İtaliya bir daha göstərdi ki, Azərbaycan tək deyil
İtaliyanın müdafiə naziri Quido Krosetto, xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli və “Leonardo” şirkətinin prezidenti Stefano Pontekorvo da daxil olmaqla böyük bir nümayəndə heyətinin məhz 26 İyun – Silahlı Qüvvələr Günündə ölkəmizə səfərə gəlməsi və Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə İtaliya Respublikasının “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin təqdim olunması Ordu günümüzə möhtəşəm hədiyyə olmaqla bərabər, həm də Ermənistana “Sezar” haubitsalarını, digər döyüş texnikalarını verməklə revanşizmə yol açan, Cənubi Qafqazda sülh prosesini əngəlləyən Fransaya verilmiş ciddi mesaj kimi qiymətləndirilməlidir.
Mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində həm müdafiə, həm də mülki müdafiə tapşırıqlarını yüksək müvəffəqiyyətlə yerinə yetirməyə qadir olan, hərbi nəqliyyat, paraşütçülərin və yüklərin havadan atılması, eləcə də müxtəlif tibbi tapşırıqların yerinə yetirilməsi əməliyyatlarında istifadə olunan “C-27J Spartan” təyyarəsi ən müasir çoxfunksiyalı hərbi nəqliyyat vasitələrindən biri sayılır. Bu təyyarənin hərbi arsenalımıza daxil edilməsinin gücümüzə əlavə güc qatacağı şəksizdir. Xeyirli-uğurlu olsun!
İtaliya bu addımı ilə bir daha göstərdi ki, Azərbaycan tək deyil. Bu, eyni zamanda Fransaya xəbərdarlıqdır. İtaliya tərəfi bu addımı ilə Fransa rəhbərliyini başa salmaq istəyir ki, Parisin Ermənistanı silahlandırması heç bir halda cavabsız qalmayacaq. Rəsmi Paris bilməlidir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər, yeni müharibəyə aparan yoldur. Fransanın Üçüncü Qarabağ müharibəsinin təşəbbüskarı rolunda çıxış etməsi nə fransızlara, nədəki ermənilərə xeyir gətirməyəcək.
Üçüncü Qarabağ müharibəsinin başlanması Ermənistan üçün əsl intihar olardı. Görünən budur ki, Fransa “Sezar”ları verməklə Ermənistanı intihara, özünüməhvə sürükləyir. Ən maraqlısı da budur ki, Ermənistanın Fransa və Hindistan tərəfindən silahlandırılması fonunda rəsmi İrəvan isə sülh bəyanatları ilə çıxış edir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bir ay ərzində Azərbaycanla sülh sazişinin yekun mətnini hazırlayaraq imzalamağa hazır olduqlarını bildirməsi də növbəti ənənəvi bəyanatlardan biridir.
Mirzoyan bildirib ki, “səmimi qəlbdən inanıram ki, bizim Cənubi Qafqazdakı münaqişə ilə bağlı səhifəni bağlamaq və regionumuzda sülh bərqərar etmək imkanımız var”. Ancaq əfsuslar olsun ki, Ermənistan rəhbərliyinin sülh ritorikası səmimi deyil. Ermənistanın davranışı ikili standartlara əsaslanır. Sülhə hazır olan ölkə “Sezar”larla silahlanmağa can atmaz. Biz ilkin cavab addımı kimi “Sezar”ların qarşısına “Spartan”la çıxdıq. Və bu hələ sadəcə başlanğıcdır. Ermənistan silahlanmağına peşman olacaq. Fransa ilə müttəfiqlik Ermənistana uğur gətirməyəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri