Maliyyə intizamı ilə bağlı vəziyyət acınacaqlıdır - Deputat
Bu gün Azərbaycanın düşmənlərinə ən layiqli cavab güclü iqtisadiyyat, güclü dövlət qurmaqdır. Hesablama Palatasının sədrinin hesabatına diqqətlə qulaq asdıq. 31 uyğunluq auditi keçirilib. Büdcə qanunvericiliyinin pozulması ilə bağlı nöqsanlara 27 auditdə rast gəlinib. Büdcə vəsaitlərinin idarə edilməsi ilə bağlı nöqsanlar 23 auditdə, dövlət satınalmaları sahəsində nöqsanlara 27 auditdə, əsaslı vəsait qoyuluşu ilə bağlı nöqsanlar 13 auditdə müəyyən edilib. Ümumuilikdə isə maliyyə pozuntularının məbləği 560,5 milyon manat olub.
Avrasiya.net xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, Hesablama Palatasının açıqladığı rəqəmlər ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin çox acınacaqlı olduğunu göstərir:
“Hesablama Palatasına minnətdaram ki, onlar real vəziyyət haqqında Milli Məclisə məlumat verirlər. Amma sonda Hesablama Palatasınını verdiyi hesabatı qənaətbəxş sayacağıq və bununla da işimiz sanki bitmiş hesab olunacaq. Misal üçün bir müddət öncə mətbuatda rast gəlmişdim ki, ABŞ-da inşa olunan bir məktəb, bizim Təhsil Nazirliyinin tikdirdiyi məktəbdən 3 dəfə ucuz başa gəlib. Yəni bu, Hesablama Palatasının üzvlərini də narahat eləməlidir. “Hesablama Palatası haqqında” qanunun 8.0.4-cü maddəsində qeyd olunur ki, “kənar dövlət maliyyə nəzarəti obyektlərində aidiyyəti sahələrə Hesablama Palatası daxil olur, maliyyə nəzarətinin predmeti ilə əlaqədar digər tərəflərdən izahatlar və məlumatlar alır”. Bu, yetərlidir ki, hansısa mərkəzi icra hakimiyyəti orqanları, dövlət orqanları nəsə sifariş edirsə və hansı özəl şirkət bu işdə iştirak edirsə, həmin şirkətin də fəaliyyət yoxlanılsın. Yəni bunu yoxlamadan nöqsanların miqyasını aşkara çıxarmaq mükün deyil”.