Gələcək indinin təkrarında ilişib qalıb
Vasif Əfəndi
Siyasi ekspert
“Hər səhər oyanıram və eyni gün başlayır. Düşünürəm ki, dəyişəcək... amma heç nə dəyişmir.”
— Phil Connors, “Groundhog Day”
“Groundhog Day” filmində baş qəhrəman Fil Konors eyni günü yenidən və yenidən yaşamağa məhkum olur. Sanki zaman dayanıb, təqvim hər səhər sıfırdan başlayır. Əslində bu, yalnız bir insanın hekayəsi deyil — bu, bütün müasir bəşəriyyətin ilişib qaldığı bənzərlikdir.
Çünki biz də hər gün eyni səhvləri, eyni münasibətləri, eyni qorxuları və eyni informasiya xaosunu yenidən yaşayırıq. Zaman irəli gedir, amma insanın şüuru yerində sayır.
Texnologiya dəyişir, amma dəyərlər, münasibətlər, düşüncələr təkrarlanır.
Köhnəni yıxıb, üzərində yenidən köhnə qurmaq...
Dəyişimin illüziyası və zamanın təkrarı haqqında düşüncələr
İnsan tarix boyu dəyişmək, yeniləşmək və keçmişi aşmaq iddiası ilə yaşasa da çox vaxt onun “yenilik” dediyi şey, sadəcə köhnənin yeni formasıdır.
İnsanlar köhnəni yıxmaqla fəxr edir, amma nəticədə eyni köhnəliyi başqa adla, başqa libasla, amma eyni ruhla yenidən tikir
Hər bir dövr öz əvvəlkini “geridə qalmış”, “köhnə”, “bayağı” adlandırır.
Yeni nəsil gəlir, köhnə ideyaları dağıdır və özünü “yeni çağın insanı” addlandırır.
Amma bir az keçəndə, bu “yeni” nəsil də öz köhnəsinin təkrarı olur. Çünki dəyişən forma, dəyişməyən mahiyyətdir.
Bu, təkcə siyasətdə deyil , mədəniyyətdə, mənəviyyatda, düşüncədə də belədir.
Köhnə tanrılar unudulur, amma yerinə yeni bütlər qoyulur.
Köhnə ideologiyalar rədd edilir, amma yerinə eyni düşüncə tərzinin başqa variantı gəlir.
Zaman keçir, insan eqoist, qorxaq, itaətkar və ya mübariz, amma mahiyyətcə eyni qalır.
Bəzən cəmiyyətlər düşünür ki, binanı söküb yenisini tikmək kifayətdir.
Amma o bina eyni əllər, eyni düşüncə, eyni qorxu ilə tikilirsə, onun divarları arasında da eyni ab hava qalacaq.Müasir insan öz içində köhnə dəyərləri daşıyırsa, onun qurduğu “yenilik” sadəcə rənglənmiş köhnəlikdir. Hər bir yenilənmə — daxildən başlanmasa, o, sadəcə dekorasiyadır.
Dəyişməyən insanın qurduğu dəyişiklik yeni sistemin köhnə kölgəsinə çevrilir.
Tarix təkrar olunur, çünki insan eyni səhvi yenidən edir.Tarix bizə çox inqilablar, islahatlar, “yeni dövrlər” göstərib.Amma bu dövrlərin çoxu eyni düşüncənin təkrarıdır.
Biz tiranları devirmişik, amma onların yerinə öz içimizdəki tiranı gətirmişik.
Biz sərhədləri dəyişmişik, amma şüur sərhədlərini dəyişə bilmirik. Həqiqi dəyişiklik düşüncə formasında olmalıdır.Əgər düşüncə köhnədirsə, ən parlaq sistem belə köhnə ruhla dolacaq.
Köhnə və yeni arasındakı həqiqi fərq ondadır ki,Köhnə sabit olandır, yeni isə canlı olandır.
Köhnəni yıxmaq o qədər də çətin deyildir. Çətin olan köhnənin içimizdəki izlərini silməkdir.
Hər insanın içində köhnə bir qorxu, köhnə bir vərdiş, köhnə bir tənbəllik yaşayır.
O dəyişmədən, heç bir cəmiyyət dəyişmir. Həqiqi yenilik maddi quruculuqdan çox mənəvi inqilabdır. Çünki insan eyni düşüncə ilə yeni sistem quranda, sadəcə köhnəni rəsmiləşdirir.
İnkişaf üçün dəyişmək dedikdə üçün köhnəni yıxmaq kifayət deyil ,onu aşmaq lazımdır.
Yıxmaq dağıdır, aşmaq isə şüurlandırır.
İnsan və cəmiyyət yalnız o zaman həqiqətən yenilənir ki, keçmişin təkrarını deyil, dərsini yaşayır.
“Əgər sən köhnəni sadəcə sökür, amma ondan öyrənmirsənsə, o, sənin qaranlıq gələcəyin üçün gizli bünövrə olacaq.”
Son xəbərlər
