Münasibətlərdə yeni mərhələ
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Dövlət başçısı İlham Əliyev bu günlərdə Gürcüstana işgüzar səfəri ilə dövlətimizin xarici siyasətində qonşu dövlətlərlə əməkdaşlığa xüsusi önəm verdiyini bir daha təsdiqlədi. Azərbaycan-Gürcüstan əlaqələri möhkəm təməl üzərində uğurla inkişaf edir. Bu əməkdaşlıq tarixi köklərə söykənir.
Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və bu il çərçivəsində keçirilən tədbirlərin miqyasının genişliyi qardaş ölkədə də özünün aydın ifadəsini tapır. Bu, münasibətlərimizin təqdimatında əhəmiyyətli rola malikdir. Dost ölkələrin liderləri hər zaman əlaqələrimizin inkişafında Heydər Əliyev-Eduard Şevardnadze dostluğunu xüsusi qeyd edirlər.
Ulu Öndər Heydər Əliyevin xatirəsinə Gürcüstan hökuməti və xalqı tərəfindən göstərilən hörmətə görə təşəkkürünü bildirən cənab İlham Əliyev vurğuladı ki, bu il ilboyu Azərbaycanda, bir çox ölkələrdə, o cümlədən Gürcüstanda Ulu Öndər Heydər Əliyevin 100 illiyi qeyd edilir: “Bu gün burada nümayiş etdirilən sərgidə bir şəkil diqqətimizi daha çox cəlb etdi, Heydər Əliyev və Eduard Şevardnadzenin şəklidir. Onların dostluğunun çox böyük tarixçəsi var. Sovet dövründə onlar bir-birilə sıx təmasda idilər və o vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, öz cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Tale elə gətirdi ki, onlar təxminən eyni vaxtda müstəqil Gürcüstana və müstəqil Azərbaycana rəhbərlik etməyə başladılar. Xalqlarımız üçün ən ağır dövrdə, - o acı və ağrılı günləri biz xatırlayırıq, - məhz onların liderliyi sayəsində həm Gürcüstan, həm Azərbaycan inamla müstəqilliyə doğru addımlamağa başlamışdır. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır.” Hazırda bu münasibətlər onların davamçıları tərəfində uğurla inkişaf etdirilir. Hər iki ölkə özünün inkişaf mərhələsini yaşayır.
Ölkə başçısı bəyanatında Azərbaycan həqiqətlərinə diqqəti yönəltdi. Bildirdi ki, üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü, keçən ay isə bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. Hazırda bütün regionun inkişafı üçün yeni şans yaranıb və bu şansı əldən vermək böyük səhv olar. Prezident İlham Əliyev onu da bildirdi ki, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal işlər aparılır. Əgər buna nail olunsa, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu olar.
Cənab İlham Əliyevin vurğuladığı kimi, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Ölkəmiz birtərəfli və qərəzli olmayan istənilən vasitəçiliyi və yardımı qəbul edir. Ancaq ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi: “Mən cənab Baş nazirə minnətdaram ki, o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur. Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər.”
Göründüyü kimi, iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik zəngindir. Bu gündəliyə uyğun olaraq Azərbaycan-Gürcüstan əməkdaşlığı bütün sahələr üzrə uğurla davam etdirilir və yeni imkanlar yaranır.