə desək “Azərbaycan təbii qazı Cənub Dəhlizinin genişləndirilməsi üçün mütləq vacibdir.” Cənub Qaz Dəhlizi Layihəsinin təşəbbüskarı Azərbaycan olub. Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün nailiyyətdir və bu layihə Avropanın enerji təhlükəsizliyini gücləndirir.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməyə hazırdır. TANAP həm Türkiyənin, həm də Orta Şərqin ən uzun və ən böyük təbii qaz kəməri hesab olunur". Politoloq onu da vurğulayıb ki, nəticə etibarilə “Cənub Qaz Dəhlizi” layihəsi Avropa İttifaqının əsas enerji və geosiyasi təşəbbüsü olaraq qalacaq və Azərbaycan öz qazını Avropa İttifaqına ixrac etməkdə maraqlıdır. Cənub Qaz Dəhlizi layihəsinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) tamamlandıqdan sonra Azərbaycan Şahdəniz 2 yatağından çıxarılan təbii qazı TANAP və TAP vasitəsilə Avropaya ötürəcəkdir.

Onu da qeyd etmək lazımdır ki, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə işlərin 88 faizdən çoxu tamamlanıb.

R.Alıyev sonda qeyd edib ki, Azərbaycan Avropanın enerji və nəqliyyat təhlükəsizliyinin təminatında aparıcı rola malikdir. Bütün beynəlxalq ekspertlər Azərbaycanın regionda təhlükəsizlik və sabitliyin təmin olunmasındakı rolunu yüksək qiymətləndirib, ölkəmizin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində fəaliyyətini xüsusilə vurğulayıblar: "Bu ABŞ-ın da diqqətində olduğundan Azərbaycanın enerji sahəsindəki layihələrini dəyərləndirib və dəstəkləyib. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi, habelə ABŞ-ın Azərbaycanda sabiq səfiri Mətyu Brayzə region ölkələri arasında dostluq və tərəfdaşlıq münasibətlərinin, eləcə də mövcud əməkdaşlıq mexanizmlərinin vaxtilə sabiq Prezident Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi olduğunu bildirib. Bu layihələr həmçinin region əhalisinin rifahı üçün müsbət nəticələr verir. Həm region, həm də Avropa bu layihələrdən bəhrələnir".
ABŞ Azərbaycana diqqətini artırırABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə məktubu iki ölkə arasında münasibətlərin yüksək templə inkişaf etdiyinə işarədir və ABŞ-ın Azərbaycana diqqətindən irəli gəlir.

Bunu "Xalq Cəhəsi" qəzetinə ALDP sədri Fuad Əliyev bildirib. Onun sözlərinə görə, ABŞ-Azərbaycan münasibətlərində heç bir narazılıq olmayıb. ABŞ həmişə Azərbaycanın suverenliyi və müstəqilliyinin dəstəkləyib: "Trampın Prezidentimizə məktubu elə bu fikirlə başlayıb. Məktubun məzmunundan da aydın olur ki, ABŞ 30 ildir ki, Azərbaycanla bütün sahələrdə əməkdaşlıq edir, bu əməkdaşlığa kölgə sala biləcək hər hansı bir mövzu yoxdur.
Digər bir məqam isə Trampın məktubunda ABŞ-ın Azərbaycanın müstəqilliyi və suverenliyini dəstəkləməsidir. Dağlıq Qarabağ münaqişəsi başlayan andan rəsmi Vaşinqton Bakının maraqlarından çıxış edib, Azərbaycanın ərazi bütövlüyü dəstəklənib". Tramp Azərbaycan Prezidentinə məktubunda həm də beynəlxalq təhlükəsizliyin gücləndirilməsi, Avropanın enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsində Azərbaycanın rolunu və töhfələrini yüksək dəyərləndirir, bu sahələr üzrə iki ölkə arasında 30 illik əməkdaşlığı xüsusi qeyd edir: "Həqiqətən, bu istiqamətlərdə Azərbaycanın onilliklər ərzində oynadığı mühüm rol danılmazdır. Azərbaycan beynəlxalq terrorçuluq, radikalizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıq,

Əfqanıstan da daxil olmaqla dünyanın həssas bölgələrində çoxtərəfli sülhməramlı əməliyyatlara dəstək, qlobal inkişafa yardım, enerji infrastrukturlarının genişləndirilməsi kimi istiqamətlər üzrə ABŞ-la sıx əməkdaşlıq edir, öz töhfələrini verir".

