Şanlı Zəfər qazandıran şərəfli yol məhz Milli Qurtuluş Günündən başlayıb
Bu gün ölkəmizdə 15 iyun - Milli Qurtuluş Günü bayramı qeyd olunur. Tariximizə və taleyimizə Milli Qurtuluş Günü kimi yazılan 1993-cü ilin 15 iyun gerçəkliyindən bizi düz 31 illik zaman kəsiyi ayırır. 31 il əvvəl Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan xalqı parçalanmadan və Azərbaycan dövlətçiliyi isə süquta uğramaqdan xilas olundu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı tarixi çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qurtuluş yolunu və gələcək inkişaf strategiyasını elan edərək ölkəmizin və xalqımızın ən ağır günündə bütün məsuliyyəti öz üzərinə götürüb, milli qurtuluşa nail oldu. Ona görə də bu gün haqlı olaraq ən yeni tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Bu baxımdan 15 iyun günü Azərbaycan xalqı üçün sıradan bir təqvim bayramı yox, fövqəladə dərəcədə mühüm əhəmiyyətə malik olan böyük tarixi hadisədir. Çünki hər bir insanımız yaxşı başa düşür ki, məhz 31 il əvvəlin bu günü Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi xaosdan, iqtisadi böhrandan və vətəndaş qırğını fəlakətindən xilas oldu, eyni zamanda gələcək inkişafımızın sarsılmaz təməlləri qoyuldu.
Həmin vaxt həqiqətən də hamı Heydər Əliyevə yeganə xilaskar kimi baxırdı. Bu, 31 il əvvəlin danılmaz həqiqətidir və bunu heç kim inkar edə bilməz. Azərbaycan xalqının çağırışı ilə Bakıya gələn və tarixi missiyasının icrasına başlayan Heydər Əliyev 1993-cü il iyunun 15-də parlamentin sədri seçildi. Heydər Əliyevin qayıdışı cəmiyyətdəki dərin narahatlığa son qoydu. Bu tarixi hadisədən sonra ölkədə hökm sürən xaos və qarşıdurma tədricən səngiməyə başladı. Ölkəmiz vətəndaş müharibəsi və parçalanma təhlükəsini adlayaraq, sabitlik və dirçəliş kursuna doğruna üz tutdu. Beləliklə, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxmasının, onun dünya miqyasında müstəqil siyasət yürüdən dövlət kimi tanınmasının və beynəlxalq aləmdə layiqli yerini tutmasının təməli qoyuldu. Bu mənada 1993-cü il iyunun 15-də baş tutan qayıdışı və reallığa çevrilən milli qurtuluşu sözün tam mənasında Azərbaycanın gələcək uğurlarının açarı hesab etmək olar. Bəli, Azərbaycana tarixi əhəmiyyətli uğurlar, parlaq inkişaf və şanlı Zəfər qazandıran şərəfli yol məhz Milli Qurtuluş Günündən başlayıb.
Milli qurtuluş hadisəsini Azərbaycanın mövcudluğunu qoruyub saxlayan ən mühüm amil və Azərbaycan xalqının ən böyük tarixi nailiyyəti olan dövlət müstəqilliyimizi xilas edən ən önəmli hadisə kimi qiymətləndirənlər qətiyyən yanılmırlar. Həmin vaxt dövlət müstəqilliyini yenicə bərpa edən Azərbaycanın parçalanmaq və dövlətçiliyini büsbütün itirmək təhlükəsi ilə qarşı-qarşıya qalması bu gün heç kimə sirr deyil. AXC-Müsavat hakimiyyətinin naşılığı və səriştəsizliyi üzündən 1993-cü ilin iyununda ölkədə dərin hakimiyyət böhranı yaşanır, xaos və anarxiya Azərbaycanı uçuruma sürükləyirdi. Vətəndaş müharibəsi həddinə çatmış qarşıdurma həm dövlət müstəqilliyimizi, həm də milli varlığımızı təhdid edirdi. Eyni zamanda ölkəmiz həm şimaldan, həm də cənubdan separatçılıq təhdidləri ilə üz-üzə qalmışdı. Beləliklə, təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə məruz qaldığımız bir vaxtda, 1993-cü ilin iyun ayının əvvəllərində başlayan Gəncə hadisələri ölkəmizi həm vətəndaş qarşıdurmasına, həm də separatçılıq girdabına sürükləyirdi. Müdrik xalqımız məhz belə bir ağır, kritik məqamda öz tarixi seçimini etdi. Ulu Öndər Heydər Əliyevin xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəlməsi və hakimiyyətin sükanı arxasına keçməsi ilə dağıdıcı proseslərin qarşısı alındı.
