Siyasi sistemin yenilənməsi zərurəti

Vasif Əfəndi
Siyasi ekspert

Azərbaycanın siyasi partiya sistemində uzun illərdir dəyişməyən və artıq köhnəlmiş hüquqi-siyasi mexanizmlər ölkənin demokratik inkişafına ciddi əngəllər yaradır. “Siyasi partiyalar haqqında” qanunun 1.1.10 bəndi — yəni üzvlük haqqının məcburi ödənişi ilə bağlı müddəa — bu çərçivədə ən çox sui-istifadə olunan mexanizmlərdən birinə çevrilib. Həmin bənd yanlış şərh edilərək bütün partiyaların nizamnamələrinə “üç ay üzvlük haqqını ödəməyən şəxs partiyadan avtomatik xaric olunur” formasında salınıb.

Əslində qanun üzvlük haqqını könüllü ödəniş kimi nəzərdə tutur, lakin bu normanın məcburi tətbiqi partiya üzvlərinə qarşı təzyiq vasitəsinə çevrilib. Məhz bu bəndə istinadla minlərlə siyasi fəal formal əsaslarla partiya sıralarından uzaqlaşdırıla bilər. Bu, ölkədə siyasi plüralizmi zəiflədən, “boz kardinal” adlandırılan köhnə idarəetmə texnologiyasının hələ də işlədiyini göstərən açıq nümunədir.

Siyasi partiyaların nizamnamələri 1990-cı illərin siyasi atmosferində – yəni fərqli ideoloji təcrübə, zəif institutlaşma və şəxslərə bağlı siyasət dövründə yazılmış sənədlərdir. Halbuki bu gün cəmiyyət və dövlət strukturları tamamilə fərqli mərhələdədir. Ona görə də partiyaların nizamnamələri yenidən işlənməli, müasir dövrün tələblərinə, şəffaf idarəetmə və demokratik rəqabət prinsiplərinə uyğunlaşdırılmalıdır.

Siyasi partiyalar formal tədbirlərdən, görüntü naminə keçirilən iclaslardan imtina etməli, real təklif və proqramlarla cəmiyyət qarşısına çıxmalıdır. Onların mövcudluğu yalnız kağız üzərində deyil, ideyalar və lider fiqurlar üzərində qurulmalıdır. Lider faktoru yenidən siyasi həyatın mərkəzinə çəkilməli, fərdi məsuliyyət və siyasi cəsarət ön plana çıxmalıdır.
Bununla yanaşı, seçki sistemində də köklü islahatlara ehtiyac var. Mövcud majoritar sistem Azərbaycan şəraitində təsadüfi, maliyyə gücünə və ya xarici təsirə söykənən şəxslərin parlamentə düşməsinə şərait yaradır. Proporsional sistemə keçid isə həm çoxpartiyalılığın inkişafına, həm də real siyasi rəqabətin formalaşmasına imkan verər. Optimal variant kimi 75 faiz proporsional, 25 faiz majoritar model tətbiq oluna bilər.

Proporsional sistemin üstünlüyü ondadır ki, o, xalqı siyasi proseslərə daha fəal cəlb edir, partiyaların məsuliyyətini artırır və təsadüfi namizədlərin parlamentdə təmsil olunmasının qarşısını alır. Bu model həmçinin, seçicinin iradəsini daha ədalətli əks etdirir və partiya proqramlarının reallıqla ölçülməsinə şərait yaradır.

Seçki idarəçiliyində şəffaflıq və hesabatlılıq, bələdiyyə sistemində isə birbaşa seçkilərin tətbiqi artıq qaçılmazdır. Şəhərlərin merləri xalq tərəfindən seçilməli, bələdiyyələrə real səlahiyyət və maliyyə müstəqilliyi verilməlidir. İcra hakimiyyətləri strukturları isə keçmiş idarəetmə modelinin qalığı kimi mərhələli şəkildə ləğv edilməlidir.

Bütün bu təəkliflərimin məqsədi formal demokratiyadan funksional demokratiyaya keçiddir. Azərbaycanın siyasi gələcəyi artıq köhnə nizamnamələrə deyil, yeni düşüncə tərzinə, şəffaf idarəetməyə və xalqın siyasi iradəsinə əsaslanmalıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər