"Parlament seçkiləri demokratik qaydalara uyğun davam edir"
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri demokratik qaydalara uyğun davam edir.
Bunu "Report"a açıqlamasında 7 saylı Seçki Dairəsinin 10 saylı seçki məntəqəsində müşahidəçi olan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.
O bildirib ki, seçkilərin şəffaflığı üçün bütün lazımi şərait təmin edilib: "Zaldakı müşahidə kameralar obyektivliyi təmin edir. Hər şey yaxşıdır. Mən müşahidəçi kimi gördüklərimi deməliyəm və gördüklərim məndə çox yaxşı təəssürat yaradır".
Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.
Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.
Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.