F.Əliyev məktubda Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna işarə edilməsi məqamını da qabardaraq qeyd edib ki, enerji sahəsində əməkdaşlığın, eləcə də Birləşmiş Ştatların Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə davamlı dəstəyi iki ölkə arasında münasibətlərin inkişafına, regional və qlobal təhlükəsizliyə töhfələr sırasındadır: "Avropa qitəsinin enerji təminatının gücləndirilməsi üzrə həyati vacib layihələrdən biri olan Cənub Qaz Dəhlizinin uğurla reallaşdırılması ABŞ-ın və şəxsən Prezident Trampın Azərbaycana verdiyi böyük siyasi dəstəklə bağlıdır".
ABŞ–Azərbaycan əlaqələri möhkəm dayaqlara, ortaq dəyərlərə və qarşılıqlı maraqlara əsaslanırABŞ–Azərbaycan əlaqələri möhkəm dayaqlara, ortaq dəyərlərə və qarşılıqlı maraqlara əsaslanır

"ABŞ Prezidenti Donald Trampın Cənab Prezidentə təbrik məktubu göndərməsi dövlətlərimiz arası uğurlu əməkdaşlığın və ortaq dəyərlərin nəticəsidir"

Bunu "Xalq Cəbhəsi" qəzetinə Milli Məclisin üzvü Məzahir Əfəndiyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Prezident İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə ünvanladığı təbrik məktubuna münasibətində bildirib.

Millət vəkili deyib ki, məktubda ABŞ Prezidenti Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəklədiyini bildirib, dövlətimizin beynəlxalq təhlükəsizliyini gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək yönündə siyasətini rəğbətlə qarşılanıb. Eyni zamanda, məktubda xüsusilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ATƏT-in Minsk qrupu çərçivəsində həll edilməsində ABŞ-ın marağının olduğu qeyd edilib: "ABŞ Prezidenti tərəfindən göndərilən bu və bundan öncəki ənənəvi məktubların əsas məntiqi ondan ibarətdir ki, Cənab Prezidentin Azərbaycanın ərazi bütövlüyünün bərpasına, müstəqilliyinin qorunmasına və Azərbaycan xalqının sosial rifahının daha da yaxşılaşdırılmasına yönəlik idarəetmə modelinə olan dəstəyi nümayiş etdirməkdir. Nəzərinizə çatdırım ki, ABŞ – Azərbaycan əlaqələri möhkəm dayaqlara, ortaq dəyərlərə və qarşılıqlı maraqlara əsaslanır, Azərbaycan və ABŞ arasında müxtəlif sahələr üzrə mütəmadi şəkildə qarşılıqlı səfərlər, təmaslar və dialoqlar keçirilir. Eyni zamanda, Azərbaycan ABŞ-ın Cənubi Qafqaz regionunda ən iri ticarət tərəfdaşıdır".

Millət vəkili həmçinin Trampın məktubda "koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır" fikrinə də toxunaraq bildirib ki, pandemiyaya qarşı mübarizədə Azərbaycan hökumətinin apardığı siyasət dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilib: "Həyata keçirilən bütün tədbirlər əhalinin sağlamlığının, təhlükəsizliyinin qorunmasi ilə yanaşı, sosial rifahının yaxşılaşdırılması olub. Hökumət maraqlı operativlik nümayiş etdirdi. Sosial dəstək paketləri, sahibkarlarla bağlı proqramlar, neftin qiymətinin sürətlə aşağı düşdüyü bir vaxtda manatın məzənnəsini təmkinlə qoruması və cəmiyyətə özgüvənliklə “qorxmayın” mesajı verməsi ürəyəyatımlı oldu".

