Gələcəyə yönəlmiş əməkdaşlıq
May ayının 19-da İranla sərhəddə, Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi İran-Azərbaycan dostluğunun növbəti təzahürü oldu. Azərbaycan və İran xalqları tarix boyu bu bölgədə mehriban qonşuluq və dostluq şəraitində yaşamışlar. Ölkələrimiz arasında bu gün mövcud olan dostluq və əməkdaşlıq əlaqələri də məhz bu möhkəm zəmin üzərində formalaşmışdır.
Tədbirdə çıxış edən cənab Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Azərbaycan və İran arasında mövcud olan bu dostluğun dərin kökləri və tarixi vardır. Xalqlarımız əsrlər boyu bir yerdə yaşayıb-yaratmışlar və bu gün məhz bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. Həm beynəlxalq məsələlərlə əlaqədar, həm də regional təhlükəsizlik məsələləri ilə bağlı olan fikirlər üst-üstə düşür və bu, bölgənin sabitliyi üçün çox önəmli bir amildir.
Ölkə Prezidenti cənab İlham Əliyevin regional məsələlərin həllində məhz region ölkələrinin mövqelərinin əsas götürülməsinin vacibliyi barədə səsləndirdiyi fikirlər Cənubi Qafqazda gedən sülh və quruculuq proseslərini pozmağa çalışan, dünyadakı məlum qüvvələrə növbəti mesaj kimi qiymətləndirilməlidir. Bu gün həm İranın, həm də Azərbaycanın regional təhlükəsizlik məsələləri ilə bağlı ortaq mövqeləri var.
Azərbaycanı İranla birləşdirən layihələr arasında məhz nəqliyyat layihələri xüsusi önəm kəsb edir. Dövlət başçımızın dediyi kimi, bu gün sadəcə ölkələrimiz üçün deyil, həmçinin daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bundan sonra həm İran ərazisində, həm də Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir.
Təkcə onu demək yetərlidir ki, keçən il Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların həcmi 50 faizdən çox artıb. Təbii ki, bu hələ başlanğıcdır və dəmir yolu tam istismara veriləndən sonra bu rəqəmlər daha da artacaq.
Cənab Prezident İlham Əliyev bir daha hamının diqqətinə çatdırdı ki, uzun fasilədən sonra bu gün Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa çox yaxındırlar. Azərbaycan Ermənistanla olan məsələni - öz ərazi bütövlüyünün bərpasını 2020-ci ildə hərbi-siyasi yollarla, beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində həll edib və 2023-cü ildə öz dövlət suverenliyini tam bərpa edib.
Azərbaycan və İran istər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı ortaq fikirlərə malikdirlər. Ölkələrimiz üzv olduqları bütün beynəlxalq təşkilatlarda bir-birilərini hər zaman dəstəkləyirlər. Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu bu münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir.
Mürvət Əsgərov
Xətai rayon, Ağsaqqallar Şurasının sədri