Ermənistan ABŞ-ın tələsinə düşüb
Regionumuzda sülhü deyil, münaqişə və müharibələri dəstəkləyən ABŞ və Fransa kimi Qərb güclərinin qızışdırdığı Ermənistanın Baş naziri Nikol Paşinyan birdən-birdən sərt dönüşlər edərək ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağını bildirdi və bu hərbi alyansın Minskdə keçiriləcək sessiyasında iştirakdan da imtina etdi. Ermənistanın KTMT-nın sıralarından de-fakto çıxması çoxdan məlumdur. Sadəcə olaraq Moskvanı qəzəbləndirən bu gerçəkliyi hüquqi və siyasi cəhətdən rəsmiləşdirmək qalırdı. Ancaq Paşinyan bu addımı de-yure atmağa cəsarət etmirdi.
Rusiyanın Gümrüdəki hərbi bazasının varlığı, Ermənistan sərhədlərinin Rusiya hərbçiləri tərəfindən qorunması və ölkə iqtisadiyyatının Rusiyadan tam asılılığı Nikol Paşinyana Ermənistan-Rusiya münasibətlərini qırılma həddinə çatdırmağa imkan vermirdi. Lakin ABŞ-ın Ermənistana geniş həcmli yardım paketini vəd etməsi və Fransanın Avropa İttifaqı ilə birgə səyləri ilə rəsmi İrəvanı tam himayəçilik zəmanəti ilə şirnikləndirməsi son günlərdə Paşinyanı bir xeyli cəsarətləndirib. Ermənistanın baş nazirinin ritorikası gün-gündən daha da sərt anti-Rusiya xarakteri almaqdadır.
Başqa sözlə desək, Qərb Paşinyanın əli ilə Cənubi Qafqazda qlobal geosiyasi qarşıdurmanı körükləyir və böyük ehtimalla Ermənistanı “ikinci Ukrayna”ya çevirməyə hazırlaşır. Görünən budur ki, qlobal geosiyasi oyunların iştirakçısı (əsl həqiqətdə isə oyuncağı) olmaqdan zövq alan Nikol Paşinyan reallıq hissini tamamilə itirib. Eyforiya hissinə qapılan erməni baş nazir Moskva-İrəvan xəttindəki qırılmaların süni surətdə aktivləşdirilməsinin sadəcə Qərblə Rusiya arasında gərginliyi artırmağa deyil, eyni zamanda bütün Cənubi Qafqazı qlobal geosiyasi qarşıdurma meydanına çevirdiyini anlamır.
ABŞ və Avropa İttifaqı Ermənistan üzərindən Rusiyaya qarşı siyasi-diplomatik revanşa start verib. Rusiya-Ukrayna və İsrail-HƏMAS münaqişələrinin nəticələri ilə qane olmayan Qərb, indi də Cənubi Qafqaz vektorunda gərginliyi artırmaqla məşğuldur. ABŞ-ın və Fransanın siyasəti bizim regionu qan çanağına çevirməyə xidmət edir.
Ermənistan isə həmişə olduğu kimi katalizator rolunu ustalıqla oynayır. Bu ölkə havadarlarını əlcək kimi dəyişməyə vərdiş edib. Lakin Paşinyan isə bunun region üçün böyük təhlükələrə yol açdığının fərqində deyil. Azərbaycan ilə sülh müqaviləsini imzalamağa hazır olduğunu tez-tez səsləndirən Ermənistanın baş naziri əsl həqiqətdə isə yeni havadarlarının diktəsi ilə regionda sülh və təhlükəsizliyi sabotaj edir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri