ABŞ və Britaniya İrana görə BMT-ə müraciət etdi
ABŞ və Böyük Britaniya İran tərəfindən hazırlanan raketlərin Yəmənin qərbində, husilərin nəzarətində olan limanlara çatmasının qarşısını alması üçün Birləşmiş Millətlər Təşkilatına müraciət edib.
Bu barədə “Quardian” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ-ın BMT-dəki nümayəndəsi Robert Vud Təhlükəsizlik Şurasının iclasında İran silahlarının husilərin limanlarına daşınmasının qarşısını almaq üçün BMT-nin yoxlama və təftiş mexanizminin daha da gücləndirilməsini tələb edib.
Böyük Britaniya səfirinin müavini Ceyms Kariuki də ABŞ-ın tələbini təkrarlayıb:
“Yəmənə mal axını saxlamaqla, husilərin nəzarətində olan ərazilərə qeyri-qanuni silahların daxil olmasını dayandırmaq üçün gəmilərin yoxlanması vacibdir”.
Çin və Rusiya nümayəndələri isə ABŞ və Böyük Britaniyanın husilərin raket obyektlərinə təkrar hücumları həyata keçirmək üçün lazımi icazəyə malik olmadığını bildiriblər.