“Kimsə mənə “türk” deyəndə incimirəm, bu, təhqir deyil” - Paşinyan
Azərbaycanla üz-üzə danışsaq belə, Türkiyənin varlığını görür və hiss edirik.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Qərbin Türkiyəni Azərbaycanla sülh prosesinə cəlb etmək istəyi barədə sualı cavablandırarkən deyib.
“Türkiyə ilə münasibətlərimizdə mühüm şeylər baş verir, indi bunu söyləsəm, bir az qəribə səslənə bilər. Bir-birimizlə danışırıq, Türkiyə prezidenti (Rəcəb Tayyib Ərdoğan) ilə dialoq aparırıq. Bu dialoq çox mürəkkəbdir, asan deyil, amma bunun olması çox vacibdir.
Praqada Türkiyə prezidenti ilə pərdəarxası söhbətim oldu, fotosu internetdə yayıldı. Fotonun yaratdığı böyük çaşqınlıq, müzakirə, reaksiya və səs-küyü xatırlayıram. Komanda yoldaşlarımızın Ermənistandakı gərginliyini də xatırlayıram. Bunda qəribə nə var? Əksinə, qəribə olan odur ki, bir-biri ilə sərhəd olan iki ölkənin bir-biri ilə dialoqu yoxdur. Təsəvvür edin ki, qərar qəbul etmək, gedib Türkiyə prezidentinin andiçmə mərasimində iştirak etmək nə qədər zəhmət tələb edir.Ermənistan və Türkiyə liderləri arasında telefon danışığı çox adi və gündəlik bir şey olmalıdır”, - baş nazir bildirib.
Paşinyan qeyd edib ki, Ermənistan Türkiyəni sadəcə qonşusu kimi yox, həm də Azərbaycanla münasibətlər kontekstində görməlidir.
O xatırladıb ki, onu tənqid etmək üçün sosial şəbəkələrdə türk simvolları ilə təsvir edirlər:
“İş o yerə çatdı, elan etməli oldum ki, məni təhqir etmək üçün “türk” deməyin. Məsələn, indi kimsə mənə “alman” desə, bundan inciməliyəmmi?”
Paşinyan türk ifadəsini təhqir olaraq qəbul etmədiyini vurğulayıb.