"Azərbaycan qlobal siyasətdə söz sahibi olan güc kimi çıxış edir"
Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı Avropanın enerji təhlükəsizliyinin, regional münaqişələrin və strateji tərəfdaşlıqların müzakirəsi baxımından mühüm platforma oldu. Zirvə toplantısında 50-yə yaxın ölkənin dövlət və hökumət başçıları iştirak edirdi. Bu tədbirdə Azərbaycan Prezidentinin mövqeyi xüsusi diqqət çəkdi. Çünki Avropanın enerji xəritəsində Azərbaycanın rolu artıq 2024-cü ildən etibarən 12 ölkəni əhatə edir və 2027-ci ilə qədər qaz ixracının 20 milyard kubmetrə çatdırılması planlaşdırılır.
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
O qeyd edib ki, zirvə çərçivəsində ən diqqətçəkən hadisə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş olub. Son aylarda Brüssel və Vaşinqton formatlarında aparılan müzakirələrə Kopenhagen görüşü də əlavə olunsa da, Azərbaycan Prezidenti bir daha vurğulayıb ki, Qarabağ münaqişəsi artıq başa çatıb və danışıqların mövzusu yalnız sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyası ola bilər.
Deputatın sözlərinə görə, bu mövqe həm aydın, həm də prinsipial xarakter daşıyır. Çünki 2020-ci ildən sonra regionda tamamilə yeni reallıq yaranıb və bunu Paşinyan da qəbul etməyə məcburdur.
Kamran Bayramov vurğulayıb ki, görüşdə kommunikasiya xətlərinin açılması məsələsi də müzakirə olunub. Bu məsələ təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də Avropa üçün mühüm əhəmiyyət kəsb edir. Çünki Zəngəzur dəhlizi reallaşacağı halda, Avropa-Asiya ticarət xətti üçün yeni və strateji əhəmiyyətli marşrut formalaşacaq.
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə görüşləri Kopenhagen səfərinin strateji xəttini daha da gücləndirib. Ursula Fon der Lyayen hələ 2022-ci ildə Bakıda imzaladığı sənədlə Azərbaycanı Avropanın “etibarlı enerji tərəfdaşı” adlandırmışdı. Budəfəki görüşdə isə əsas diqqət yaşıl enerji layihələrinə yönəlib.
Qeyd edilib ki, Qara dənizdən Avropaya çəkiləcək “yaşıl kabel” layihəsində Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə iştirak edir. Antonio Koşta ilə aparılan müzakirələrdə isə Azərbaycanın Avropa siyasi sisteminə inteqrasiya imkanları və enerji təhlükəsizliyindəki rolu ön plana çıxıb.
Kamran Bayramov xüsusi olaraq diqqətə çatdırıb ki, Kopenhagendə Prezident İlham Əliyevin Moldova Prezidenti Maya Sandu ilə görüşü də xüsusi diqqət çəkib. Moldova Avropanın ən həssas ölkələrindən biridir, çünki enerji asılılığı onun milli təhlükəsizliyinin əsas zəif nöqtəsini təşkil edir. Bu kontekstdə Azərbaycan qazının Moldovaya çatdırılması məsələsinin gündəmə gəlməsi, Azərbaycanın artıq təkcə Cənubi Qafqazda deyil, həm də Şərqi Avropada mühüm strateji oyunçuya çevrildiyini göstərir.
Prezident İlham Əliyevin Kopenhagendəki çıxışları Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyini daha da gücləndirən strateji mesajlarla yadda qaldı. Dövlət başçısı aydın şəkildə bildirdi ki, Ermənistanla sülh müqaviləsinin imzalanması regionda tamamilə yeni əməkdaşlıq səhifəsinin açılmasına gətirib çıxaracaq. Azərbaycanın zəngin qaz ehtiyatları və inkişaf edən yaşıl enerji potensialı isə hazırda Avropanın ən çox ehtiyac duyduğu strateji resurslardandır. Bu amil Azərbaycanın Cənubi Qafqaz çərçivəsini aşaraq, Avropa siyasi gündəliyində mühüm tərəfdaş statusu qazanmasına səbəb olub.
K.Bayramov əlavə edib ki, Kopenhagen Zirvəsi Azərbaycanın xarici siyasət istiqamətinin artıq regional sərhədləri aşaraq qitə miqyasında əhəmiyyətli təsir gücünə malik olduğunu göstərdi. Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü sülh prosesinin davamlılığını nümayiş etdirdi, Avropa İttifaqı rəhbərləri ilə danışıqları ölkəmizin enerji xəritəsindəki mövqeyini daha da möhkəmləndirdi, Moldova ilə keçirilən görüş isə Azərbaycanın Şərqi Avropa ilə enerji əməkdaşlığında yeni körpülər qurduğunu təsdiqlədi. Ümumilikdə, Kopenhagen Zirvəsinin nəticələri göstərdi ki, Azərbaycan artıq regional deyil, qlobal səviyyədə söz sahibi olan, sülhün təşəbbüskarı və Avropanın etibarlı enerji tərəfdaşı kimi çıxış edən bir dövlətdir. Prezident İlham Əliyevin bu səfəri ölkəmizin diplomatik çevikliyini, strateji uzaqgörənliyini və beynəlxalq nüfuzunu bir daha təsdiqlədi.
Son xəbərlər
