Cəbrayıl əməliyyatının əhəmiyyəti
Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsi tariximizin ən şərəfli səhifəsidir. Bu müharibədə Azərbaycan 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarını azad etdi, ölkəmizin suveren ərazi bütövlüyü bərpa olundu.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayonun tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, quşçuluq fabriki fəaliyyət göstərirdi.
Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar.
2020-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin işğalçılardan azad edildiyini bəyan etdi.
Cəbrayıllılarla müzəffər Ordumuzun Qələbəsindən sonra ilk görüşümdür və bu görüşü məhz oktyabrın 4-də keçirmək xüsusi məna daşıyır. Çünki düz bir il əvvəl məhz oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğalçılardan azad etdi və bu gün bu şanlı tarixi birlikdə qeyd etmək üçün mən cəbrayıllıları onların öz yurduna, vətəninə dəvət etdim. Ona görə "Cəbrayıla xoş gəlmisiniz" demək sözləri ilə öz çıxışıma başlayıram. Amma əminəm ki, bundan sonra mən Cəbrayıla gələndə həmişə cəbrayıllılar mənə "Xoş gəlmisiniz, cənab Prezident" deyəcəklər". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Cəbrayıl əməliyyatının uğurla həyata keçirilməsi Vətən müharibəsinin sonrakı gedişinə də əhəmiyyətli təsir göstərib: “Cəbrayıl şəhərinin işğaldan azad olunması taktiki-strateji baxımdan da çox önəmli hadisə idi. Təsadüfi deyil ki, bu tarixi qələbədən bir il sonra, 2021-ci il oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu günün bizim tariximizdə əbədi qalacağını xüsusi olaraq vurğuladı.
Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusu ilk qələbələrini hələ 2016-cı ildə əldə edib: “Cəbrayılın azad edilməsindən danışarkən, bu hadisələrdən dörd il əvvəl, 2016-cı il aprel ayında Azərbaycan Ordusunun keçirdiyi uğurlu əks-hücum əməliyyatlarını xatırlamamaq ədalətsizlik olardı. Ekspertlərin rəyinə görə, tarixə Aprel döyüşləri kimi düşmüş bu hərbi əməliyyat 1994-cü ildə atəşkəs haqqında sazişin imzalanmasından sonra baş vermiş ən şiddətli silahlı qarşıdurma idi. Şanlı Ordumuz Ermənistan silahlı qüvvələrinə, eləcə də Qarabağda yaradılmış qondarma separatçı rejimin qanunsuz silahlı birləşmələrinə qarşı apardığı həmin döyüşlərdə də inamlı qələbə qazanmışdı. Aprel döyüşlərinin nəticəsi olaraq Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdu. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur və bu, Azərbaycanın önəmli qələbəsi idi.
Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon mərkəzi olub. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşüb. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi də xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra 2020-ci il noyabr ayının 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş rayonlara hər səfəri quruculuq işlərinin gedişinə, gedişin məsuliyyətinə hesablanır. Bu səfərlər təkcə quruculuqla məhdudlaşmır, həm də əhəmiyyətli siyasi çalarları ilə seçilir. Ölkə başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.
4 oktyabr cəmi xalqımızın şərəfləndiyi gündür. Bu günü təqvimimizə qanı-canı bahasına yazan şəhidlərimizi bir daha rəhmət və minnətdarlıqla yad edir, qəhrəman qazilərimizlə sonsuz qürur duyuruq. Böyük Zəfərin ilk müjdəsi olmuş günümüz mübarək!
Allahverdi Həsənli
Xətai rayon, Əhmədli bələdiyyəsinin sədri