Qızıl almaq istəyənlərin nəzərinə! - Gələn ilin QİYMƏTLƏRİ

Bu il Azərbaycanda və dünya bazarlarında qızılın qiymətində son aylarda müşahidə olunan ciddi artım investorların diqqətini yenidən bu aktivə yönəldib.

Qlobal inflyasiya təzyiqləri, geosiyasi risklər və Mərkəzi Bankların artan qızıl alışları növbəti il üçün də qiymətlərin yüksək dəyişkənliklə müşahidə olunacağını göstərir.

Analitiklərin əksəriyyəti 2026-cı ildə qızılın dəyərinin əsasən yüksəliş tendensiyasını qoruyacağını, lakin kəskin dalğalanmaların istisna olmadığını bildirir.

Qeyd edək ki, qızılın qiymətinin artması alıcıları da bu aktivə yönəlməyə həvəsləndirib. İndi isə alıcılar gələn illə bağlı proqnozları araşdırır, qızıl alıb-almamağa qərar vermək istəyirlər.

Modern.az-a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov qeyd edib ki, 2025-ci il qızıl üçün tarixdə ən yüksək qiymət hədlərinin müşahidə olunduğu dövr olub. Onun sözlərinə görə, hazırkı unsiya dəyərinin 4 200 ABŞ dollarına qədər yüksəlməsi qısamüddətli dalğalanmanın deyil, artıq formalaşmış yeni iqtisadi və maliyyə reallığının göstəricisidir.

O, qiymət artımını şərtləndirən əsas faktorları belə izah edib:

“Federal Rezervin yumşalma mərhələsinə keçidi, faiz endirimlərinə hazırlıq və dolların real gəlirlərinin zəifləməsi qızıla tələbi artırır; bir sıra ölkələrin rekord həcmdə qızıl alışı, xüsusilə Asiya və Yaxın Şərq regionlarında ehtiyat strukturlarının dəyişdirilməsi bazarda əlavə tələb yaradır; həmçinin qızıl ETF-lərinə və fiziki qızıla investisiya marağının yüksəlməsi qiymətlərin artım trayektoriyasını gücləndirir”.

R.Əmircanov diqqətə çatdırıb ki, bu il qızılın qiymətində müşahidə olunan yüksək artımlar həm dünya bazarlarında, həm də paralel olaraq Azərbaycanda özünü göstərdi və bu dinamika təsadüfi xarakter daşımır.

“Bu prosesə təsir edən əsas amillərin gələn il də aktuallığını qoruyacağı nəzərə alınarsa, 2026-cı ildə qızıl qiymətlərində yüksəliş meylinin davam edəcəyi gözlənilir.

Mövcud göstəricilər nəzərə alınaraq, 2026-cı ilin əvvəli və ortalarında bazar dinamikasına əsasən qızılın qiymətinin 4 400–4 700 ABŞ dolları intervalında qərarlaşması ən real ehtimal kimi qiymətləndirilir. Qızılın kəskin ucuzlaşması gözlənilmir və qiymətlərin 2025-ci ilin yüksək orta səviyyəsindən aşağı düşməsi perspektivi real görünmür”.

O, eyni zamanda bildirib ki, qızılın unsiya qiymətinin yüksək qalması yerli bazara bir neçə istiqamətdə təsir göstərir və bu təsirin 2026-cı ildə də davam edəcəyi gözlənilir:

“İlk növbədə, xammal kimi qızılın bahalaşması zərgərlik məmulatlarının maya dəyərini artırır ki, bu da hazır məhsulların daxili satış qiymətlərinə birbaşa şəkildə yansıyır. Bu proses xüsusilə iri həcmli və yüksək əyar qızıl məmulatlarında daha qabarıq hiss olunur.

Bazarın digər tərəfi istehlakçı davranışı da müəyyən dəyişiklik göstərir. Son illər müşahidə olunan investisiya yönümlü alıcılıq, yəni vətəndaşların qızılı təkcə zinət əşyası kimi deyil, həm də kapitalın qorunması vasitəsi kimi qiymətləndirməsi 2026-cı ildə də artan dinamika ilə davam edə bilər. “Külçə” və “sikkə” kateqoriyalı məhsullara tələbin yüksəlməsi həm qiymətlərin davamlı artım tendensiyası, həm də qlobal iqtisadi qeyri-müəyyənlik şəraitində riskdən yayınma meyli ilə bağlıdır”.

Rövşən Əmircanovun sözlərinə görə, qızıl bahalaşdıqca bazarın strukturunda müəyyən dəyişikliklər də müşahidə oluna bilər:

“Zinət əşyalarından daha çox investisiya məqsədli qızıl məhsullarına üstünlük verilməsi pərakəndə satışın tərkibini dəyişdirə və orta qiymət seqmentində yeni trendlərin formalaşmasına səbəb ola bilər.

Qızılın investisiya dəyəri isə onun qısa deyil, əsasən orta və uzunmüddətli xarakterindən irəli gəlir. Bu aktiv inflyasiyadan qorunma, dolların real dəyərinin azaldığı dövrlərdə dəyər artımı, geosiyasi dalğalanmalar fonunda sabitlik və maliyyə portfellərinin riskdən qorunan şəkildə balanslaşdırılması baxımından önəmli rol oynayır”.

Sədr müavini həmçinin vurğulayıb ki, qısamüddətli dalğalanmalar mümkün olsa da, lakin 12–24 aylıq perspektivdə qızılın yüksəliş trendini qoruması ehtimalı yüksək qiymətləndirilir:

“Bu səbəbdən həm maliyyə institutları, həm də fərdi investorlar üçün portfellərdə qızılın müəyyən payla təmsil olunması kapitalın dəyərinin qorunması və risklərin azaldılması baxımından məqsədəuyğun hesab olunur. Ümumi beynəlxalq praktika göstərir ki, portfellərin kiçik, lakin sabit bir hissəsinin qızıl və ya qızıl məmulatları ilə diversifikasiya edilməsi uzunmüddətli maliyyə davamlılığını dəstəkləyən effektiv yanaşmalardan biridir”.

Son olaraq iqtisadçı ekspert onu da əlavə edib ki, 2026-cı ildə qızılın bazar istiqamətinin yeni tarixi rekordların davam etməsi ilə müşayiət olunacağını deməyə əsas verən amillər mövcuddur:

“Fundamental faktorlar dəyişməz qalarsa, qiymətlərin 4 400–4 700 ABŞ dolları aralığında qərarlaşması daha real görünür. Qlobal risklərin davam etdiyi bir şəraitdə qızıl strateji investisiya aləti kimi öz aktuallığını qorumaqda davam edəcək”,- deyə R.Əmircanov qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər