Sergey Markov: Seçkilər azad, düzgün, qanuni və ədalətli idi
“Seçkilər Azərbaycan qanunvericiliyinə və Konstitusiyasına tam uyğun olaraq keçirilib və bu, Azərbaycan xalqının iradəsini tam əks etdirir”.
Avrasiya.net xəbər verir ki, bu barədə “Vətəndaş dialoqu” missiyasının rəhbəri, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Milli Məclisə növbədənkənar seçkilərin yekunlarına dair yerli jurnalistlərə bildirib. Onun sözlərinə görə, missiya ümumi qiymətləndirməni sabah səhər təqdim edəcək.
Onun sözlərinə görə, “Vətəndaş dialoqu” beynəlxalq missiyası son iyirmi ildə seçkilərin müşahidə edilməsi və müxtəlif ölkələrin vətəndaş cəmiyyətləri arasında dialoqun təşkili ilə məşğuldur. Missiya dünyanın 10-dan çox ölkəsində - ümumilikdə 30-a yaxın müxtəlif seçkilərdə müşahidə missiyalarında iştirak edib.
“Dost Rusiyanın vətəndaşları olaraq, dost Azərbaycan xalqını tarixi seçkilər münasibətilə təbrik edirik. Parlament seçkiləri ilk dəfə olaraq bütün ölkə ərazisində keçirildi”, - deyə missiya rəhbəri vurğulayıb.