“Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!”
XX yüzilliyin əvvəllərində Azərbaycan xalqının milli-azadlıq hərəkatının ən böyük nailiyyəti özünün müstəqil milli dövlətini yaratması idi. Cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cumhuriyyəti tarixinin hər bir anı heç bir qiymət vahidi ilə ölçülə bilməyəcək tükənməz xəzinə və zəngin həyat məktəbidir. Azərbaycan Xalq Cümhuriyyəti ¬xalqımızın dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən birini təşkil edir. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 106 il ötür.
1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Türk və İslam dünyasında ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. İstiqlal Bəyannaməsi ilə həyata vəsiqə alan Azərbaycan Xalq Cumhuriyyəti bütün müsəlman dünyasında ilk demokratik respublika idi və o, Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini bərpa etmiş, insan hüquqlarının və azadlıqlarının təminatına, irqi, milli, dini, sinfi və digər sosial bərabərsizliklərin ləğvinə, sivilizasiyalı dövlətlərin inkişaf etmiş demokratiyasından istifadənin həyata keçirilməsinə əsaslı şərait yaratmışdı. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.
AXC ölkəmizin milli dövlətçilik tarixində mühüm rol oynamaqla 23 aylıq fəaliyyəti müddətində çox böyük işlər görmüş, iqtisadi-siyasi, sosial-mədəni islahatlara təkan vermişdir. Müsəlman aləmində ilk dəfə Azərbaycanda demokratik üsul-idarə prinsiplərinə əsaslanan dövlət, hökumət yaranmışdır. Beləliklə də Azərbaycanda həm müstəqilliyin, həm də demokratiyanın, demokratik dövlət üsul-idarəsinin əsası qoyulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi.
Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğradı. 1920-ci il aprelin 25-dən 26-na keçən gecə XI Qırmızı ordu hissələri Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərini keçərək vətənimizə daxil oldu. Aprelin 27-də axşam saat 11-də Azərbaycan parlamenti özünün son iclasını keçirdi və başda M.Ə.Rəsulzadə və digərlərinin kəskin etirazlarına baxmayaraq nahaq qan tökülməsinin qarşısını almaq məqsədilə hakimiyyətin Azərbaycan bolşeviklərinə təhvil verilməsi haqqında qərar qəbul edildi. Beləliklə 1920-ci ilin 28 aprel tarixi xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və ölkəmizdə sovet hakimiyyətinin qurulması kimi tarixə düşmüş oldu.
Cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də ancaq onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası heç bir zaman unudulmadı. Xalqımız SSRİ-nin süqutundan sonra – 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etmiş və Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.
Böyük qürur hissi ilə qeyd edirik ki, müstəqilliyimiz 1918-ci ildə olduğu kimi qısa olmadı. Söz yox ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün faciəli, çox ağır illər kimi tarixdə qaldı. Ancaq Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə ikinci dəfə qayıdışı və onun müdrikliyi, xalqa, millətə, Vətənə olan sonsuz məhəbbəti sayəsində müstəqilliyimiz möhkəmləndi və əbədiyyətə çevrildi.
Hazırda Azərbaycan müstəqil dövlət kimi dünya birliyində söz sahibinə çevrilib. Bu da müstəqilliyimizin xalqımıza bəxş etdiyi əvəzolunmaz nemətdir. Möhtərəm cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Bu, həqiqətən də belədir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!”.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri