Sizin Reklam Burada

Milli qürur günü

Milli qürur günüPrezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun həyata keçirdiyi müasir döyüş əməliyyatları dünyanın hərb sənayesi komplekslərinin prioritetlərini dəyişdi.

Baxmayaraq ki, Birinci Qarabağ Müharibəsində bizi məğlubiyyətə məhkum etmişdilər, amma Azərbaycanda ordu və hərb sənətinə olan maraq heç vaxt əskilməyib. 70 illik sovet dönəmində bunu genetik yaddaşımızda boğmağa çalışsalar da, bu tarixi yaddaş kifayət qədər möhkəm olduğu, eyni zamanda, xalqımızın Ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycanın gələcək inkişafını düşündüyü üçün hərb sənətini xalqın yaddaşından silmək mümkün olmadı.

Sovet dönəmində azərbaycanlıları mümkün qədər hərb sənətindən kənarda saxlamağa çalışırdılar. Ola bilsin ki, o dövrdə mərkəz Azərbaycan türklərinin tarixdə dəfələrlə dövlətlər, imperiyalar qurduğu faktlarına istinad edərək bu addımı atırdı. Hətta o illərdə hərbi xidmətə çağırılan azərbaycanlıları inşaat dəstələrinə göndərməyə cəhdlər edilirdi. Məqsəd yenə də bizi hərb sənətindən aralı saxlamaq idi. Amma buna baxmayaraq, Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldikdən sonra hərb sənətinin sirlərinin azərbaycanlılara öyrədilməsi üçün bir neçə addım atıldı. Şübhəsiz ki, bunlardan biri Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması oldu. Daha sonra Hərbi Dənizçilik Məktəbi, Quru Qoşunları Ali Məktəbi yaradıldı. Həmin dövrdə azərbaycanlıların bu hərbi məktəblərdə təhsil almaları prioritet hesab edilirdi. Gizli də olsa, bu barədə konkret təlimatlar verilmişdi. Eyni zamanda, bu illərdə azərbaycanlılar SSRİ-nin müxtəlif ali hərbi məktəblərinə təhsil almaq üçün göndərilməyə başlanıldı. Həmin şəxslər sonradan Azərbaycan ordusunun qurulması prosesində iştirak etdilər.

Azərbaycan Silahlı Qüvvələrinin son 20 ildə keçdiyi yola nəzər salsaq, bu prosesin tamamilə fərqli istiqamətdə getdiyinin şahidi ola bilərik. Xüsusən də Azərbaycan ordusunun ən müasir döyüş taktikasına yiyələnməsi ilə bağlı atılan addımlar, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi, eyni zamanda, ən müasir texnikalar və biliklərə yiyələnməsi ilə əlaqədar həyata keçirdiyi tədbirlər ordumuzun döyüş qabiliyyətinin formalaşmasına zəmin yaratdı. Bu, Azərbaycan Silahlı Qüvvələrinin formalaşması prosesində üçüncü mərhələ hesab oluna bilər. Bu strateji düşüncə və uzaqgörən addımların nəticəsidir ki, 44 günlük müharibə bizim qələbəmizlə başa çatdı.

Bəlli olduğu kimi, 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun həyata keçirdiyi müasir döyüş əməliyyatları dünyanın hərb sənayesi komplekslərinin prioritetlərini dəyişdi. Azərbaycan artıq bu istiqamətdəki yeni prioritetlərini müəyyən edir, köhnələri möhkəmləndirir və yenilərinin formalaşdırılması istiqamətində ardıcıl və ciddi addımlar atır.

Belə bir gündə ilk növbədə şəhidlərimizi, Azərbaycanın peşəkar və döyüşkən milli ordusunun formalaşması prosesinin əsasını qoyan Ulu öndəri ehtiram və sayğıyla anırıq. Silahlı Qüvvələrimizin Ali Baş Komandanına, qazilərimizə, əsgər, gizir və zabitlərimizə təşəkkürümüzü bildiririk. Azərbaycan bayrağını daim yüksəklərdə ucalda bilən, daha böyük qələbələrə imza ata biləcək potensialda olan ordumuzun olduğuna inanırıq. Azərbaycan Silahlı Qüvvələri əbədiyyətə qədər dövlətimizin və xalqımızın təhlükəsizliyini təmin edə biləcək.

27 sentyabr təkcə Anım Günü deyil, milli qürur günüdür. 27 sentyabr Milli iradəmizin təntənəsidir. Məğlubiyyətə, məğlub xalq sindromuna son verdiyimiz, Vətən naminə ölümə meydan oxuduğumuz, zülmü, istidbadı yendiyimiz, İstiqlalımızı, Dövlətimizi, Bayrağımızı qanımızla, şərəfimizlə süsləndirdiyimiz gündür.

Müzəffər Xalqın, Qalib dövlətin bir parçası olmaqdan gözəl, təkrarolunmaz hiss yoxdur. Yerişimiz, duruşumuz belə dəyişib. Və bu qüruru bizə yaşadan şəhidlərimiz, qazilərimiz, Vətən müharibəsində iştirak edən qəhrəman əsgər və zabitlərimiz və təbii ki, Zəfərimizin memarı olan Ali Baş Komandanımızdır!

Bu gün dünyada, xüsusilə də yaşadığımız bölgədə baş verən hadisələr Azərbaycan xalqının azad və müstəqil yaşamaq istəyini, istiqlal ideallarını, dağlarına, çaylarına, bütövlükdə hər qarışına ad verdiyi, uğrunda canını, ömrünü fəda etdiyi torpaqlarına sahiblənmək kimi müstəsna haqqını qəbul edə bilməyən gizli-aşkar, yaxud gizlindən aşkara çıxan düşmənlərimizin xəyanətkar simalarını daha aydın görə bilərik.

Ədalət hissini itirmiş, hiyləgər, məkrli düşmənlərin bitib tükənməyən tələlərindən sıyrılaraq dünya hərb tarixinə qızıl hərflərlə yazılan qəhrəmanlıq salnaməsini yazmaq sadəcə iti zəka, strateji düşüncə deyil, Vətəninə və xalqına nəhayətsiz sevgi, ideallarına sonsuz sədaqət, milli iradəyə söykənən qətiyyət və xalqını bir yumruq kimi birləşdirmək, səfərbər etmək bacarığı tələb edir.

27 sentyabr həm də milli birliyimizin özünü əməldə büruzə verdiyi, bütün daşların və rənglərin yerinə oturduğu, Azərbaycan xalqının qanında, ruhunda yatan qəhrəmanlığın, mərhəmətin, sevginin, paylaşmaq, bölüşmək əxlaqının, cəngavərliyin, cəsarətin özünü ən parlaq bir şəkildə nümayiş etdirdiyi tarixin ən gözəl səhifəsidir.

Teymurçin Mirzəbəyli
Xətai rayon İcra Hakimiyyətinin - aparıcı məsləhətçisi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər