Prezidentdən tibbi maskalarla bağlı XƏBƏRDARLIQ:  “Möhtəkirlər öz qanunsuz gəlirlərini artırmaq istəyirlər”
"Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşayiət olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir".

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev Goranboy Mərkəzi Rayon Xəstəxanasının açılışında çıxış edərkən bildirib.

"Ona görə bir daha Azərbaycan ictimaiyyətini əmin etmək istəyirəm ki, Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür. Bu günə olan mənzərəyə görə, narahatlığa heç bir ciddi əsas yoxdur. Karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ ki, heç bir xəstəlik əlaməti aşkarlanmayıb. Əgər onların sağlamlığı normal olarsa, lazımi müddətdən sonra evlərinə buraxılacaqlar. Hesab edirəm ki, bu günə qədər bu məlumat kifayətdir. Eyni zamanda, göstəriş verilib ki, bu məsələ ilə bilavasitə məşğul olan bütün səhiyyə orqanlarının nümayəndələri - Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi müntəzəm olaraq vətəndaşları məlumatlandırsınlar",- deyə dövlət başçısı qeyd edib.
Prezident koronavirusla mübarizə üçün 10 milyon manat ayırıb "Hazırda dünya gündəliyini zəbt edən koronavirus məsələsidir və demək olar ki, bütün ölkələrdə bu məsələ müzakirə olunur. Azərbaycana gəldikdə, deyə bilərəm ki, vəziyyət nəzarət altındadır və mənim göstərişimlə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb. Eyni zamanda, göstəriş vermişəm, əlavə 10 milyon manat vəsait ayrılsın ki, lazımi tədbirlərin görülməsi daha sürətlə aparılsın. İranda qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün xüsusi tədbirlər həyata keçirilir. Onların həm quru sərhəddən, həm də hava nəqliyyatı vasitəsilə Azərbaycana gətirilməsi təmin ediləcək. Ancaq hər kəs anlamalıdır, onlar lazım olan müddət ərzində karantində qalmalıdırlar ki, Azərbaycanda xəstəlik yayılmasın". Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev Goranboy Mərkəzi Rayon Xəstəxanasının açılışında çıxış edərkən bildirib. Dövlət başçısı qeyd edib ki, məktəblərin, ali məktəblərin, uşaq bağçalarının müvəqqəti olaraq bağlanması haqqında müvafiq göstərişlər verilib: "Bunun da məqsədi uşaqları, yeniyetmələri o xəstəlikdən qorumaqdır. Yəni bütün lazımi tədbirlər görülür. Azərbaycanda bu xəstəliyin bu günə olan məlumata görə, yayılması ehtimalı o qədər də yüksək deyil. Ancaq deyə bilərəm ki, gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıbdır. Onu da deyim ki, heç bir ölkə bu günə qədər yükdaşımalarının həyata keçirilməsinə məhdudiyyət qoymayıbdır, o cümlədən Azərbaycan da. Bildiyiniz kimi, Azərbaycan tranzit ölkədir və biz uzun illər çalışırdıq ki, öz tranzit potensialımızı genişləndirək, buna nail ola bilmişik. Heç bir tranzit yüklər üçün məhdudiyyət qoyulmur. Ancaq biz bu sahəyə də xüsusi diqqət göstərərək tranzit yüklərin, xüsusilə Cənub istiqamətindən ölkəmizə daxil olan, həm Azərbaycan istehlakçıları, həm də qonşu ölkələrin istehlakçıları üçün lazımi yüklərin çatdırılması ilə bağlı mütəşəkkil qaydada işlər aparılır, müvafiq yük maşınlarından ibarət xüsusi kolonlar formalaşdırılır, polis müşayiəti təmin edilib. Eyni zamanda, göstəriş vermişəm, xarici sürücülərə yemək təqdim edilsin ki, onlar idarə etdikləri maşınlardan tez-tez çıxıb ictimai yerlərə getməsinlər. Yəni hər bir xırdalığa qədər düşünülmüş addımlar atılır, bunun da məqsədi Azərbaycan vətəndaşlarını bu xəstəlikdən qorumaqdır. Bu günə qədər bizim bütün addımlarımız uğurla nəticələnib. Biz daim Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq və xəstəliyi aşkar etmək üçün testlərin ölkəmizə gətirilməsi ilə bağlı işlər aparılır, bu məsələ öz həllini tapır"
Mobil telefonlarda koronavirus təhlükəsiKoronavirusun lazımınca dezinfeksiya olunmamış smartfonun ekranında bir həftə yaşaya biləcəyi açıqlanıb.

Southampton Universitetinin professoru Uilyam Kivill yalnız əlləri yumaqla virusun yayılmasının dayandırılmayacağını qeyd edib: “Əllərinizi yuyandan sonra telefonun ekranına, sonra da üzünüzə toxunursunuzsa, yoluxmaq ehtimalınız xeyli artmış olur”.

Həmçinin Vaterloo Universitetinin professoru Piter Holl da smartfonu mikroorganizmlər yetişdirildiyi Petri nimçələrilə müqayisə edərək istifadəçiləri gündə iki dəfə telefon ekranını təmizləməyə çağırıb.

Səhiyyə ekspertlərinə görə, virusdan qorunmaq üçün spirtli salfetlər daha səmərəlidir.

“Discout”a görə, insan gündə orta hesabla 2 660 dəfə telefonunu götürür. Belə ki, öskürək, asqırmaq, hətta adi tənəffüs nəticəsində islanmış ixtiyari əşya potensial olaraq təhlükə mənbəyinə çevrilə bilər./Report

Azərbaycan diaspor təşkilatlarından birgə BƏYANATAvropa Azərbaycanlıları Konqresinin,
Niderland və Belçika Azərbaycanlıları Koordinasiya Şurasının

B Ə Y A N A T I

Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında 22 fevral 2020-ci il tarixində 30-dan çox ölkədən gəlmiş azərbaycanlıların və dost xalqların nümayəndələrinin iştirakı ilə keçirilən mitinqdə 1300-dən çox soydaşımız iştirak edib.

Avropa Azərbaycanlıları Konqresi (AAK), Niderland və Belçika Azərbaycanlıları Koordinasiya Şurası olaraq bəyan edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Münhen Təhlükəsizlik konfransında işğalçı Ermənistan rəhbərini tutarlı faktlarla susdurması soydaşlarımıza yeni bir ruh verib, bütün ölkələrdən onların Berlinə axınını təşviq edib.

Branderburq qapılarının önündə Paris meydanında mitinqin keçirilməsinin isə ayrıca siyası əhəmiyyəti var. Ona görə ki, dünyanın aparıcı dövlətlərinin – Amerika, Rusiya, Fransa və s. ölkələrin diplomatik korpusları burada yerləşir və mitinqdə səsləndirilən şüarları birbaşa eşidə bilirlər.
AAK idarə heyəti və Koordinasiya Şurasının əlaqələndiriciləri, üzvləri mitinqdə fəal iştirak edib. AAK rəhbəri Sahil Qasımov isə mitinq vaxtı BMT-nin 58-ci sesiyasında iştirak etmək üçün Nyu-Yorkda rəsmi səfərdə olub və Almaniyada keçirilən mitinqdə iştirak etməyib.
Ümummilli məsələlərdə soydaşlarımızın birliyinin bariz nümunəsi olan Berlin mitinqi Azərbaycan dövlətinin uğurlu diaspor siyasətinin, Koordinasiya Şuralarının fəaliyyətinin, müxtəlif ölkələrdə Azərbaycan evlərinin, Qarabağ məktəblərinin yaradılmasının məntiqi nəticəsidir.

Mitinq iştirakçıları 17 dildə "Qarabağ Azərbaycandır!", "Biz terrora yox deyirik", "Azərbaycan ədalət tələb edir!", "Xocalıya biganə qalma!", "Dinc və günahsızların qatillərinə ar olsun!", "Erməni yalanlarına dur de!", "İşğalı dayandırın!", "Qarabağ haqqımızdır!" kimi şüarlarla beynəlxalq təşkilatlara çağırış ediblər.

Təbii ki, “Xocalıya ədalət!” tələbi ilə keçirilən uğurlu aksiyadan sonra mitinqdən qayıdan insanların avtobusda rəqs etmələri arzu edilən deyil və Xocalı faciəsi ilə bir araya sığmır. Bununla belə, qəbul ediləndir ki, uzun yolçuluq, saatlarla ayaqüstə qalmaq, müxtəlif dillərdə 10-larla şüarlar səsləndirmək kimi işlərdən sonra yorğunluğu azaldan, insanda müsbət əhval-ruhiyyə yaradan hərəkətlərin edilməsi mümkündür və bəzən hətta zəruridir.

Mitinqində soydaşlarımızlın kütləvi iştirakının erməniləri narahat etdiyi bir vaxtda, ermənilərin törətdiyi Xocalı soyqırımını kənara qoyub, azərbaycanlıların belə bir məsələni müzakirə predmetinə çevirməsi təəssüf doğurur və utancvericidir.

Qeyd etmək istəyirik ki, nə AAK, nə də Koordinasiya Şurası hər hansı insanın hərəkətləri üçün məsuliyyət daşımır və heç bir günahı yoxdur.

Biz – AAK və Koordinasiya Şurası olaraq, soydaşlarımıza mitinqdə kütləvi iştiraka görə təşəkkür edir, bütün soydaşlarımızı ümummilli məsələlərdə birliyə və birgə fəaliyyətə səsləyirik.
Pakistandan Türkiyəyə dəstək: Yanınızdayıq!
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın Baş naziri İmran Xan arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı İdliblə yanaşı Avropaya axın edən qaçqın məsələsi də müzakirə edilib.

İ.Xan İdlib və qaçqın məsələsində Pakistanın Türkiyənin yanında olduğunu bildirib.
Azərbaycanda itin gözlərini çıxardılar - FOTO
Azərbaycanda naməlum şəxs tərəfindən heyvana qarşı ağlasığmaz hərəkətlər edilib.

Avrasiya.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Paylaşımda hadisənin harada baş verdiyi qeyd olunmasa da, işgəncələrə məruz qalmış itin Sabunçu rayonu Balaxanı qəsəbəsi yaxınlığında tapıldığı bildirilib. Heyvanın fotoları görənləri dəhşətə gətirib.

Naməlum şəxs və ya şəxslər itin gözlərini çıxarıb, ona ağır işgəncələr veriblər. Heyvanı tapan şəxslərin sözlərinə görə, itin cinsiyyət orqanı kəsilib.
Azərbaycanda itin gözlərini çıxardılar - FOTO
Ölkədə buna bənzər hadisələr qeydə alınır. Lakin belə hərəkət edənlər barəsində ciddi tədbirlər görülmür.

Məsələ ilə bağlı “Azərbaycan Heyvanları Mühafizə Cəmiyyəti”nin sədri Azər Qarayev ilə əlaqə saxladıq. Onun sözlərinə görə, heyvanlara qarşı edilən belə qəddar hərəkətlər artır:

“Təəssüf edirəm ki, cəmiyyətimizdə belə vəhşi, insanlığa sığmayan hadisələr baş verir. Fərd olaraq belə hadisələrə səssiz qalmaqla, əslində özümüz də günahkarıq. Bunu törədən canlıya insan demək olmaz”.

A.Qarayevin sözlərinə görə, ölkədə heyvanların mühafizəsi ilə bağlı müvafiq qanun layihəsi hazırlanmalıdır:

“Bütün bunlar ildən-ilə ona görə acınacaqlı hal almağa başlayır ki, Azərbaycanda heyvanların mühafizəsi üçün qanun qəbul edilməyib. İnzibati Xətalar Məcəlləsində heyvanlara qarşı törədilən hər hansı qəddarlığa görə, 500 manata qədər cərimə nəzərdə tutulub.
“İnzibati Xətalar Məcəlləsi - maddə 274 - Heyvanlarla rəhmsiz rəftar edilməsi

Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir”

Lakin qanunun işlək mexanizmi yoxdur. Hüquq-mühafizə orqanları bu kimi hallara göz yumurlar. Biz 10 il əvvəl dövlətə heyvanların mühafizəsi ilə bağlı qanun layihəsi təqdim etmişik. Amma bu qanun indiyə kimi qəbul olunmayıb.

İndi bu heyvanın müalicəsini kim öhdəsinə götürəcək? Onun aqibəti necə olacaq? Sizcə o, bu halda küçədə yaşaya biləcəkmi? Təəssüf ki, yox. Nə qədər ki, heyvanlara qarşı qəddarlıq göstərən şəxslər cinayət məsuliyyətinə cəlb olunmayıb, bu hadisələrin qarşısı da alınmayacaq”.

Xatırladaq ki, it heyvansevərlər tərəfindən Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinə (AARC) aparılıb.
Elşad Hacıyevi ölümlə hədələyən şəxsə hökm oxundu
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyevi sosial şəbəkədə ölümlə hədələyən, 1984-cü il təvəllüdlü Quliyev Fərid Novruz oğlu barəsində hökm çıxarılıb.

E.Hacıyevin vəkili Cavid Cəfərovun "Yeni Sabah"a verdiyi məlumata görə, bu gün Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Fərid Quliyev Cinayət Məcəlləsinin 134.1 (ölümlə hədələmə) və 228.1-ci ( qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinərək 2 il 3 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

C.Cəfərov həmçinin bildirib ki, Fərid Quliyev psixiatrik xəstəxanada qeydiyyatda olduğundan hakim onun barəsində qeyd etdiyimiz kimi hökm çıxarıb: "Ali təhsilli olan Fərid Quliyev son söz zamanı törətdiyi əməldən peşman olduğunu bildirib. Bu əməlini anlaqsız olması ilə əlaqələndirib. Hakim isə onun tutulduğu gündən bu günə kimi cəza çəkdiyi 4 ay 4 günü həbsindən çıxaraq, Nəsimi rayon İcra və Probasiya şöbəsinə yönləndirib. 20 gündən sonra isə hökm qanuni qüvvəyə mindikdə onun azadlığının məhdudlaşdırılması cəzası başlayacaq".

Xatırladaq ki, Fərid Quliyev ötən ilin noyabr ayında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həbs olunub və bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb: ""Evez VAhidoviç" adlı sosial şəbəkə istifadəçisi "facebook" sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə E.Hacıyevin öldürülməsinə görə 10 min manat məbləğində pul mükafatı verəcəyini vəd edib. Qeyd olunan hərəkətlərdə öldürməklə hədələmə əməlinin tərkib əlamətləri olduğundan fakta görə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsi ilə cinayət işi başlanılaraq zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkədə qeyd olunan statusları yazan şəxsin Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Fərid Quliyev olması müəyyən edilib və saxlanılıb. Yaşadığı evə baxış zamanı oradan 1 ədəd təklüləli yivsiz ov tüfəngi və "Makarov" tipli tapançaya aid 4 ədəd patron aşkar olunaraq götürülüb. İlkin dindirmə zamanı F.Quliyev qonşusu Əvəz Muxtarovun 2017-ci ildə 50 manat pulunu alıb qaytarmadığına görə qisasçılıq zəminində onun adına saxta profil açaraq həbsinə nail olmaq üçün qeyd olunan məzmunda paylaşım etdiyini etiraf edib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə F.Quliyev barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Elşad Hacıyevi ölümlə hədələyən şəxsə hökm oxundu

Azər İsrafilov

Yenisabah.az
“Bu şəhərdə”nin konserti koronavirusa görə təxirə salındı
“Bu şəhərdə”nin konsert proqramı təxirə salınıb.

Avrasiya.net xəbər verir ki, martın 28, 29, 30 və 31-nə nəzərdə tutulan konsert koronavirusa görə təxirə salınıb.

Bu barədə aktyorlar və “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov məlumat verib.

“Xanımlar və cənablar, “Bu şəhərdə”nin mart ayına nəzərdə tutulmuş “CanaVar” adlı konserti koronavirusa görə təxirə salınıb. Aparılan profilaktik tədbirlərə görə konsert may ayının sonuna keçirilib.



Konsertə olan biletlərin hamısı etibarlıdır. Konsert may ayının 28, 29, 30 və 31-i Heydər Əliyev Sarayında keçiriləcək”, - deyə Müşfiq Abbasov bildirilib.
İki xəstəxanaya direktor təyin edilibTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) iki xəstəxanaya direktor təyin edib.

TƏBİB-dən Avrasiya.net-ə verilən məlumata görə, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Əliyev Ramiz Bəylər oğlu “Neftçala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə, Azadxanov Elnur Ramazan oğlu “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, TƏBİB tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur. TƏBİB-in fəaliyyətinin əsas məqsədi, tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir.


Tramp Ərdoğanın istədiyi silahı göndərir – ABŞ mediası
ABŞ-ın Suriya üzrə ali nümayəndəsi Ceyms Cefrinin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə səfəri çərçivəsində bu ölkənin Milli Müdafiə naziri Hulusi Akarla görüşüb.

Axar.az xəbər verir ki, C.Cefrinin Türkiyə səfəri ABŞ mediasının diqqət mərkəzində olub. Medianın iddiasına görə, Cefrinin ziyarəti “Patriot” hava müdafiə sistemləri ilə əlaqəlidir:

“ABŞ Prezidenti Donald Tramp Türkiyəyə “Patriot” sistemlərini göndərmək istəyir. Ancaq müxalifət etiraz etdiyi üçün bunun başqa yollarını axtarır. Yəni “Patriot”ları Türkiyəyə birbaşa göndərməyəcək. NATO formulundan istifadə edəcək. Tramp Alyansın köməkliyi ilə “Patriot”ları Türkiyəyə verəcək”, - məlumatda bildirilir.

Qeyd edək ki, Tramp Ərdoğanla son telefon danışığında “Patriot” sistemlərinin göndərilməsinin də müzakirə edildiyini bildirmişdi.