"Azərbaycan bizə ən yaxın dost ölkələrdən biridir"
Bu gün Azərbaycanda olmaqdan məmnunuq. Azərbaycanda bizi qonaqpərvərlik göstərən dövlət nümayəndələrinə, qardaş Azərbaycan xalqına və Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Bu gün mənimlə birgə nümayəndə heyətinin tərkibində gələn 200-dən insanla birgə Bakıda keçirilən “Şimali Kipr Türk Respublikası Mədəniyyət və Təqdimat Günləri” çərçivəsində müxtəlif tədbirlərdə iştirak edirik. Bu tədbirləri təşkil edən Azərbaycanın dövlət nümayəndələrinə təşəkkür edirik. Biz Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik. Azərbaycan bizim ikinci Vətənimizdir, bizə ən yaxın dost ölkələrdən biridir.
Avrasiya.net xəbər verir ki, bunu oktyabrın 13-də Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar jurnalistlərə müsahibəsində bildirib.
“Azərbaycanın Qarabağda Qələbəsi həm də bizim Zəfərinizdir. Mən bir daha Azərbaycan xalqına öz ehtiramımı çatdırmaq istəyirəm. Səfərimizi işıqlandırdığı və vaxt ayırdığı üçün Azərbaycanın bütün mətbuat təmsilçilərinə təşəkkür edirəm. Dünyanın hər yerində ölkəmizi təbliğ etməyə çalışırıq. Azərbaycan mediası səsimizi dünyaya çatdıraraq bu işdə bizə kömək edir”, - deyə Ersin Tatar vurğulayıb.