İlham Əliyevin verdiyi hər bir müsahibə siyasi-diplomatik dərs kimi tarixə həkk olur
Sədaqət Vəliyeva
Millət vəkili
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici televiziya kanallarına verdiyi hər bir müsahibə siyasi-diplomatik dərs kimi tarixə həkk olur.
Eyni zamanda bu müsahibələr erməni yalanlarının ifşası, mövcud həqiqətlərin və ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyət kəsb edir.
Ötən həftə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə bir sıra mühüm məqamlarla yadda qaldı.
Çıxış edən dövlətimizin başçısı ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətdən və islahatlardan danışaraq qeyd etdi ki, son 20 il ərzində ölkələrimizdə yoxsulluq səviyyəsi 50 faizdən 5,5 faizə qədər enmişdir.
İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən sürətli bərpa-quruculuq və "Böyük Qayıdış" proqramının icrası ilə bağlı danışan Azərbaycan Lideri, hətta işğal dövründə də iqtisadiyyatımızın inkişaf etdiyini vurğuladı. Tam əminliklə demək olar ki dünyada ikinci belə bir nümunəyə rast gəlmək mümkün deyildir. Əlbəttə, bütün bunlar möhtərəm prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uğurlu iqtisadi siyasət nəticəsində mümkün olmuşdur.
Daha sonra dövlət başçımız ölkəmizdə həyata keçirilən xarici siyasət kursu, Azərbaycanın beynəlxalq təşkilatlar daxilindəki fəaliyyəti və sülhə, inkşafa hesablanmış təşəbbüsləri haqqında məlumat verərək bildirdi ki, Azərbaycan böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Bu gün Azərbaycan dünya miqyasında yüksək nüfuza və etibara malikdir. Eyni zamanda dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə can atır. Bir sözlə, ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə nümunəvi xarici siyasət kursu həyata keçirilir.
Çıxışında Ali Baş Komandanımız cənab İlham Əliyev Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasəti və ölkəmizin sülh təşəbbüsləri haqqında da məlumat verdi. Eyni zamanda dövlətimizin başçısı sülh sazişinin şərtlərini də diqqətə çatdırdı:
"Bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması, gücdən istifadə etməmə, bir-birinə ərazi iddialarının olmaması, iki ölkə arasında kommunikasiyaların açılması və münasibətlərin normallaşması".
Ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslər beynəlxalq hüququn prinsiplərinə tamamilə uyğundur və bu təşəbbüslər bir daha göstərir ki, Azərbaycanın yeganə istəyi sülhdür.