Paşinyan Azərbaycanla sülh sazişi üçün 3 prinsip AÇIQLADI
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanla Bakı arasında sülhün bərqərar olmasının mümkünlüyünə və bunun hansı prinsiplər çərçivəsində baş verməli olduğuna toxunub.
Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə bu məsələdən danışıb.
“Əsas məsələ Ermənistanla Azərbaycan arasında sülhün nə dərəcədə mümkün olması və bunun hansı prinsiplər çərçivəsində baş verməsidir. Üç əsas prinsip var:
Birincisi, nəqliyyat kommunikasiyalarının açılması ölkələr arasında suverenlik, yurisdiksiya, bərabərlik və qarşılıqlılıq prinsiplərinə əsaslanmalıdır.
İkincisi, Azərbaycan Ermənistanın ərazisinin 29,8 min kvadrat kilometr, Ermənistan isə Azərbaycanın ərazisinin isə 86,6 min kvadrat kilometr olduğunu tanımalıdırlar.
Üçüncü, Ermənistan və Azərbaycan arasında delimitasiya prosesi 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında aparılmalıdır. Bu iki faktı qeyd edən sənəddir. Birincisi, SSRİ artıq mövcud deyil, ikincisi, yuxarıda qeyd olunan bəyannaməni imzalayan 12 respublika SSRİ-nin inzibati sərhədləri daxilində müstəqillik əldə edib, buna görə də inzibati sərhədlər dövlət sərhədlərinə çevrilib və onların əsasında dövlətlər bir-birinin ərazisini, bütövlüyü və sərhədlərini tanıyır.
Yuxarıda göstərilən üç prinsip Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında mayın 14-də və iyulun 15-də keçirilmiş görüşün nəticələri ilə təsdiqlənib”, - deyə baş nazir bildirib.
O, vurğulayıb ki, Azərbaycan bu prinsiplərdən əl çəkməsə, yaxın gələcəkdə İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması kifayət qədər real ola bilər.
“Ermənistan bu prinsiplərə sadiqliyini təsdiqləyib və ona davam edir. Ortaya çıxan əsas sual Ermənistanla Azərbaycan arasında yaxın gələcəkdə sülh müqaviləsinin imzalanması ehtimalının nə dərəcədə olmasıdır. Siz belə bir hadisənin baş vermə ehtimalının aşağı olduğunu göstərən faktlara diqqət yetirə bilərsiniz və ya belə bir hadisənin baş vermə ehtimalının yüksək olduğuna dair daha müsbət mənzərə yarada biləcək faktlara diqqət yetirə bilərsiniz. Obyektiv olaraq demək lazımdır ki, hər iki fakt qrupu mövcuddur, lakin dünən çox mühüm hadisə baş verdi: Ermənistanla Azərbaycan arasında əsir mübadiləsi baş verdi və Ermənistanın 31 nümayəndəsi və “Dağlıq Qarabağ”dan olan 1 hərbçi Azərbaycan tərəfindən qaytarıldı. Diqqəti pessimizmə səbəb olan faktlara yönəltmək istəməzdim. Dünənki hadisəni ən azı sıfır nöqtəsi kimi qiymətləndirmək istərdim ki, bundan sonra da bütün xəbərlər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ehtimalının artmasına işarə etsin, əksinə deyil”, - Paşinyan deyib.