Erməni yalanlarının PoverBankı
Samanta Pover... Bu ad Azərbaycanda çoxlarına tanışdır. Həm də təkcə sözügedən şəxsin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri olduğuna görə yox...
Samanta Pover (Samant Power) ermənipərəstliyin, erməniYALaqlığın unikal “nüsxə”lərindən biridir. Bu məsələdə erməni əsilli xanımının bəlasına keçən, erməni yalanlarının az-az ələ düşən təmsilçilərindən sayılan senator Robert Menendes belə ona qibtə edə bilər. Məsələ burasındadır ki, prezident Bayden 2021-ci il aprelin 24-də qondarma soyqırımı tanıdığını bəyan etdikdən, daha dəqiq desəm, erməni yalanlarına əsaslanaraq “soyqırım” ifadəsini dilə gətirdikdən sonra, Samanta Pover o qədər “xoşbəxt” və mütəəssir olub ki, sentyabrın 21-də doğulduğuna baxmayaraq, 24 apreli özünün yeni doğum günü elan edib. YALtaqlıq şkalasında sıçrayış edib yəni... Və elə yeni “doğum günü”nü elan etdikdən bir neçə gün sonra – aprelin 29-da USAİD-in rəhbəri postuna təyinat alıb.
Samanta Poveri yeni “doğum günü”nə və “doğum günü” hədiyyəsi kimi “aldığı” USAİD rəhbəri postuna aparan “keşməkeşli”, “ziqzaqvari” yolda nəzərə çarpan ən maraqlı məqamlardan biri də onun Obama adminstrasiyasını tərk etdikdən sonra Ruben Vardanyan, Nubar Afeyan və Vartan Qreqoryanın birgə təsis etdikləri, qondarma soyqırımı təbliğ edənlərin YALlandırılması üçün nəzərdə tutulan “Avrora” mükafatının münsiflər heyətində təmsil olunmasıdır. Samanta qondarma soyqırımı təşviq edənlərə, reallıqda isə yalan və böhtanla “silahlanaraq” saxta iddialar üzərindən nifrət və qisas hissi körükləyənlərə “minnətdarlıq” etmək üçün nəzərdə tutulan “Avrora mükafatı”nı “sülh mükafatı”, bu “mükafat”ı təsis edənləri, o cümlədən Ruben Vardanyanı “qəhrəman” adlandırır.
Samanta Poverin ABŞ-dakı erməni millətçi təşkilatlarının internet resurslarındakı videomüraciətilə tanış olduqdan sonra, onun silahlı separatizmi və terrorizmi maliyyələşdirən “pulyuyan” ləqəbli Ruben Vardanyanın saxlanılaraq Bakıya gətirildikdən sonra ölkəmizə qarşı nifrətinin birə on artmasının gerçək səbəbini anlamağa başladım. Samanta xanım “qəhrəmanı”nın, təbii ki, tamamilə əsaslı olaraq, Azərbaycanın istintaq təcridxanasında saxlanılmasına “tab gətirə” bilmir. Çünki erməni yalanlarının “poverbank”ı funksiyasını yerinə yetirən Samanta xanım uzun illər boyu Rubenin “camaşırxana”sında yuyulan pullardan “enerji” alıb. Görünür, artıq “enerji”si tükənmək üzrədir...
P.S. USAİD-i isə AİD olduğu yerə göndərməyin zamanı çoxdan yetişib...
Elçin Mirzəbəyli