Allahın buyurduğu kimi yaşamaqdan zövq alan insan
![]()
Onu Cəlilabadda Rafiq kimi tanısalar da, biz Sumqayıt uşaqları Tariyel kimi tanıyırıq. Gözəl bir kişinin- el ağsaqqalrımızdan olmuş, rəhmətlik Hacı Dilavər Abışovun yadigarlarındandır. Mərhum anası Hacı Xanı ananın necə müdrik qadın olduğunu hələ də unutmamışıq. Əsl xanım, nur üzlü, mərhəmətli insan idi. Hər dəfə xatırlananda hər ikisinin- həm Hacı Dilavər kişinin və həm də Hacı Xanı xanımın ruhuna Allahdan rəhmətlər dilənilir...
...Sakit, istiqanlı, bacarıqlı, xeyirxah insandır Rafiq. Sumqayıtda doğulub həddibuluğa çatsa da, erkən gəncliyindən taleyini Cəlilabad rayonunun Göytəpə şəhərinə bağlayıb. İş adamıdır, yaşadığı şəhərdə böyük nüfuz qazanıb. Göytəpədə ağsaqqal, mehriban, mərhəmətli adam kimi tanınır. İmkansızlara əl tutmaqdan, Allahın buyurduğu kimi yaşamaqdan zövq alır. Yaxşı dostları var, xeyli ləyaqətli insanları başına toplaya bilib. Onların arasında yazıçılar da, iş adamları da, sadə insanlar da var. O qədər saf insandır ki, ünsiyyətdə ilk sözü, son kəlməsi də “CAN” olur...
Rafiq həm də gözəl ailə başçısıdır. Üç oğul, bir qızın atasıdır. Böyük oğlu Tofiq İqtisadiyyat Universiteti bitirib, hazırda iş adamıdır. Ortancıl oğlu Əli Ankara Dövlət Yıldırım Bəyazit Tibb Universitetinin beşinci kurs tələbəsidir, təhsilini ingilis dilində alır. Yaşca kiçik oğlu Camal Azərbaycanda İqtisadiyyat Universitetini bitirdikdən sonra, Fransada da ikinci ali təhsil alıb. Sonra Belçkada magistr təhsili alaraq orada qalıb. Hazırda Beliçkadakı məşhur Manuchar şirkətində, kredit-risk maliyyə analisti vəzifəsində çalışır və həmin şirkətdə yeganə azərbaycanlıdır. Qızı Günay xanım isə ailəlidir, iki övlad anasıdır...
...Bu yazıda onu Kərbəlayi Rafiq kimi qələmə vermək istəyirdim. Qəti etiraz edib dedi ki, mən Kərbəlada Allaha, dinimə olan məhəbbətimə görə ziyarətdə olmuşam. İçimdən gəlib, mən də icra etmişəm. “Kərbəlayi” titulunu özümə qalxan edib, bu adın möhtəşəmliyi altında gizlənmək istəmirəm. Bu, mənimlə Allahın arasında olan bir eşqdir. Bu eşqi O, qəbul edirsə bəsimdir...
Rafiq ikinci Qarabağ müharibəsində də fədakarlıq göstərib. Cəbhəyə xeyli yardım yollayıb. İndi də şəhid ailələrindən, qazilərdən dəstəyini əsirgəmir...
Bu gün-dekabrın 8-i Rafiq Abışovun 63 yaşı tamam olur. Ona uzun ömür, möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram...
Hörmətlə, Elman Eldaroğlu
