Vətən müharibəsi bizim şanlı tariximizdir
2020-ci il sentyabrın 27-si Azərbaycan tarixində dönüş nöqtəsidir. Həmin gün şanlı Azərbaycan Ordusu Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə 30 illik həsrətə son qoyan əks-hücum əməliyyatına başladı, torpaqlarımız düşmən taptağından azad edildi və uzun illərdən sonra əsl müstəqilliyimizə, ərazi bütövlüyümüzün bərpasına nail olduq. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycanın dövlətçilik və hərb tarixinə qızıl hərflərlə qalibiyyət salnaməsi yazdı.
Prezident İlham Əliyevin Anım Günündə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi “Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu müharibədə qazanılan qələbə tarixdə əbədi qalacaq. Azərbaycanın rəşadətli ordusu 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq”.
Müharibənin davam etdiyi 30 il ərzində, xüsusilə Birinci Qarabağ müharibəsində xalqımız 20 min nəfərdən çox şəhid verib. Onların arasında uşaqlar, qadınlar və qocalar da var. Vətən müharibəsində Azərbaycan Ordusu şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. Biz onların qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, xalq kimi azad edilmiş torpaqları bərpa edəcəyik.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev demişdir: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.
Bu Qələbə nəticəsində tarixdə əbədi yaşayacaq, dövlətimizi qalib dövlət, xalqımızı qalib xalq olaraq təsdiqləyən Zəfər salnaməmiz yazıldı. Azərbaycan dövləti müharibəni hərbi-siyasi yollarla həll etməklə öz torpaqlarının və taleyinin sahibi olduğunu bütün dünyaya sübut etdi.
44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın.
44 gün ərzində bizə ən böyük dəstək verən ölkə qardaş Türkiyə olmuşdur. Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər. Türkiyə rəhbərliyi tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi və biz bunu heç vaxt unutmayacağıq. Tarixi köklərlə bağlanan, “ Bir millət, iki dövlət” devizini yaşadan Azərbaycan- Türkiyə qardaşlığı özünü bir daha təsdiqləmiş oldu.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, bayrağımzı azad edilən torpaqlarda dalğalandırmış qəhərəmanlarımıza dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabrın Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirlər görülmüş və bundan sonra da görüləcəkdir. Eyni zamanda Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunacaqdır. Şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır. Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi bizim şanlı qələbəmizin simvolu olacaqdır.
Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramımızı bir daha bildirmək üçün bu gün təsis edilmişdir. 44 günlük Vətən müharibəsi zamanı dövlətimizin ərazi bütövlüyünün bərpası və əzəli torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edərək tarix yazan qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin hüzn və ehtiramla anırıq. Şəhidlik zirvəsinə ucalan igidlərimizin ruhu qəlbimizdə əbədi yaşayacaq, biz var olduqca onların ürəyi qəlbimizdə döyünəcək.
Mehriban İsrafilova
Xətai rayon İcra Hakimiyyətinin-baş məsləhətçisi