Şərəfli tarixin bir parçası olmaqdan məhrum olanlar - Azay Quliyev
Bildiyimiz kimi, gələn ilin fevralın 7-ə təyin edilmiş Prezident seçkiləri sıradan bir siyasi mübarizə və ya seçki hadisəsi deyil, bu sözün bütün mənalarında Azərbaycanın gələcək inkişafının hansı istiqamətdə gedəcəyini, xüsusilə, son 3 ildə ölkəmizin əldə etdiyi tarixi qələbələrin sonrakı taleyini müəyyən edəcək bir seçimdir.
İnanıram ki, xalqımız növbədənkənar Prezident seçkilərinin əsl mahiyyətini məhz bu cür qəbul edir.
Çünki, heç kimə sirr deyil ki, bəzi qlobal güclər Azərbaycanın torpaqlarını işğaldan azad etməsini, Qarabağda aqressiv separatizmə birdəfəlik son qoymasını və milli maraqları naminə müstəqil siyasət yürütməsini hələ də qəbul edə bilmir, canımız və qanımız bahasına əldə etdiyimiz qələbəmizi hər vəchlə əlimizdən almağa çalışırlar.
Bu cür məkrli və təhlükəli planların icrasına onlar daxildə heç bir dəstək tapa bilmədikləri üçün xaricdə ələ aldıqları milli nankorları və anti-Azərbaycan şəbəkəsini səfərbər ediblər.
Məqsəd birdir - Vətən müharibəsindən bəri formalaşan və bu günə kimi davam edən milli birliyimizə və siyasi həmrəyliyimizə zərbə vurmaq və zəiflətmək.
Ancaq əminəm ki, Azərbaycan xalqı bunun fərqindədir, şübhə etmirəm ki, bu millət Vətən müharibəsində olduğu kimi, yenə də öz əzəmətini və gücünü göstərəcək, 7 fevralda Prezident seçkilərində bir nəfər kimi iştirak edərək əldə etdiyi tarixi nailiyyətləri və qələbələri qorumağı bacarcaqdır.
Bununla da, xalqımız nəyə qadir olduğunu, Müzəffər Ali Baş Komandana olan sonsuz dəstəyini, sevgisini və dərin etimadını bütün dünyaya təkrar nümayiş etdirəcəkdir.
Mən eyni zamanda növbədənkənar Prezident seçkiləri haqqında qərarın gözlənilməz olduğunu bəhanə edərək seçkidə iştirakdan imtina edən AXCP və Müsavata, cənab İlham Əliyevin şəksiz qələbəsini bilə-bilə seçkinin nəticələrinə inidən kölgə salmağa çalışanlara demək istəyirəm ki, siz bu cür siyasi cılızlıq nümayiş elətdirməklə Azərbaycanın yeni və şərəfli tarixinin bir parçası olmaqdan məhrum oldunuz, növbəti dəfə özünüzü bu millətə qarşı qoydunuz.
Bəlkə də, ilk dəfə idi ki, sizin ya seçkilərdə mübarizə aparıb mərdcəsinə uduzmaq, ya da mövcud reallığı qəbul edib xalqın yanında durmaq və bununla da, müsbət mənada tarixdə qalmaq şansınız vardı, ancaq bunu da qaçırtdınız.
Lakin bu tarixi şəraiti düzgün qiymətləndirən müxalifət partiyaları da var.
AXCP və Musavat partiyalarından daha güclü və daha təşkilatlanmış olmalarına baxmayaraq, Ümid Partiyasının sədri İqbal Ağazadə və Haqq Ədalət Partiyasının sədri Əli İnsanov mövcud vəziyyəti düzgün qiymətləndirdilər, dövlətin və xalqın maraqlarını partiya maraqlarından üstün tutatarq, nəinki demaqoqcasına seçkilərdə iştirakdan imtina etmədilər, əksinə, seçkilərdə Prezident İlham Əliyevin namizədliyini, yəni xalqın və millətin seçimini dəstəkləyəcəklərini bəyan etdilər.
Düşünürəm ki, bu qərarı qəbul etməklə hər iki partiya xalqın və cəmiyyətin də rəğbətini qazanmış oldular, dövlətimizə qarşı qurulan oyunların və edilən təzyiqlərin qarşısının alınmasında üzərlərinə düşən nə var idisə onu da etdilər.
Təbii ki, bunu da alqışlamaq lazımdır!
Azay Quliyev
Milli Məclisin deputatı