Toronto və York universitetlərinin professorları Sadiq Qurbanovun kitabından yazdı
Sadiq Qurbanovun “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” əsəri dünyanın siyasi palitrasında önəmli yer tutan böyük dövlət xadimi Heydər Əliyevin fəaliyyətinin tədqiqinə həsr olunmuşdur. Soyuq müharibə dönəmində Azərbaycan KP MK-nın birinci katibi, sonra SSRİ-nin alim məqam sahiblərindən biri, daha sonra isə, müstəqil Azərbaycan Respublikasının Prezidenti olan Heydər Əliyevin fəaliyyəti beynəlxalq aləmdə geniş maraq doğurmuşdur. Xüsusilə onun Azərbaycan SSR-in rəhbəri seçildikdən sonra SSRİ-də neqativ halların mövcud olmasına dair müsahibə və çıxışlarında dedikləri xarici media vasitələrinin manşetinə çevrilmişdir.
Qapalı çevrədə fəaliyyət göstərən SSRİ rəhbərliyi üçün bu çıxış şok effekti yaratmışdı. Yüksək ranqlı belə bir siyasi xadimin fəaliyyətini araşdırmaq, şübhəsiz ki, dünya siyasi mərkəzləri, həmçinin siyasi tarixşünaslıq üçün böyük önəm daşıyır. Təbi ki, müəllif Heydər Əliyevin siyasi fəaliyyətini tədqiq edərkən ona həm dünyada gedən siyasi proseslər və Azərbaycanda baş verən hadisələr fonunda qiymət vermişdir.
Xüsusilə dövlətçilik ideologiyasının yaradılmasında çoxmillətli ölkə olan Azərbaycan Respublikasında yaşayan müxtəlif xalqları vahid ideologiya ətrafında birləşdirilməsi kimi tarixi zərurətdən doğan ideoloji axtarışların uğurlu həllinə nail olunmasını müəllif böyük siyasi xadim Heydər Əliyevin tarixi uğuru kimi qiymətləndirməkdə haqlıdır.
Zəngin təbii sərvətlərə malik olan Azərbaycan Respublikasının dünyada daimi diqqət mərkəzində olması heç kimə sirr deyil.Cənubi Qafqazın aparıcı respublikası olan Azərbaycanda baş verən hadisələr, şübhəsiz ki, bütövlükdə regionun gələcək taleyini müəyyənləşdirməyə bilməzdi. Belə həssas dönəmdə yüksək peşəkarlıqla Rusiya və Qərb amilini xarici siyasətdə balanslaşdırmaq böyük məharət tələb edirdi. Tədiqatçı Sadiq Qurbanov öz əsərində Heydər Əliyevin belə mürəkkəb şəraitdə doğru xarici siyasət kursu müəyyən etməsini regionda sülhün və sabitliyin yaradılmasına ən böyük töhfə olduğunu faktların dili ilə təqdim edir.
Heydər Əliyevin andiçmə mərasimindəki çıxışından iqtibas gətirən müəllif onun bu fikirlərini oxucuya çatdırır: “Bizim xarici siyasətimiz sülhsevər siyasətdir, biz heç bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə toxunmaq məqsədi güdmürük, lakin, eyni zamanda nəyin bahasına olursa-olsun respublikanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü xarici siyasət vasitəsilə təmin etməyə çalışacağıq. Guman edirəm ki, bundan sonra görülən işlər Azərbaycanın daha geniş tanınmasına şərait yaradacaq və respublikamız dünya dövlətləri birliyində öz layiqli yerini tapacaqdır” .
Ulu öndər Heydər Əliyevin dilindən səsləndirilən bu fikirlər sonralar xarici siyasət kursunun əsas aparıcı prioritetinə çevrildi.
Tədqiqatçı alim S.Qurbanovun əsəri bu cür mənbələrlə zəngindir. O, haqlı olaraq Heydər Əliyevin fəaliyyətini siyasi ideoloji baxımdan SSRİ dövrü və müstəqlillik dövrü olmaqla 2 mərhələyə ayırır.
Müəllif Heydər Əliyevin birinci hakimiyyəti dövründəki fəaliyyətini qiymətləndirərkən dövrün siyasi gerçəkliklərini nəzərə alır. S.Qurbanov Heydər Əliyevin portret cizgilərini xarakterizə edərkən 3-cü şəxslərin fikirlərinə üstünlük verərək obyektivliyi qorumağa çalışır. Dünyanın aparıcı siyasi xadimlərinin Heydər Əliyev haqqındakı fikirlərini oxuculara çatdıran tədqiqatçı özünü subyektivlikdən uzaq tutaraq onun gerçək obrazını yarada bilir.
Xüsusilə beynəlxalq hüquqa münasibətdə Heydər Əliyevin dilində Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsiplərinə uyğun olaraq qurmasını vurğulamaqla onun yeni dövrün siyasi düşüncəsini mənimsəmiş çevik siyasətçi obrazını təqdim edir.
S.Qurbanovun “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” əsəri Cənubi Qafqazda gedən siyasi prosesləri obyektiv dəyərləndirmək və dünya siyasətində özünə məxsus yer tutmuş ümummilli liderin zəngin irsinin öyrənilməsində gözəl mənbədir. Əsər Dövlət Mükafatını almağa tam layiqdir.
Müəllifə yeni yaradıcılıq uğurları arzulayırıq.