"Donorlar bizim radikalları təxribatçılığa sürükləyirlər."
Təbiətdən fərqli olaraq siyasi fəaliyyətin mövsümü olmur. Siyasi fəaliyyət ilboyu permanent şəkildə, fasiləsiz surətdə davam edən məqsədyönlü bir prosesdir. Siyasi liderlər və siyasi təşkilatlar ilin bütün fəsillərində siyasi fəaliyyətin bu və ya digər formalarından istifadə edərək öz ideya və proqramlarını həyata keçirməyə həmişə hazır olmalıdırlar. Lakin Azərbaycan müxalifətinin radikal qanadı bəlkə də dünyada yeganə siyasi kəsimdir ki, məhz hər il aprel ayının gəlişi ilə “qış yuxusu”ndan oyanır və kütləvi tədbirlər (piket, mitinq və s.) keçirməyə qərar verir. Mifik "Milli Şura"nın aprelin 21-nə planlaşdırdığı mitinq də sözsüz ki, ilk növbədə məhz mövsüm dəyişikliyi ilə bağlıdır. Bu mənada yazın gəlişinə ən çox sevinənlər bir qatı romantiklər, birdəki bizim radikal müxalifətçilərdir. Ona görə də biz onların yaz gələn kimi dərhal mitinq təyin etmələrinə əsla təəccüblənməməliyik.
21 aprel tarixinə mitinq elan olunmasının mövsümi səbəbləri ilə yanaşı, subyektiv siyasi səbəbləri də var. Bunlardan biri də sözügedən mitinqin məhz anti-Azərbaycan dairələrinin siyasi sifarişi əsasında planlaşdırılmasıdır. Radikal müxalifət qüvvələrinin xaricdən gələn sifarişlər və göstərişlər əsasında hərəkət etməsi bizim üçün heç də yenilik deyil. Xalqın dəstəyini itirmiş radikallar (“Milli Şura”, AXCP, Müsavat) ayaqda qalmaq üçün lap çoxdan anti-Azərbaycan qüvvələrin bu və ya digər sifarişlərini, necə deyərlər, gözüyumulu icra etmək yolunu tutublar. Aprelin üçüncü ongünlüyünün əvvəlinə təyin olunmuş mitinqin ideya müəllifləri və donorları da heç şübhəsiz ki, anti-Azərbaycan dairələrdir.
Radikalların digər məqsədi isə cəmiyyətdə növbəti qarşıdurma yaramağa cəhd etmək, milli birliyimizi və həmrəyliyimizi sabotaj etmək, ictimai-siyasi sabitliyi pozmaqdır. Bu, olduqca məkrli və destruktiv plandır. Məhz buna görə də onlar siyasi dialoq əvəzinə, mitinqlərə üstünlük verirlər. Bu gün radikallar siyasi dialoqdan açıq şəkildə imtina edirlər. Əlbəttə, onların siyasi dialoqdan imtina etməsi də öz ağıllarının məhsulu yox, xaricdəki “boss”larının, qrant donorlarının tövsiyyəsi ilə bağlıdır. Donorlar bizim radikalları təxribatçılığa sürükləyirlər. Bu da radikallara sərf edir. Çünki onlar siyasi dialoqa hazır deyillər. Cəmiyyətin dəstəyini itirən, siyasi dialoq qapısını qapadan və sivil yolla siyasi mübarizə aparmağa səbri çatmayan radikal müxalifətimiz üçün ən cəlbedici yol məhz kortəbii kütləvi aksiyalar, icazəsiz mitinqlərin təşkil edilməsidir. Onlar bu cür “klassik” üsullarla, sınaqdan çıxmış “siyasi texnologiya”larla öz kirli məqsədlərinə daha tez çatacaqlarına, cəmiyyətdə çaşqınlıq və parçalanma yaradacaqlarına ümid bəsləyirlər.
Sağlam rəqabətə hazır olmamaq, siyasi dialoqu inkar etmək, yalnız radikal hərəkətlərə üstünlük vermək, küçə iğtişaşlarını özləri üçün prioritet hesab etmək, sifariş əsasında ölkəmizin maraqlarının əleyhinə fəaliyyət göstərmək reallıq hissini itirmiş əli kərimlilərin, cəmil həsənlilərin, gültəkin hacıbəylilərin, fuad qəhrəmanlıların və digərlərinin son ümid yeridir. Öz siyasi fəaliyyətlərində hər zaman destruktiv, dağıdıcı üsullara, anarxist hərəkətlərə və iğtişaşlara üstünlük verən radikal qüvvələr hətta o dərəcədə reallıq hissini itiriblər ki, regionda və dünyada yaşanan hazırkı geosiyasi təlatümlər fonunda insanları küçə iğtişaşlarına dəvət etmələrinin məsuliyyətini də dərk etmirlər. Onların yeganə hədəfi siyasi xaos yaratmaqdır. Lakin bu, olduqca məsuliyyətsiz davranışdır.
Xaosdan bəhrələnməyi düşünənlər ciddi şəkildə yanılırlar. Azərbaycanda siyasi sabitliyi pozmaq, xaos yaratmaq mümkün deyil. Bundan öncəki icazəsiz aksiyalarda olduğu kimi 21 aprel mitinqində də radikalların təxribatçı çağırışlarına qoşulanlar olmayacaq. Çünki cəmiyyətimiz siyasi cəhətdən kifayət qədər yetkin cəmiyyətdir. İnsanlarımız döyüş meydanında qazanılmış uğurların digər sahələrdə də davam etdirilməsinin və müstəqil siyasət yürüdən ölkəmizin daha da güclənməsinin tərəfdarıdır. Ona görə də bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasətə cəmiyyətimiz tərəfindən böyük dəstək var. Belə sifarişli mitinq cəhdləri ilə bu dəstəyin önünü kəsmək mümkün deyil. Ərazi bütövlüyünü və suverenliyini tam təmin edən Azərbaycanın uğurlarından narahat olan qüvvələrin ölkədə sabitliyi pozmaq arzuları gözlərində qalacaq.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri