Bu seçki dairələri ləğv olunur
Abşeron yarımadasından kənarda yerləşən bir neçə seçki dairəsi ləğv edilir, onların məntəqələri qonşu dairələrə verilir. Əvəzində, əsasən Abşeron yarımadasında yeni dairələr yaradılır. Tezliklə baş verəcək bu yerdəyişmə ölkə daxilindəki əhali köçü ilə bağlıdır.
Avrasiya.net xəbər verir ki, bu fikirləri Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb.
ReAL sədri qeyd edib ki, Şəkidə 114 saylı, Lənkəranda 76 saylı, Cəlilabadda 69 saylı dairə və başqa dairələr ləğv olunacaq:
"Əvəzində Sumqayıtda 2, Abşeronda isə 3 yeni dairə yaradılır. Deputatların ümumi sayına bu dəyişiklik təsir etmir”.
İlqar Məmmədovun sözlərinə görə, qeyd olunan 3 dairədə ReAL-ın təqdim etdiyi Dairə Seçki Komissiyası üzvləri var:
"Dünən MSK bizə şifahi şəkildə onların yerinə yeni dairələrdə üzv təklif etməli olduğumuzu bildirdi. Daxili köçün nəzərə alınması MSK-nın doğru addımıdır”.