“Heydər Əliyev Azərbaycan xalqının yetirdiyi dahi şəxsiyyətlərdən biridir”
"Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”. - Bu Vətən övladının, Xalqının fədaisinin, Azərbaycan millətinin Ümumilli lideri Heydər Əliyevin andıdır. Xalqımızın tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayan ulu öndər Heydər Əliyev həyatının mənasını xalqa və dövlətə xidmətdə görürdü.
Bəli, müstəqil və müasir Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevdir!
Böyük tarixi missiyanı yerinə yetirmək qüdrətinə malik olan ümummilli liderin Azərbaycan xalqının, taleyinin tarixində müstəsna yeri var. Çünki o, millətimizin həqiqi lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzmlə yerinə yetirib. Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. Heydər Əliyev Azərbaycan xalqına son müraciətində ölkədə rəhbərlik etdiyi illərdə bir azərbaycanlı, vətəndaş və rəhbər kimi yeganə amalının varlığı qədər sevdiyi Azərbaycan xalqına, dövlətinə, ölkənin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət etməkdən ibarət olduğunu söylədi. O, bu yolda bütün gücünü, iradəsini yalnız müdrik və qədirbilən xalqından almışdı. Ən çətin vəziyyətlərdə bu inam və xalqına arxalanmaq Heydər Əliyevə dözüm, iradə verib, bütün uğurlarını təmin edib. Elə "Xalq-Heydər, Heydər-Xalq” birliyi də məhz belə yaranıb.
Görkəmli dövlət xadimi yalnız Azərbaycanın deyil, bütün dünyanın, əsrin siyasi xadimi idi. Hələ sağlığında canlı əfsanəyə çevrilən Heydər Əliyev milyonlarla insanın ümid çırağına çevrildi.
Müasir Azərbaycan Respublikasının müstəqilliyi əbədidir, daimidir, dönməzdir! – Heydər Əliyev
2023 – cü ildə anadan olmasının 100-cü ildönümü tamam olan Ümummilli liderimiz Heydər Əliyev şərəfinə, Prezident İlham Əliyevin sərəncamı ilə “2023 – cü il Heydər Əliyev” ili elan olundu. Əsasını ümumilli liderin qoyduğu, əbədi inkişafını İlham Əliyevin təmin etdiyi rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qüdrəti ilə Qarabağımız, cənnət diyarımız artıq Azərbaycandır. Tarixi ədalət, 2020 – ci ildə vüsət aldı.
Cəmi 44 gündə Vətən Müharibəsi müzəffər xalqımızın qalibiyyəti ilə nəticələndi. Millətimizin sarsılmaz uğurunun təməl səbəbi, Azərbaycan xalqı ilə onun hökümətinin müştərək fəaliyyətidir. Elədir ki, sərhədlərimizin daxilində sülh və əmin – amanlıqla yaşayan hər bir Azərbaycan vətəndaşı Vətən müharibəsində bir ürək oldu və “Dəmir Yumruğun” şəfəqi altında birləşdi. Ümumilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, müasir Azərbaycan Respublikasının müstəqilliyi əbədidir, daimidir, dönməzdir!
Həsənov Həsən Rafiq oğlu
Hüquqşunas