Ulu Öndərin qayıdışı ölkəmizin və xalqımızın taleyində həqiqətən də dönüş anı oldu. Və o qayıdışla bu günkü Böyük Qayıdışın təməli qoyuldu. Biz bu gün tam əminliklə deyə bilərik ki, istər 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər və istərsə də azad edilmiş ərazilərə Böyük Qayıdışın başlanması öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürür. 1993-cü ilin 15 iyunundan başlanan milli qurtuluş tarixi Azərbaycanın müasir və güclü dövlətə, regionun liderinə çevrilməsi üçün yol açdı. Ona görə də Heydər Əliyev həm dövlətçiliyimizin xilaskarı, həm də gələcək uğurlarımızın, qələbələrimizin memarı sayılır. Ulu Öndərin ən böyük arzusu heç şübhəsiz ki, Qarabağı azad, Azərbaycanı bütöv görmək idi. Bu müqəddəs arzunu isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin misilsiz sərkərdəliyi ilə rəşadətli Ordumuz 44 günlük savaş nəticəsində gerçəyə çevirdi. 23 saatdan da az bir müddətdə davam edən lokal antiterror əməliyyatı isə ölkəmizin suverenliyinin tam təmin olunmasının sonuncu akkordu oldu. Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirdi, Ulu Öndərin Qarabağı, Şərqi Zəngəzuru azad görmək arzusu 27 ildən sonra gerçəkləşdi. Ona görə də bu gün Ulu Öndərin ruhu şaddır. Çünki xalqımız artıq 4 ildir ki, digər bayramlarımız kimi Milli Qurtuluş Gününü də bütün ölkə ərazisində qalib xalq kimi, yüksək əhvali-ruhiyyə şəraitində, milli qürur və ləyaqət hissilə qeyd edir.
Azad olunmuş yurd yerlərimiz indi sürətlə bərpa edilir, erməni vandalizminə məruz qalmış torpaqlarımıza həyat yenidən qayıdır, keçmiş məcburi köçkün soydaşlarımız bu gün böyük sevinc və qürur hissilə öz doğma yurd-yuvalarına geri dönürlər. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin bu yaxınlarda Şuşa və Xocalı şəhərlərinə qayıdan soydaşlarımızla görüşüb onlara evlərin açarlarını təqdim etməsi isə təkcə Böyük Qayıdışın nidası yox, həm də ilahi ədalətin təntənəsi, tarixi ədalətin bərpası oldu. Bəli, biz bu gün qalib xalq kimi bütöv və müstəqil Azərbaycanda yaşayırıq. 31 il öncəki tarixi Milli Qurtuluş Günündən bugünədək Azərbaycan böyük inkişaf yolu keçib. Çağdaş tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü hər bir azərbaycanlı üçün qürur mənbəyi olmaqla yanaşı, həm də yaddaş səhifəsidir. Biz 31 il öncəki faciəli prosesləri, xaosu, hərc-mərcliyi heç vaxt unutmamalıyıq. Və Ulu Öndərimizin vəsiyyət etdiyi kimi daim yadda saxlamalıyıq ki, bizim ən böyük vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini qorumaq, saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək və onu əbədi etməkdir. Bir sözlə, hər birimiz Ulu Öndərimizin yolunun davamçıları olmalıyıq. Milli birliyimizi və həmrəyliyimizi daim qoruyub saxlamalıyıq.
Milli Qurtuluş Günümüz mübarək olsun!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri