"İlham Əliyevin namizədliyi Azərbaycan xalqının mövqeyidir"
İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir və qəbul ediləcək.
Avrasiya.net xəbər verir ki, bunu Hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov partiyanın İdarə Heyətinin genişləndirilmiş iclasında deyib.
O qeyd edib ki, bu gün qəbul edilən qərar təkcə YAP-ın prezidentliyə namizədinin irəli sürülməsi yox, Azərbaycan xalqının mövqeyi olacaq.
Bu gün Azərbaycanın dünyanın ən hörmətli dövlətlərindən biri olduğunu vurğulayan Əli Əhmədov əlavə edib: “Azərbaycan İlham Əliyevin rəhbərliyi altında tarixi nailiyyətlər əldə edib. Prezident İlham Əliyevin fəaliyyəti haqqında saatlarla danışmaq olar. Azərbaycan xalqı bu gün görülən işlərin şahididir. Prezident İlham Əliyev 20 illik fəaliyyəti ilə Azərbaycan xalqının arzu-istəklərini yerinə yetirib”.
YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazandığını vurğulayıb.
“Gələn il fevralın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edilib. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər, tarixi zəfər qazanıb. Bu zəfərin davamı növbəti seçkilərdən asılıdır”, - T.Budaqov deyib.