Millət vəkili bildirib ki, ilk növbədə diqqətəlayiq məqam Azərbaycan hökümətinin çevik və yüksək səviyyədə mövcud vəziyyətə uyğunlaşması və islahatların ardıcıl formada davam etdirilməsidir: “Burada xüsusilə qürurverici məqam isə cənab Prezidentin təşəbbüsü ilə Türkdilli Dövlətlərin videokonfrans vasitəsi ilə fövqəladə Zirvə görüşünün keçirilməsidir. Bu ölkəmizin koronavirus pandemiyasına qarşı mübarizədə nəinki milli, hətta regional və beynəlxalq səviyyədə hərəkətverici qüvvə olmaq istədiyindən və buna imkan verən potensialından irəli gəlir.
Müşavirə bir daha aydın şəkildə nümayiş etdirdi ki, makroiqtisadi sabitliyin qorunması, əhalinin məşğulluq vəziyyətinin yaxşılaşdırılması və sahibkarlıq subyektlərinin dəyə biləcək zərərin minimuma endirilməsi kimi məsələlər də daxil olmaqla əhalimizin sosial rifahının qorunması və davamlı formada yaxşılaşdırılması yönündə bütün məsələlər dövlət gündəliyində başlıca yer alır. Bu məcrada xüsusilə son dövrlər inkişaf edən kənd təsərrüfatı sahəsində mümkün durğunluğun qarşısının alınmasına yönəlik tədbirləri vurğulamaq lazımdır”.

M.Əfəndiyev Koronavirusla mübarizədə Azərbaycanın həyata keçirdiyi tədbirlərin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus tərəfindən də dəyərləndirdildiyini xatırladıb: "Baş direktor Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə bildirib ki, COVID-19 Strateji Hazırlıq və Reaksiya Planımıza dəstək verən bütün üzv dövlətlərə və tərəfdaşlarımıza təşəkkür etmək istəyirəm. 800 milyon dollara qədər maliyyə dəstəyi verilib. Xüsusilə, beş milyon dollar dəyərində yardımla bu işə öz töhfəsini verən Azərbaycan hökumətinə və xalqına təşəkkür edirəm". Əminliklə deyə bilərik ki, koronavirusla mübarizədə Azərbaycan üzüağ çıxıb".

Deputat onu da vurğulayıb ki, dünya üçün belə çətin vaxtlarda ABŞ kimi Azərbaycan da xarici ölkələrə və təşkilatlara yardım əlini əsirgəməyib: "Azərbaycan dövləti pandemiya dövründə Ümümdünya Səhiyyə Təşkilatına, Çin Xalq Respublikası, İtaliya, Özbəkistan, İran, Qırğızıstan, Tacikistan, Moldova, Serbiyaya humanitar yardım edib”.
“Dilqəmlə Şahbaz girovluqdan azad olunmalıdır” - Azay Quliyev ATƏT PA-da çağırış etdiATƏT Parlament Assambleyası “COVID-19-un ATƏT regionundakı münaqişələrə təsiri” mövzusunda vebseminar keçirib.

Avrasiya.net xəbər verir ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev çıxış edərək səfir Tuula Yrjölanı ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktoru qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib.

Azay Quliyev çıxışında bir sıra vacib məqamlara toxunub. ATƏT PA-nın vitse-prezidenti ilk olaraq BMT-nin Baş katibi Antonio Quterreşin qlobal səviyyədə atəşkəsin bərqərar olunmasına dair çağırışına münasibət bildirib.

Azay Quliyev deyib ki, Azərbaycan bu təşəbbüsü dəstəkləyir və hesab edir ki, atəşkəs münaqişənin dondurulması və ya status-kvonun gücləndirilməsinə deyil, yalnız münaqişənin həlli məqsədinə xidmət etməlidir. Odur ki, əks tərəfin Baş katibin çağırışını dəstəkləyən bəyanatları həm də yerində və ən əsası danışıqlar masası arxasında real fəaliyyətlə müşayiət olunmalıdır.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri bildirib ki, ikinci mühüm məsələ COVID-19 pandemiyası ilə əlaqədar olaraq beynəlxalq uçuşlara qoyulan məhdudiyyətlərin vasitəçilik fəaliyyətinə təsiri ilə bağlıdır: “Hər birimiz nəzərə almalıyıq ki, münaqişənin sürətli eskalasiyasına dair real risklər COVID-19-dan deyil, münaqişənin həlli prosesindəki davamlı durğunluqdan qaynaqlanır. Düşünürəm ki, müvəqqəti beynəlxalq uçuş məhdudiyyətləri beynəlxalq vasitəçilərin mandatlarını icra etmələrinə maneə törətməməlidir. Əksinə, mövcud şərait münaqişədən zərər çəkən dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığına tam hörmət əsasında münaqişələrin həll olunmasına əlavə təkan verməlidir. Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti üçün xüsusilə vacibdir”.


Azay Quliyev deyib ki, üçüncü məsələ cari vəziyyətin münaqişədən zərər çəkən ölkələrin əhalisinə təsiri ilə bağlıdır. Qeyd etmək lazımdır ki, COVID-19 qanunsuz güc istifadəsi nəticəsində yaranan vəziyyəti beynəlxalq hüquq normalarına əsasən dövlətlərin qanuni tanımaması öhdəliyinə təsir göstərmir və bu vəziyyətin qorunmasına yardımın ayrılması üçün heç bir səbəb doğurmur: “Həmrəylik çağırışlarına əsaslanaraq, hesab edirəm ki, COVID-19 pandemiyasına qarşı mübarizə siyasiləşdirilməməlidir. Yuxarıda qeyd etdiklərim əsir və girovlarla bağlı vəziyyətə də şamil olunmalıdır”.


ATƏT PA-nın vitse-prezidenti çıxışında vurğulayıb ki, Ermənistanın girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsi xüsusilə koronavirus pandemiyası dönəmində Azərbaycan xalqında ciddi narahatlıq doğurur: “Çox narahatlıqla bildirirəm ki, bu iki azərbaycanlı mülki şəxs 6 ilə yaxındır Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qanunsuz girov saxlanılır, onların sağlamlıq durumlarını ciddi şəkildə ağırlaşdıran işgəncələrə və qeyri-insani rəftarlara məruz qalır.

Təəssüf ki, Azərbaycanın müvafiq təşəbbüslərinə baxmayaraq Ermənistan hələ də rəsmi Bakının əsir və girovların “hamının-hamıya” prinsipi əsasında mübadiləsi təklifinə dürüst ölkəyə xas olmayan şəkildə məhəl qoymur.

Fürsətdən istifadə edib səfir Tuula Yrjöladan xahiş edirəm ki, müvafiq beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq bütün əsir və girovların təhlükəsiz şəkildə geri qaytarılması məsələsini öz fəaliyyəti zamanı daim diqqət mərkəzində saxlasın”.

Azay Quliyev bildirib ki, dövlətlər, beynəlxalq təşkilatlar və bütün digər maraqlı tərəflərin humanitar yardım tədbirləri yalnız humanitar xarakter daşıyır və neytrallıq, qərəzsizlik və münaqişədən zərər çəkən dövlətlərin razılığı prinsiplərinə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, eləcə də dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və milli birliyinə tam hörmət çərçivəsində həyata keçirilməlidir.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri koronavirus pandemiyasının misilsiz miqyasda yayılmasına və ümumilikdə ictimai qaydaların və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozuntusu olmasına baxmayaraq martın 31-də Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə keçirilən qondarma “seçkilər” məsələsinə də münasibət bildirib.

Azay Quliyev deyib ki, məhz bu “seçkilər”dən dərhal sonra işğal edilmiş ərazilərdə koronavirusa ilk yoluxma faktı qeydə alınıb: “Bu, uzaqgörənliyi olmayan siyasətin ictimai səhiyyəyə necə təhlükə yarada biləcəyinin klassik nümunəsidir. Bildiyiniz kimi, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki bu qanunsuz və qondarma “seçkilər” ATƏT-in Minsk Qrupu həmsədrləri də daxil olmaqla bütün beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə rədd edildi. Bu bir daha göstərdi ki, Ermənistanın işğalçılıq siyasətinin siyasi perspektivləri yoxdur və Ermənistan bunu ən tez zamanda anlamalıdır”.

ATƏT PA-nın vitse-prezidenti koronavirus böhranının insan hüquqlarının pozulması üçün sui-istifadə edilməməsinin əhəmiyyətini qeyd edən və beynəlxalq səviyyədə tanınmamış Dağlıq Qarabağ və Abxaziyada keçirilən qondarma “seçkilər”in qanunsuz olduğunu və ictimai səhiyyəyə təhlükə yaratdığını vurğulayan ATƏT Parlament Assambleyası Bürosunun üzvlərinə təşəkkürünü bildirib.
DSX-nin rəis müavini işdən çıxarıldıGeneral-leytenant Əfqan Vəli oğlu Nağıyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini vəzifəsindən azad edilib.

Avrasiya.net xəbər verir ki, Prezident İlham Əliyev mayın 15-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, mayın 13-də Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini, general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.
Vilayət Eyvazov məşhur generalı vəzifədən AZAD ETDİDaxili İşlər Nazirliyində növbəti kadr islahatları aparılıb.

Avrasiya.net xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyev tutduğu vəzifədən azad edilib.

Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, Y. Əliyev 2011-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisidir. O, daha əvvəllər Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini işləyib və həmin vəzifədə daha məşhur idi.

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilibAzərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

MŞ sədrinin müavini, komissiya sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. O qeyd edib ki, MŞ-yə daxil olan şikayətlərin bir qismi mübahisəli xarakter daşıdığı üçün komissiyanın geniş tərkibdə müzakirə keçirməsinə zərurət yaranıb.

Komissiya əvvəlcə Bakı şəhər sakini, taykvondo üzrə Avropa çempionu Fəridə Əzizovanın “Open.az” saytına, “Report” İnformasiya Agentliyinə və digər 50 xəbər saytına qarşı şikayətini araşdırıb.

Müşfiq Ələsgərli məlumat verib ki, şikayət olunan və şikayətçi arasındakı mübahisəli durum 1 il yarım ərzində davam edib, Şikayətlər üzrə Komissiyası məsələnin həlli üçün çalışıb. Belə ki, Komissiyanın 15 yanvar 2019-cu il və 5 fevral 2019-cu il tarixli iclaslarında məsələ şikayətçilər Fəridə Əzizova, onun qohumu Aysel İsgəndərova və “Open.az” saytının redaktorunun iştirakı ilə müzakirə edilib. Həmin vaxt qeyd edilən KİV-lərdə Fəridə Əzizova və onun qohumu Aysel İsgəndərova barədə yayılan xəbərlərdə ciddi xətalara yol verildiyi, informasiyanın qondarma arqumentlər üzərində qurulduğu, dəqiqləşdirmə üçün cəhd göstərilmədiyi, qarşı tərəfin rəyinin öyrənilmədiyi müəyyən edilib. Yol verilmiş xətalar KİV qurumları rəhbərlərinin diqqətinə çatdırılıb.

Xəbərin ilkin yayıcısı olan “Open.az” saytının redaktoru təkzib verməyə, həmçinin, qarşı tərəfin mövqeyini işıqlandırmağa razılıq verib. Razılaşma barədə MŞ-nin açıqlaması yayılıb, ölkə KİV-lərində dərc edilib. Lakin sonradan bir sıra digər xəbər saytları “Kütləvi informasiya vasitələri haqqında” Qanunun tələblərini pozaraq barəsində təkzib verilmiş xəbəri yenidən tirajlayıblar. Həm də bu hərəktlərini “Open.az” saytına və “Report” İnformasiya Agentliyinə istinad etməklə əsaslandırmağa çalışıblar. Bununla da şikayətçinin hüquqları yenidən pozulub.

İclasda iştirak edən “Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev barəsində təkzib verilmiş materialın yenidən digər saytlarda tirajlanmasına məsuliyyət daşımadıqlarını bildirib. Çünki qeyd edilən informasiyalar hər iki agentliyin xəbər lentindən götürülüb. Murad Əliyev buna rəğmən beynəlxalq yarışlarda Azərbaycan bayrağını dalğalandıran idmançıya qarşı informasiya təxribatlarının dayandırılmasına dəstək verməyi özünə mənəvi borc saydığını vurğulayıb.

İclasda razılaşdırılıb ki, həm MŞ, həm də “Report” İnformasiya Agentliyi adından Fəridə Əzizova barədə yanlış xəbəri təkrar dərc edən KİV-lərə müraciət edilsin; Fəridə Əzizova barədə yaydıqları xəbərin qüsurlu olduğu, qarşı tərəfin rəyi öyrənilmədən hazırlanıldığı, barəsində təkzib verildiyi onların diqqətinə çatdırılsın.

Komissiya üzvləri Xəzər Rayon İcra Hakimiyyətinin “Arama” jurnalının baş redaktoru Mahir İmanova qarşı şikayətini də araşdırıblar. Bəlli olub ki, jurnal “KİV haqqında” Qanunun 28-ci maddəsinə zidd olaraq istinad məlumatlarını dəqiq təqdim etməyib. “Arama”nın elektron ünvanı, mobil əlaqələri, digər rekvizitləri əlçatan olmadığından, onunla müzakirələr aparmaq imkansız olub. Şikayətçiyə tövsiyə olunub ki, öz hüquqlarını digər müstəvilərdə təmin etsin.
65 yaşdan yuxarı insanlara tətbiq olunan QADAĞA götürülür65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa aradan qaldırılır.

Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, qadağanın ləğvi 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə tətbiq ediləcək.

Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir.

Eyni zamanda, insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.