GAP-ın GrAP-la əvəzlənməsi
“Boz zona”lar, hazırda dünya siyasətində əsas qarşıdurma elementi kimi istifadə olunan hibrid müharibələrin əməliyyat məkanı funksiyasını yerinə yetirir. “Boz zona”lar üzərindən ayrı-ayrı dövlətlərə qarşı həyata keçirilən təxribat ssenariləri, birbaşa, yaxud intensiv hərbi müdaxilələrlə müşaiyət olunmasa da, əslində işğaldan və onun doğurduğu nəticələrdən daha ağır cinayət hesab olunmalıdır.
Qeyd edim ki, “Boz Zona Fenomeni” (Grey Area Phenomen - GAP) müstəvisindən dövlətlərin ərazi bütövlüklərinin və suverenliklərinin daim təhdid altında saxlanılması, əslində ən ədalətsiz müharibədən də əxlaqsız və qaydasız bir oyundur, bəyan edilməyən və bütün humanizm prinsiplərinin, bəşəri dəyərlərin ayaqlar altına atıldığı simasız, şərəfsiz müharibədir.
Məhz bu aspektdən, eləcə də Azərbaycanın beynəlxalq hüquq və milli qanunvericiliklə təsbit olunmuş suveren hüquqlarının qeydsiz-şərtsiz tətbiqi kimi qanuni iradəsinin təşəkkül tapması baxımından, milli iradənin yeganə və şəriksiz təmsilçisi olan DÖVLƏT öz sərhədləri çərçivəsində boz, nəzarətsiz zonanın mövcudluğuna dözə bilməz və dözməməlidir də!
Bu xüsusda, Prezidentin köməkçisi Hikmət Hacıyevin də qeyd etdiyi kimi, Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində - boz nəzarətsiz zonada mövcudluğunu qoruyub saxlamağa çalışan qanunsuz hərbi xunta rejimi buraxılmalı və tərksilah olunmalıdır.
Azərbaycan ərazisində “boz zona”nın mövcudluğu suverenliyimizə və dövlət müstəqilliyimizə, eləcə də Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyinə açıq təhdiddir. Rəsmi Bakı ayrı-ayrı qüvvələrin assimmetrik və hubrid müharibə elementinə çevrilməkdə olan, 30 ilə yaxın zaman kəsiyində - işğal dövründə qeyri-sabitlik bölgəsi, geosiyasi təzyiq elementi, narkotiklərin qanunsuz dövriyyəsi, terrorizm və mütəşəkkil cinayətkarlıq məqsədilə istifadə edilən “boz zona”nı anlayış olaraq sıradan çıxarmaqla, təkcə suveren hüquqlarının tam təmin olunması istiqamətində qanuni addımlar atmaqla kifayətlənmək istəmir, həm də bölgəyə sivil həyatı qaytarmaq, insanların təhlükəsiz, firavan birgəyaşayışını təmin etmək niyyəti güdür. Bu, humanizm prinsiplərinin geosiyasi manipulyasiyalar kontekstindən təqdimatı, “yardım” və “dəstək” şoularının elementi deyil, gələcəyə hesablanmış humanizm strategiyasıdır.
Azərbaycan “boz zona fenomeni” anlamına gələn assimmetrik və hibrid GAP (Grey Area Phenomen) anlayışını öz təqdimatında GrAP-la (Green Area Phenomen – Yaşıl Zona Fenomeni) ilə əvəzləyəcək və bölgəyə əbədi sülhün, təhlükəsizliyin gəlişini təmin edəcək.
Buna kimsənin şübhəsi olmasın!
Elçin Mirzəbəyli