"Seçkiyə qatılanlar haqqında mənfi rəy yaratmağa çalışırlar” – Fazil Mustafa
“Təəssüf ki, sosial şəbəkələrin Azərbaycan seqmentində bəzən aşağı səviyyəli müzakirələr aparılır. Əsas müzakirələrin həcmi odur ki, onlar seçkiyə qatılanlar haqqında öncədən mənfi rəy yaratmağa çalışırlar. İnsanlar namizədin hansısa bir fikrini deyil, əksinə, onun özünü müzakirə etməklə məşğul olurlar”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında prezidentliyə namizəd, Milli Məclisin deputatı və Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.
Partiya sədri prezidentliyə namizədlərin “İctimai Televiziya”da yayımlanan debatından sonra onlar barəsində sosial şəbəkələrdə yayılan tənqidlərdən söz açıb.
Xatırladaq ki, sosial şəbəkə istifadəçiləri yayımlanan debatda namizədlərin hər hansı bir problemin həlli ilə bağlı çıxış etmədiyini iddia ediblər.
Məsələyə münasibət bildirən BQP lideri isə söyləyib ki, əgər insanlarımız müəyyən dərəcədə ağılla mühakimə yürütmək istəyirlərsə, onda görməlidirlər ki, biz ortaya konkret platforma qoymuşuq:
“Eləcə də konkret məsələlərdə fərqli münasibətimizi səsləndirik və bu münasibətlər zəminində onlar fikirlərini bildirməlidirlər. Biz görüşlər keçirərək açıq təmaslarla insanların suallarını cavablandırırıq. Çalışırıq ki, vicdanlı şəkildə ölkənin qarşısında duran məsələləri müzakirə edib onun həlli yollarını göstərək. Sadəcə, burada mövzular fərqlidir. Azərbaycanda insanların təfəkkürü bir az xətti olduğu üçün hamı elə fikirləşir ki, sən hər çıxışda populist nələrsə söyləməli və bundan müəyyən dərəcədə divident götürməyə çalışmalısan. Bizim üslubumuzda populizm yoxdur. Əksinə, biz daha çox problemləri dilə gətirib onun həlli yollarını göstəririk. Ona görə də bizim platforma ilə tanış olanlar bunu daha aydın görəcəklər ki, tamamilə fərqli üslubda yeni mülahizələr, təkliflər nəzərdə tutan yeni seçki platformamız mövcuddur”.
Millət vəkili ümid edir ki, düşünən, duyarlı, ağlı yerində olan və mətni oxuyub başa düşən insanlar onun çıxışlarına öz qiymətini verirlər:
“Əks halda, kiminsə ürəyindən keçənləri söyləmək bizim gündəmimizdə yoxdur. Biz öz düşündüyümüzü söyləyirik və partiyamızın prinsiplərinə uyğun hərəkət etməyə daha çox üstünlük veririk.
Hesab edirəm ki, Azərbaycan cəmiyyətində səsləndirdiyimiz fikirlərin kifayət qədər böyük dəstəkçisi var ki, onların əksəriyyəti heç sosial şəbəkədən belə istifadə etmir.
Bundan əlavə, daha sağlam düşüncəli insanlar da çoxdur ki, onlar bizim nə dediyimizi çox dərindən anlayır, qəbul edir və qiymətləndirirlər. Ona görə də belə müzakirələr, açığı, peşəkar müzakirə deyil. Əksinə, dedi-qodu və çayxana səviyyəsində aparılan müzakirələrdir ki, bunu qiymətləndirmək bizə düşməz. Biz öz işimizi görürük və kifayət qədər faydalı, eləcə də tutarlı bir platforma ilə seçki prosesini davam etdiririk”.