"Sərhəddəki gərginliyə görə məsuliyyəti İrəvan və onun havadarları daşıyır"
Sərhəddəki gərginliyə görə məsuliyyəti İrəvan və onun havadarları daşıyır.
Bunu APA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Ramiz Alıyev Ermənistan tərəfinin ötən gün Azərbaycan mövqelərini atəşə tutması nəticədə sərhədçimizin yaralandığını xatırladıb: “Daha öncə də qeyd etmişdik ki, Ermənistan tərəfi sərhəddə təxribat törətmək üçün fürsət axtarır. Azərbaycanın beynəlxalq aləmdə imicini korlamaq, ölkəmizə qarşı yeni təzyiq kampaniyası başlatmaq üçün edilən bu kimi cəhdlərin heç bir faydası olmayacaq. Artıq Dövlət Sərhəd Xidmətinin bölmələri dünən baş vermiş xoşagəlməz olayın qisasını aldı. Sərhədçimizə atəşin açıldığı erməni postu darmadağın edilib, bir neçə düşmən hərbçisi zərərsizləşdirilib. İrəvan başa düşməlidir ki, ağalarının sifarişi ilə sərhəddə atəşkəsi pozmalarını Bakı cavabsız qoymayacaq”.
Politoloq qeyd edib ki, sərhədçinin snayperlə vurulması Ermənistanın növbəti məqsədyönlü təxribatıdır: “Bir müddət əvvəl Prezident İlham Əliyev Azərbaycan mediasına müsahibəsində Ermənistanla sərhəddə son 4-5 ayın ən sabit dövr olduğunu bildirmişdi. Ermənistan bu sabitliyi növbəti dəfə pozdu. Görünən odur ki, Ermənistanda hansısa qüvvələr sülh prosesinə, münasibətlərin normallaşmasına zərbə vurmaq üçün fürsət axtarırlar. Erməni ordusuna nəzarəti itirən Paşinyan hökuməti bu ölkədə baş qaldıran revanşizm hislərinin qarşısını ala bilmir. Avropa İttifaqının missiyasının arxasında gizlənərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışan Ermənistan Hindistandan Fransa lisenziyası ilə istehsal olunmuş silahlarla hansısa “uğur” əldə edəcəyinə ümid edir. Fransanın Ermənistanı silahlandırmasının acı nəticəsinin şahidi olduq. Daha öncə də qeyd etmişdik ki, Ermənistanın silahlandırılması regionda vəziyyətin gərginləşməsinə xidmət edir. Bir müddət öncə Fransa generalının Ermənistana səfəri və Azərbaycanla sərhəddə peyda olması, ABŞ mütəxəssislərinin erməniləri təlimatlandırması özünün mənfi nəticələrini verməkdədir. Baş verənlər deməyə imkan verir ki, Ermənistan hərbi əməliyyatlara hazırlaşır. Snayperin sərhəd mövqelərinə yerləşdirilməsi ölkəmizə qarşı hazırlanmış çirkin əməliyyat planının tərkib hissəsidir. Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryanın “biz sürətlə silahlanırıq” açıqlaması əslində “biz yeni hərbi əməliyyatlara hazırlaşırıq” kimi başa düşülməlidir. Görünür, ABŞ və Fransa Azərbaycanı yenidən müharibəyə təhrik etmək istəyirlər”.
Politoloq vurğulayıb ki, Qərb dünyada münaqişə ocaqlarının sönməsinə imkan vermir: “Ukraynanın sürətlə silahlandırılması, Yaxın Şərqdəki proseslər və Cənubi Qafqazla bağlı aparılan arzuolunmaz müzakirələr Qərbin geostrateji məqsədlərinə xidmət edir. Onlar Rusiya və İran sərhədlərində gərgin hərbi vəziyyət yaratmaqla münaqişənin miqyasını daha da genişləndirirlər. Təbii ki, dövlətimiz, Ordumuz vəziyyətə ciddi şəkildə nəzarət edir və hansısa mənfur planların burada gerçəkləşməsinin qarşısını alacaq. Prezident İlham Əliyevin dediyi kimi, bir nəfər də olsun Azərbaycan əsgərinin qanı yerdə qalmayacaq. Biz daha öncə də ermənilərin bu kimi cinayətlərinin cavabını vermişik. Ermənilər “Fərrux”, “Sarıbaba-Qırxqız”, “Qisas” əməliyyatlarının acı nəticələrini unutmamalıdırlar. Əgər unutsalar, biz tez-tez bu əməliyyatları təkrarlamalı olacağıq”.
Sərhəddə baş verən hərbi gərginliyə görə Ermənistan hakimiyyətinin və onun havadarlarının məsuliyyət daşıdığını deyən Ramiz Alıyev bildirib ki, snayperlərin sərhədə yerləşdirilməsi və təxribat törətmiş erməni hərbçilərinin məsuliyyətə cəlb edilməməsi əmrin birbaşa İrəvandan gəldiyini deməyə imkan verir.