Sabunçu Gənclər evində Fazil Mustafa ilə görüş - Fotolar
Böyük Quruluş Partiyasının sədri, 26 saylı Sabunçu Birinci Seçki Dairəsindən deputatlığa namizəd Fazil Mustafa seçicilərlə növbəti görüşünü Sabunçu Gənclər evində keçirib.
F.Mustafanın vəkili Fəxrəddin Sadıqov seçiciləri salamladıqdan sonra namizədin seçki platforması ilə tanış edib.
Daha sonra söz alan Xalq artistləri Elşən Mansurov və Vasif Allahverdiyev Fazil Mustafanın ötən dövr deputat fəaliyyətindən bəhs ediblər.
F.Mustafa onunla görüşə gələn hər bir seçiciyə minnətdarlığını bildirib. Deputatlığa namizəd öz çıxışında ölkədə bir çox sahələrdə təxirəsalınmaz islahatların aparılmasının zəruriliyini vurğulayıb.
Qanunun aliliyinin təmin olunmasının vacibliyini vurğulayan F.Mustafa qeyd edib ki, yenidən seçicilərin etimadını qazanacağı təqdirdə, ilk növbədə sözügedən sahədə, həmçinin vətəndaşların hüquqlarının qorunması istiqamətində, eləcə də sosial-iqtisadi sahədə islahatların həyata keçirilməsinə nail olacaq.
F.Mustafa digər sahələrdə qəbul olunan qanunlarda boşluqlardan da bəhs edib.
Daha sonra o, seçicilərin suallarını cavablandırmaqla yanaşı, onların problemlərini dinləyib.