Səmərəli siyasi dialoq
Bu gün Mərkəzi və Şərqi Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub. Bildiyimiz kimi, bu ölkə ilə əlaqələrimiz qarşılıqlı hörmət və etimada əsaslanaraq siyasi, iqtisadi, enerji, mədəni və digər sahələri əhatə etməklə sürətlə inkişaf edir.
Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə olacaq. Bolqarıstan Prezidentinin ölkəmizə səfəri ilə əlaqədar cənab Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda qeyd olunur ki, hazırda Azərbaycan ilə Bolqarıstan arasında fəal siyasi dialoq var və bu dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələr genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin. Səfər çərçivəsində imzalanmış mühüm sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə” müəyyən edilmiş hədəflərə daha tez çatmağın yollarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Dövlət Başçısı cənab İlham Əliyev hazırda ölkələrimiz arasında bütün istiqamətlər üzrə əlaqələrin genişlənməsi və yeni nəticələrin əldə edilməsi üçün böyük imkanların olduğunu vurğuladı. Qeyd olundu ki, son vaxtlar ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Bunun əsas səbəbi enerji sektorundakı əməkdaşlıqdır. İldən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Halbuki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Aparılmış hesablamalar onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir.
Cənab Prezident İlham Əliyev öz çıxışında bu məqamı da xüsusi olaraq vurğuladı ki, hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə də ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Bu isə Bolqarıstanın təbii qaz nəqlində vacib tranzit ölkəyə çevrildiyinin göstəricisidir.
Cənab Prezident İlham Əliyevin dediyi kimi, vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin önəmli seqmenti kimi mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması Azərbaycan ilə Bolqarıstan arasında münasibətləri daha da gücləndirəcək.
Azərbaycan və Bolqarıstan prezidentlərinin mətbuata bəyanatlarla çıxışları zamanı dövlətimizin başçısı cənab İlham Əliyev yaşıl enerji sahəsindən də bəhs etdi: ”Həmçinin Prezident Rumen Radev də Azərbaycanın yaşıl enerji layihələrinin perspektivinə toxundu. Qürurvericidir ki, Azərbaycan yaxın gələcəkdə həm də yaşıl enerji təchizatçısı olaraq da tanınacaq və dünya üçün nə qədər əhəmiyyətli ölkə olduğunu bir daha sübut edəcək. Ölkəmiz bu istiqamətdə də böyük potensiala malikdir və bu potensial Azərbaycanın digər strateji tərəfdaşları kimi, Bolqarıstanın da enerji təhlükəsizliyinin təminatına önəmli töhfələr verəcək.
Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyəti