QHT sədri prezident seçkisində iştirak edəcək
Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyinin sədri, siyasi ekspert Fuad Əliyev prezident seçkilərində iştirak edəcək.
Bu barədə Avrasiya.net-ə açıqlama verən F.Əliyev deyib ki, yaxın günlərdə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.
Dünən F.Əliyevin iştirakı ilə bir qrup vətəndaş toplantı keçirib və bu seçkidə ona dəstək məqsədilə “Vətəndaş Birliyi” seçki qərargahının yaradılması barədə qərar qəbul edilib.
Qərara əsasən növbədənkənar prezident seçkisində iştirak etmək üçün namizədliyi irəli sürən Fuad Əliyevin “Vətəndaş Birliyi” seçki qərargahı 7 nəfərdən ibarət tərkibdə formalaşıb.
Seçki qərargahına Xəzər Teyyublu rəhbərlik edəcək.
Qeyd edək ki, indiyədək Yeni Azərbaycan Partiyasından (YAP) Prezident İlham Əliyev, Böyük Quruluş Partiyasından (BQP) millət vəkili Fazil Mustafa və Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc və Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin prezidentliyə namizədlkləri irəli sürülüb.