"Ermənistan adlı şər ölkə ilə Aİ-nin şər missiyası birləşib"
Ermənistan İstintaq Komitəsinin fevralın 28-də səhər saatlarında Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində itmiş Azərbaycan ordusunun əsgəri Ruslan Pənahova qarşı Ermənistan Cinayət Məcəlləsinin bir neçə uydurma maddəsi ilə cinayət işi açması tamamilə absurddur.
Ermənistan tərəfi sülh prosesindən yayınmaq üçün indi də bu cür destruktiv addımlara əl atır. Əsgərimizin həbs olunması sülh prosesinə zərbə vuracaq. Rəsmi İrəvan da yəqin ki, elə bunu istəyir. Çətin hava şəraitində istiqaməti itirən və qarşı tərəfə keçən hərbi qulluqçumuza qarşı humanist davranmaq əvəzinə, onu əsassız olaraq bir neçə maddə üzrə ittiham edərək dərhal həbs etmək yalnız Ermənistan hakimiyyətinin ağlına gələ bilərdi.
Ermənistan tərəfinin əsgərimizə qarşı bu cür qeyri-humanist şəkildə davranmasının arxasında yəqin ki, Fransanın göstərişləri ilə hərəkət edən Avropa İtifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyasının da əli var. Azərbaycan əsgərinin "sərhədi pozması" Aİ Missiyasının işinə yarayır. Belə ki, Müşahidə Missiyası sözügedən hadisədən özünün Ermənistandakı fəaliyyətinin vacibliyini gözə soxmaq üçün istifadə edəcək.
Bir sözlə, Ermənistan adlı şər ölkə ilə Aİ-nin şər missiyası birləşib. Onlar əllərinə düşən hər fürsətdən Azərbaycana qarşı istifadə etmək üçün hazır dayanıblar. Lakin Azərbaycan həmişə olduğu kimi bundan sonra da onların bütün məkrli planlarını neytrallaşdırmağı bacaracaq. İnşAllah əsgərimizi də o şər qüvvələrin əlindən xilas edəcəyik.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri