Azərbaycanın bir çox Avropa ölkələri ilə münasibətləri uğurla inkişaf edir
Son illər ölkəmizin xarici siyasətində Avropa İttifaqı ilə əlaqələrin möhkəmləndirilməsi əsas prioritet istiqamətlərdən birinə çevrilmişdir. Məhz bunun nəticəsidir ki, Azərbaycanla Avropa İttifaqına daxil olan ölkələr arasında münasibətlər yeni inkişaf səviyyəsinə yüksəlmişdir. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər bu münasibətlərdə yeni səhifənin açılmasına gətirib çıxarmışdır. Qeyd etməliyik ki, son illərdə Möhtərəm cənab Prezidentin Almaniyaya səfərləri müntəzəm xarakter almışdır. Məhz bu baxımdan 26 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqının əsas üzv dövləti olan Almaniyaya işgüzar səfər etməsi mühüm tarixi hadisədir. Səfər çərçivəsində cənab Prezident Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edərək tədbirdə geniş nitqlə çıxış etdi. Bundan əlavə dövlətimizin başçısı Almaniya səfərində mühüm görüşlər də keçirdi. Xüsusilə Almaniyanın Kansleri Olaf Şoltsla keçirilən görüş və keçirilən mətbuat konfransı mühüm əhəmiyyət kəsb edirdi. Keçirilən görüşdə və mətbuata verilən bəyanatda Azərbaycanla Almaniya arasında münasibətlərin dərinləşməsi, həmçinin ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin inkişafı və mövcud əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də enerji məsələləri əsas diqqət mərkəzində oldu.
Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. “Böyük Yeddilik” ölkəsi olan Almaniya Avropanın əsas iqtisadi və siyasi güc mərkəzi olmaqla yanaşı Avropa İttifaqının da qurucu və aparıcı dövlətlərindən biridir. Rəsmi Bakı Avratlantik məkana inteqrasiya və Avropa Birliyi ilə sıx əməkdaşlıq prosesində Almaniyanın dəstəyinə xüsusi önəm verir. Almaniya Federativ Respublikası dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə olmaqla Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır. Həmçinin Avropa İttifaqının əsas lokomotivi rolunu oynayan rəsmi Berlin Azərbaycanla münasibətlərinin dərinləşməsində və Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları prosesində vasitəçi rolunu oynamaqdadır.
Cənab Prezident mətbuat konfransında ölkəmizin Avropa İttifaqına daxil olan dövlətlərlə münasibətlərinin inkişafından məmnunluğunu dilə gətirərək bildirmişdir ki, “hazırda Azərbaycanın bir çox Avropa ölkələri ilə münasibətləri uğurla inkişaf edir”. Məlumat üçün bildiririk ki, Azərbaycanla Almaniya arasında müxtəlif sahələri əhatə edən əlaqələrimiz dinamik şəkildə inkişaf etməkdədir. Xüsusilə hər iki dövlət arasında iqtisadi əlaqələr son illərdə yüksək səviyyədədir. Azərbaycan hazırda Almaniyanın Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşıdır. Almaniyanın regionda mövcud ticarət dövriyyəsinin 80 faizi ölkəmizin payına düşür. Bununla yanaşı Azərbaycanla Avropa İttifaqı arasında mövcud əlaqələr artıq yeni mərhələyə qədəm qoymuşdur ki, bu da Avropa İttifaqının aparıcı ölkəsi olan Almaniyanın maraqlarına uyğundur. Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəsini verməkdədir. Sevindirici haldır ki, hazırda enerji təminatında Azərbaycan Avropa üçün etibarlı tərəfdaşa çevirmişdir.
Cənab Prezidentin səfəri zamanı Almaniyanın Prezidenti və Federal Kansleri ilə keçirdiyi yüksək səviyyəli görüşlər və verilən bəyanatlardan aydın oldu ki, Almaniya da öz növbəsində Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri