Sizin Reklam Burada

Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirir

Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirirBu gün planetin müxtəlif yerlərində üçüncü dünya müharibəsinin əhatəli şəkildə başlaması üçün kifayət qədər münaqişə ocaqlarının mövcud olduğuna baxmayaraq, cəmiyyətlərin, habelə onlara rəhbərlik edən siyasi dairələrin əsas məsuliyyəti dayanıqlı inkişaf konsepsiyalarının üzərində hərtərəfli çalışmaq, 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər tərəfindən yekdilliklə qəbul olunmuş Dayanıqlı İnkişaf Məqsədləri (DİM) universal sənədinin icrasına çoxşaxəli dəstəyin göstərilməsidir.

Azərbaycan bütün beynəlxalq platformalarda üzərinə düşən öhdəlikləri nəinki məharətlə yerinə yetirir, eyni zamanda, köməyə ehtiyacı olan dövlətlərə öz təcrübəsi ilə yardım edir. 17 məqsədi özündə birləşdirən “2030 Gündəliyi”nin Azərbaycan Respublikası tərəfindən uğurla lokallaşdırılması siyasəti aparılır, hər bir məqsədin prioritetləşdirilməsi mövcud reallıqlar və qanunvericik əsasında təkmilləşdirilir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O xatırladıb ki, Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün görülən işlərlə dəstək olmaq məqsədilə Azərbaycanda 2022-ci ilin noyabr ayından DİM Dialoqu seriyaları öz işinə başlayıb. Bu il mayın 7-də Bakı şəhərində keçirilən 4-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələri, qadınların iqtisadi hüquqlarının və imkanlarının genişləndirilməsini, eyni zamanda, 5-ci DİM üzrə irəliləyiş üçün atılacaq növbəti addımların həyata keçirilməsini hədəfləmişdi.

“DİM Dialoqları seriyası Azərbaycanın 2030-cu ilədək Dayanıqlı İnkişaf Sahəsinə dair Strategiyası və 2030-cu il Gündəliyi çərçivəsində milli prioritetlərin həyata keçirilməsində Azərbaycan Hökumətinə dəstək göstərmək məqsədilə biliklərin artırılması, qabaqcıl beynəlxalq təcrübələrin tətbiq edilməsi və innovativ həllərin təmin edilməsində əsas maraqlı tərəflər - Hökumət, BMT, özəl sektor, vətəndaş cəmiyyəti, beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları üçün platforma rolunu oynamağı hədəfləyir. Hər bir DİM Dialoqu əsas diqqətini konkret mövzuya yönəldir və dialoqdan sonra bu mövzu üzrə konseptual yanaşma, məlumatların qısa təhlilinin və qabaqcıl beynəlxalq təcrübə nümunələrinin yer aldığı analitik qeyd, həmçinin mövzu ilə bağlı praktiki siyasət tövsiyələrinin irəli sürüldüyü bölmə işlənib hazırlanır”, - deyə M.Əfəndiyev bildirib.

O qeyd edib ki, bu il keçirilən 4-cü DİM Dialoqunda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvləri, dövlət institutları ilə yanaşı, beynəlxalq ekspertlər, özəl sektorun, vətəndaş cəmiyyəti təşkilatlarının, elm ictimaiyyətinin və beyin mərkəzlərinin təmsilçiləri, Laos Xalq Demokratik Respublikasının nümayəndə heyəti, BMT-nin alt strukturlarının rəhbər nümayəndələri iştirak ediblər. Həmin Dialoqda özəl məqamlardan biri Azərbaycanın DİM-lərə nail olunmasında gördüyü işlərə dair əldə etdiyi təcrübəni dost ölkələrlə bölüşməsi və təcrübə mübadiləsi imkanlarının daha da genişlənməsi oldu. Belə ki, geniş tərkibli Laos Xalq Demokratik Respublikasının nümayəndə heyətinə daxil olan parlament təmsilçiləri də Dialoqda iştirak edərək, Azərbaycanda Milli Məclisin DİM hədəflərinə çatması və “2030 Gündəliyi”nin icrasında rolunu diqqətlə nəzərdən keçirdilər və bu təcrübənin öz ölkələrində tətbiqində hərtərəfli maraqlı olduqlarını ifadə etdilər.

“Dördüncü DİM Dialoqunun işində iştirak edən Azərbaycan Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov öz çıxışında ölkəmizdə həyata keçirilən siyasətin dövlətimizin başçısı İlham Əliyevin diqqətində olduğunu vurğulayaraq, insan ölümünə səbəb olan mina çirklənməsi probleminin BMT və ona yaxın təsisatların diqqətində olduğunu deyib. Çıxış edən digər natiqlər qadın hüquq və azadlıqlarının, o cümlədən qadınların həyatın müxtəlif sahələrində yaradılmış imkanlara əlçatanlığının təmin olunmasında əsas istiqamətləri qeyd edərək təkliflər səsləndiriblər. Beləliklə, deyə bilərik ki, DİM Dialoqları seriyaları artıq innovativ həlləri müzakirə etmək və onlara şərait yaratmaq üçün mühüm platformaya çevrilir. Lakin bu il dünyanın ən mötəbər və böyük tədbiri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçiriləcəyini nəzərə alsaq, əmin ola bilərik ki, DİM Dialoqu çərçivəsində müzakirə olunan bütün məsələlər COP29-da öz məntiqi sonluğuna çatacaq”, - deyən deputat fikirlərini sonlandırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər