"Konstitusiya və Suverenlik ili çərçivəsində" Konstitusiya etüdləri" || yazı
AZƏRBAYCAN KONSTİTUSİYASINDA DÖVLƏT SUVERENLİYİ:
HÜQUQİ TƏMƏL, DOKTRİNAL PARADOKSLAR VƏ MÜASİR TƏTBİQ SAHƏLƏRİ
Dövlət suverenliyi Azərbaycan hüquqi-siyasi nizamında çox vaxt öz-özünə aydın prinsip kimi təqdim olunur. Sanki mübahisə mövzusu deyilmiş kimi. Halbuki hüquq elmi suverenliyi heç vaxt yekdilliklə qəbul etməyib. Müxtəlif hüquq məktəbləri Austin və Kelsendən tutmuş Carré de Malberg və Schmitə qədər suverenliyin mənbə, forma, çərçivə və tətbiq problemlərini tamamilə fərqli şəkildə şərh ediblər. Azərbaycan Konstitusiyası da bu ziddiyyətlərin içindən keçərək formalaşıb: həm tarixi dövlətçilik ənənəsi, həm postsovet hüquqi reallıq, həm də müasir beynəlxalq hüquq sisteminin yaratdığı təzyiqlər bu mətnə iz salıb.
Yazıda Suverenlik yalnız prinsip kimi deyil, konstitusion mexanizm, normativ sərhəd, faktiki hakimiyyət və müasir təhlükəsizlik konfiqurasiyasının elementi kimi təhlil edilməyə cəhd edilib.
Mənbə və forma: Xalq iradəsindən dövlət iradəsinə keçidin hüquqi anatomiyası
Konstitusiyanın 1-ci maddəsi xalqı “hakimiyyətin yeganə mənbəyi” elan edir. Lakin mənbə olmaq hüquqi nəticə doğurmur. İradənin hüquqi qüvvəyə çevrilməsi üçün institut lazımdır. Bu, Konstitusiyanın strukturunda açıq görünür ki, qanunverici hakimiyyət seçilən siyasi orqandır, icra hakimiyyəti dövlət iradəsinin həyata keçirilməsinə cavabdehdir, məhkəmə hakimiyyəti isə bu iradənin hüquqi çərçivədən kənara çıxmamasını təmin edir.
Beləliklə, xalq suverenliyi mənbədir, dövlət suverenliyi isə formadır.
Bu fərqlilik çox zaman nəzərdən qaçırılır və xalq iradəsi mütləqləşdirilir. Halbuki hüquqi sistem üçün mütləqlik təhlükəlidir: institutların zərər görməsi mənbənin özünün legitimliyini də zəiflədir.
Doktrinal paradoks: suverenlik xalqındır, yoxsa dövlətin?
Hüquq nəzəriyyəsi burada iki düşərgəyə bölünür:
1) Xalq suverenliyi bütün dövlət hakimiyyətinin yeganə əsasıdır
Carré de Malberg və respublikaçı nəzəriyyə suverenliyi yalnız xalqın atributu hesab edir. Dövlət isə bu iradənin təcəssüm forması, institusional qabıqı hesab edir.
2) Dövlət suverenliyi hüquqi müstəqillikdir
Kelsen və Schmitt əks mövqedə dayanırlar və göstərirlər ki, dövlət özü müstəqil hüquqi iradədir. Xalq bu iradənin legitimlik mənbəyidir, lakin onun hüquqi konturunu müəyyənləşdirmir.
Azərbaycan Konstitusiyası hər iki yanaşmanı özündə saxlayır:
– 1-ci maddədə xalq mənbə kimi göstərilir;
– 7-ci maddə isə “dövlət hakimiyyətinin vahidliyi” prinsipini təsdiqləyir.
Bu iki norma birlikdə konstitusion dialektika yaradır: mənbənin çoxluğu – iradənin isə vahidliyi. Məhz buna görə hakimiyyət bölgüsü suverenliyin parçalanması deyil, onun funksional paylanmasıdır.
3. Hakimiyyət bölgüsü – suverenliyin bölünməsi deyil
Monteskyöyə istinad etmək kifayət deyil; burada daha incə məntiq var. Konstitusiya Məhkəməsi bir neçə qərarında aydın şəkildə vurğulayıb:
“Dövlət iradəsi vahiddir; bölgü bu iradənin funksional həyata keçirilmə mexanizmidir.”
Deməli, bölgü suverenliyi parçalamır, əksinə, onu zəruri balansda saxlayır.Problem bölgüdə deyil, problem heç bir qola məxsus olmayan səlahiyyətlərin mənimsənilməsindədir.
4. 151-ci maddə: beynəlxalq hüququn suverenlik üzərində real təsiri
Azərbaycan hüququnda ən çox yanlış şərh edilən maddələrdən biri 151-ci maddədir. Çoxları beynəlxalq müqavilələrin Konstitusiyadan üstün olduğunu güman edir. Bu, hüquqi baxımdan yanlışdır. Maddənin real məzmunu budur:
1. Müqavilələr yalnız qanunlarla kolliziyada üstünlük təşkil edir.
2. Konstitusiya – iyerarxiyanın dəyişməz zirvəsidir.
3. Azərbaycan nə monist, nə dualist hibrid normativ sistem qurub.
Deməli, dövlət beynəlxalq öhdəlikləri suveren iradəsi ilə qəbul edir və bu öhdəlik Konstitusiyanın sərhədini aşa bilməz. Kelsenin “grundnorm” nəzəriyyəsi burada tam işləyir: sistemin legitimliyi öz ali normasından gəlir, xarici mənbədən yox.
İnsan hüquqları dövlət suverenliyi balansı: yeni təhlükəsizlik mərhələsi
Konstitusiya hüquqların məhdudlaşdırılmasını istisna etmir; əksinə, bunu hüququn özünün tələb etdiyi çərçivədə müəyyən edir. Təhlükəsizlik, ictimai asayiş, konstitusiya quruluşunun müdafiəsi – bunlar hüquqların sərhədləridir.
2020-ci ildən sonra təhlükəsizlik anlayışının məzmunu dəyişdi. Artıq dövlət yalnız sərhədlərini deyil, informasiya mühitini, rəqəmsal suverenliyi və cəmiyyətin psixoloji dayanıqlığını da müdafiə etməlidir.
Burada klassik paradoks yaranır:
fərdin hüquqları – cəmiyyətin təhlükəsizliyi – dövlətin yaşamaq hüququ.
Bu üçlük yeni hüquqi tənzimləmə tələb edir.
Suverenliyin faktiki komponenti: effektiv idarəetmə
Montevideo Konvensiyasındakı “effective government” meyarı çox sitat gətirilir, amma çox az izah olunur. Dövlət yalnız hüquqi iddia ilə mövcud olmur. Suverenlik həm də praktiki nəzarət və idarəetmə bacarığıdır.
Azərbaycanın ərazi bütövlüyünün bərpası bu mənada suverenliyin hüquqi, siyasi və faktiki elementləri arasındakı boşluğu aradan qaldırdı. Dövlət iradəsi yalnız normada yox, ərazidə icra imkanında da təsdiqini tapdı.
Suverenliyə yönələn yeni təhdidlər: hüquqi sistemin cavab verməli olduğu 5 sahə
1. Rəqəmsal mühit və məlumat mülkiyyəti,
2. İnformasiya müharibəsi və psixoloji təsir mexanizmləri,
3. Transsərhəd hüquqi rejimlər və beynəlxalq sanksiyalar,
4. Qlobal şirkətlərin dövlət qədər güclənməsi,
5. Regional geosiyasi dinamika
Bu təhdidlər dövlət suverenliyinin klassik izahını yetərsiz edir. Yeni hüquqi doktrinanın formalaşmasına ehtiyac yaranır.
Suverenliyin Azərbaycan modeli: müstəqillik – suverenlik – legitimlik üçbucağı
Azərbaycanın dövlətçilik modeli sadəcə “müstəqillik + suverenlik” düsturu deyil. Burada üç element var:
Müstəqillik – hüquqi status, Suverenlik – bu statusun idarəetmə qabiliyyətidir,
Legitimlik – cəmiyyətin bu idarəçiliyə razılığıdır.
Bu üç elementdən biri zəifləsə, digərləri də risk altına düşür.
Rəqəmsal suverenlik: Konstitusiyanın gələcək mövzusu
XXI əsrdə informasiya axını üzərində nəzarət etməyən dövlət öz suveren iradəsini də itirir. Bu, yaxın illərdə konstitusion doktrinanın mərkəzi mövzularından biri olacaq.
Tənzimlənməli sahələr:
– şəxsi məlumatların müdafiəsi,
– kibertəhlükəsizlik,
– rəqəmsal infrastrukturun suveren idarəetməsi,
– xarici informasiya müdaxilələri.
Bu istiqamət üzrə hüquqi boşluqlar suverenlik nəzəriyyəsinin yenilənməsini tələb edir.
Beləliklə, Azərbaycan Konstitusiyasında suverenlik həm mənbədir, həm forma, həm institutdur, həm də faktiki idarəetmə qabiliyyətidir. Bu prinsip statik deyil, siyasi və hüquqi reallıq dəyişdikcə onun tətbiqi də dəyişir.
Suverenliyin normativ sərhədləri, faktiki icra imkanları və müasir təhlükəsizlik düsturları üzərində yeni elmi mübahisələr aparılmalıdır. Rəqəmsal dönəmdə suverenlik artıq yalnız torpaq, əhali və hakimiyyətlə məhdudlaşmır; informasiya məkanı və kiberinfrastruktur da suverenliyin ayrılmaz hissəsidir.
Əliməmməd Nuriyev
Konstitusiya Araşdırmalar Fondunun prezidenti
