Sizin Reklam Burada

"Milli Məclis müasir siyasi sistemimizin mühüm qanadını təşkil edir"

"Milli Məclis müasir siyasi sistemimizin mühüm qanadını təşkil edir"Azərbaycanın uğurlarının bir qaynağı da onun zamanın geosiyasi çağırışlarına, iqtisadi dəyişikliklərinə opreativ reaksiya verə bilməsində və çevik addımlar atmasındadır. 2019-2020-ci illərdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən həm iqtisadi, həm də siyasi islahatlar da məhz zamanın tələbinə adekvat reaksiyanın təzahürü idi. 2020-ci ilin fevral ayının 9-da Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi isə heç şübhəsiz ki, sözügedən islahatların keyfiyyətcə yeni mərhələyə transformasiyası üçün körpü rolunu oynadı. Bu, labüd idi. İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Çünki Milli Məclis müasir siyasi sistemimizin mühüm qanadını təşkil edir. Milli Məclisin dəyişikliklər prosesindən kənarda qalması, islahatların yarımçıq xarakter daşıması ilə nəticələnə bilərdi. Ona görə də islahatların dərinləşdirilməsi və tamamlanması üçün yeni seçkilərin keçirilməsi, parlamentin yeni tərkibdə işinin təşkil edilməsi həddindən artıq vacib idi.

Beləliklə, 2020-ci ilin fevralında keçirilmiş növbədənkənar parlament seçkiləri Azərbaycanda aparılan və qanunverici orqanı əhatə edən genişmiqyaslı islahatların növbəti mərhələsinə start verdi. Sağlam rəqabət mühitində keçirilmiş bu seçkilərdə ölkədəki bütün siyasi qüvvələrin və xüsusən də gənc fəalların geniş tərkibdə iştirak etməsi ölkədə yeni siyasi ab-havanın formalaşdığını və demokratiyanın mövcudluğunu nümayiş etdirdi. Keçirilmiş seçkilərə dair beynəlxalq rəy də ümumən müsbət oldu. Belə ki, 9 fevral seçkilərinin nəticələrinə dair əsas rəy Avropa İttifaqı (Aİ) tərəfindən verilib. Bu qurum seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat verib. Aİ tərəfindən “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır” bəyanatının səsləndirilməsi, seçkilərin nəticələrinin tanınması deməkdir.

Növbədənkənar parlament seçkilərinin keçirilməsinin nəticələri ölkənin ictimai-siyasi həyatındakı sonrakı proseslərin davamı üçün mühüm həlqə oldu. Belə ki, ölkədə çoxpartiyalı sistemin oturuşması və yeni siyasi konfiqurasiyasının formalaşması məhz bu seçkilərdən sonra günümüzün danılmaz gerçəyinə çevrildi. Təsadüfi deyil ki, çoxpartiyalı sistemin oturuşması və yeni siyasi konfiqurasiyasının formalaşması Prezident İlham Əliyevin 2020-ci ilin mart ayının 10-da keçirilmiş 6-cı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında etdiyi çıxışında da əsas prioritet məsələlər kimi vurğulanıb.

Etiraf etməliyik ki, müstəqillik dövründə Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində müxalifət partiyalarının nümayəndələrinin təmsil olunmaları bu və ya digər səbəblərdən mümkün olmayıb. Lakin 9 fevral seçkilərinin nəticələri bu boşluğu da aradan qaldırdı. Seçkilərdə ölkədə mövcud olan bütün siyasi qüvvələrin iştirak etməsi nəticəsində çoxpartiyalı parlament formalaşdı. Beləliklə, son illər ölkəmizdə demokratiyanın inkişafı istiqamətində atılan ən əhəmiyyətli addımlardan biri məhz çoxpartiyalı parlamentin formalaşması olub. Bu mühüm siyasi addım da məhz Prezident İlham Əliyevin iradəsi ilə atılıb və dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasi islahatların bir parçasıdır.

Bu addım həm siyasi plüralizmin təzahürü, həm də demokratik ənənələrin dərinləşməsinə xidmət edən təcrübədir. Bu kontekstdə müxalifət partiyalarının nümayəndələrinin VI çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunması faktı Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək və yeni siyasi konfiqurasiyanı işlək hala gətirmək üçün böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyev Milli Məclisdəki sözügedən çıxışında haqlı olaraq qeyd edib ki, ölkəmizdə aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını tələb edir. İslahatların səmərəliliyi naminə siyasi dialoq mühiti dərinləşməlidir. Prezidentin çıxışı yeni dövrdə ölkənin siyasi sisteminin inkişafında çoxpartiyalılığın yeri və rolunu göstərmək baxımından olduqca əhəmiyyətli idi. Eyni zamanda həmin çıxış dəyişən reallıqlar kontekstində Milli Məclis üçün “yol xəritəsi” sayılır. Dövlətimizin başçısı çıxışında qeyd etmişdi ki, "siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır".

Cənab Prezidentin çıxışında həmçinin, parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolunun artması, hökumət üzvləri və parlamentin xalqla daha sıx təmasda olmaları, daimi ünsiyyətin qurulması əsas vəzifələr kimi müəyyənləşdirilib. Eləcə də də Azərbaycanın müasir, dünyəvi dövlət kimi güclənməsi, dünyəvilik prinsiplərinin daha geniş bərqərar olması, radikalizmə qarşı daha geniş mübarizənin aparılması işlərində də parlamentin rolunun vacibliyi qeyd olunub. Ötən dörd ilin nəticələri və müşahidələri onu göstərir ki, Prezident İlham Əliyevin VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışında toxunduğu məsələlər təkcə qanunverici orqan üçün yox, bütövlükdə cəmiyyətimiz üçün taleyüklü xarakter daşıyır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər