"Kreml İlham Əliyevin səfərinə müstəsna əhəmiyyət verir”
Azərbaycan Rusiyanın ən mühüm ticarət-iqtisadi tərəfdaşlarından biri, etibarlı, proqnozlaşdırıla bilən və məsuliyyətli müttəfiqi, beynəlxalq aləmdə hörmətli və nüfuzlu ölkədir.
Bunu rusiyalı hərbi ekspert, polkovnik İqor Korotçenko deyib.
Ekspert xatırladıb ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Moskvaya işgüzar səfərə gələcək:
“İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələlərinin nəzərdən keçirilməsi, o cümlədən aktual regional problemlər ətrafında hərtərəfli fikir mübadiləsinin aparılması planlaşdırılır. Bundan əlavə, Əliyev və Putin Baykal-Amur magistralının tikintisinin başlanmasının 50 illiyi münasibətilə bu layihənin veteranları və dəmir yolu sənayesi işçiləri ilə görüşəcək. Yada salaq ki, Azərbaycan prezidentinin atası Heydər Əliyev sovet dövründə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi bu strateji magistralın tikintisi ilə bağlı məsələlərlə məşğul olub.
Kreml İlham Əliyevin hazırkı səfərinə müstəsna əhəmiyyət verir.
Birincisi, Azərbaycan bu gün Rusiyanın ən mühüm ticarət-iqtisadi tərəfdaşlarından biri, etibarlı, proqnozlaşdırıla bilən və məsuliyyətli müttəfiqi, beynəlxalq aləmdə hörmətli və nüfuzlu ölkədir.
İkincisi, faktiki olaraq Rusiyaya xəyanət edən, Qərblə fəal şəkildə flört edən və KTMT-dəki üzvlüyünü donduran Ermənistanın (bu təşkilatdan çıxmaq və Moskva ilə müttəfiqlik münasibətlərini pozmaq perspektivi ilə) fonunda Bakı Kremllə rəsmi və qeyri-rəsmi razılaşmalarını həyata keçirir.
Üçüncüsü, son illər Azərbaycanın beynəlxalq nüfuzu və imici xeyli yüksəlib, bu gün Moskvanın nəzərində strateji xarakter daşıyan mehriban qonşuluq münasibətlərinin dəyəri artıb.
Dördüncüsü, ABŞ və Avropa Birliyinin həm Rusiya, həm də Azərbaycana artan siyasi təzyiqləri kontekstində Moskva ilə Bakının qarşılıqlı dəstəyi və əməkdaşlığı hazırkı qlobal geosiyasi turbulentliyə tab gətirməyə imkan verəcək.
Rusiyanın ekspert icması Azərbaycan Prezidenti İlham Heydəroviç Əliyevin Moskvaya səfərini alqışlayır və onun Rusiya Prezidenti Vladimir Putinlə görüşü və danışıqları zamanı ölkələrimiz arasında müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsi üçün yeni razılaşmaların əldə olunacağını gözləyir”.