Sizin Reklam Burada

Ermənistan və Fransa növbəti təxribatlara hazırlaşırlar

Ermənistan və Fransa növbəti təxribatlara hazırlaşırlar“Laçın” sərhəd-buraxılış məntəqəsi və Laçın yolu yenə Ermənistanın və ona havadarlıq edən qüvvələrin, xüsusən də Fransanın diqqət mərkəzindədir. BMT Təhlükəsizlik Şurasının (TŞ) 16 avqust tarixli iclasında üzləşdikləri fiasko ilə heç cürə barışmaq istəməyən Ermənistan və Fransa indi də növbəti təxribatlara hazırlaşırlar. Və budəfə Avropa İttifaqının (Aİ) mülki missiyası ilə yanaşı, ATƏT-i də yanlarına almağa çalışırlar.

Belə ki, Fransa BMT Təhlükəsizlik Şurasına Qarabağla bağlı qətnamə təqdim etməyə hazırlaşır. Bu barədə “Le Figaro” nəşri məlumat yayıb. Fransa prezidenti Emmanuel Makron “Laçın “dəhliz”inin açılması” üçün Azərbaycana qarşı təzyiqləri davam etdirəcəklərini bildirib. Bu da onu göstərir ki, Fransa açıq şəkildə Ermənistana ümid verir, eyni zamanda Azərbaycan ərazisində separatizmi dəstəklədiyini gizlətmir. "Le Figaro” nəşrinin redaktor müavini Jan-Kristof Büsso da sözügedən məqaləsində yazır ki, “tezliklə Qarabağ sakinləri üçün humanitar karvan göndərəcəklər”. Məlumata görə, Fransadan çıxan 10 yük maşınından ibarət “humanitar yardım” karvanı avqustun 30-da Laçın sərhəd-buraxılış məntəqəsinə çatacaq. Bu Azərbaycana qarşı növbəti ciddi təxribatdır.

Rəsmi Parisin bu təxribatından həvəslənən Fransa Erməniləri Təşkilatı isə xahiş edib ki, Fransa və Avropa ölkələri 10 yük maşınından ibarət olan həmin karvanın “Laçın” keçid məntəqəsindən maneəsiz keçməsi və təyinat yerinə çatması üçün xüsusi diplomatik tədbirlər görsünlər. Bu ifadəni diplomatik dildən adi danışıq leksikonuna uyğunlaşdırsaq görərik ki, burada söhbət Azərbaycana qarşı təzyiq göstərilməsinə çağırış edilməsindən gedir. Yəni ki, təzyiq göstərilməsinin sayəsində rəsmi Bakı geri addım atsın və nəticədə həmin maşınlar maneəsiz şəkildə Azərbaycan ərazisinə daxil olaraq Xankəndiyə yönəlsin. Bundan əvvəl Ermənistanın baş naziri də oxşar təxribat “ssenari”sinə əl atmışdı. Lakin nəticə hamıya bəllidir. Paşinyanın rüsvayçılıqla üzləşən “TIR şousu”ndan sonra indi də Fransanın və Avropanın bir sıra digər ölkələrinin eyni “ssenari”yə əl atmaları həqiqətən də absurddur.

Bununla paralel olaraq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də ATƏT sədrinin tapşırığı ilə Laçın yolunda vəziyyətlə tanış olmaq üçün bugünlərdə Ermənistana səfər edib və Gorusun Laçınla həmsərhəd Kornidzor kəndində olub. 30 il ərzində münaqişənin həlli üçün heç bir ciddi səy göstərməyən və işi-gücü yalnız bölgəyə əhəmiyyətsiz səfərlər etməkdən, diplomatik “turizm”lə məşğul olmaqdan ibarət olan Kaspşikin durbinlə Laçın sərhəd-buraxılış məntəqəsini və ərazilərimizi müşahidə etməsi növbəti anti-Azərbaycan xarakterli fəaliyyətlərə start verilməsini təsdiqləyir. Belə bir təxribatçı, qızışdırıcı diplomat heç şübhəsiz ki, Ermənistanla yanaşı Azərbaycana da səfər etmək niyyətində olub. Lakin rəsmi Bakı isə tamamilə doğru olaraq onun bu səfərini əlavə vaxt itkisi hesab edərək ölkəmizə gəlməsinə razılıq verməyib. Bu isə Kaspşik üçün sözün əsl mənasında “tərs şillə” deməkdir.

Eyni “tərs şillə”ni tezliklə Fransa və onun Avropa İttifaqından olan digər müttəfiqləri də “yeyəcək”. Parisdən yola düşən məlum saxta və məkrli “humanitar yardım” karvanı son vaxtlar sözün əsl mənasında bizim alınmaz qalamıza çevrilmiş “Laçın” sərhəd-buraxılış postunu keçə bilməyəcək. Azərbaycan belə bir qanunsuz hərəkətin, “humanitar yardım” çətiri altında növbəti siyasi avantüranın baş tutmasına yol verməyəcək. Bunu Ermənistan da, onun sakitləşmək istəməyən çılğın havadarları da bilməlidirlər. Onların "humanitar yük” adı altında əvvəlcə Ermənistandan, indi də Fransadan Laçın istiqamətində göndərilən qanunsuz yüklərin Azərbaycan tərəfindən haqlı olaraq qəbul edilməməsini Xankəndidəki erməni sakinlərə qarşı "etnik təmizləmə” kimi qələmə vermələri heç bir məntiqə sığmır. Bu cür absurd iddia və ittihamlarla Azərbaycanı öz haqlı mövqeyindən çəkindirmək mümkün deyil. Bu, beynəlxalq normalara da uyğun deyil.

Azərbaycanı “humanitar yük” adı altında hansısa yüklərin sərhəddən nəzarətsiz keçidinə razılıq verməyə məcbur etmək beynəlxalq hüquq normalarına ziddir. Ermənistan Laçın yolundan qanunsuz istifadə hallarına öyrəşmişdi. Bu yol vasitəsilə Ermənistandan Azərbaycan ərazilərinə silah-sursat, minalar daşınırdı, həmçinin təbii sərvətlərimiz də ermənilər tərəfindən bu yolla qanunsuz olaraq xaricə çıxarılırdı. Ermənistan hərbçilərinin Azərbaycan ərazisinə rotasiyası da məhz bu yol üzərindən həyata keçirilirdi. Azərbaycan da öz növbəsində bütün bu qanunsuzluqların qarşısını almaq üçün Ermənistanla sərhəddə nəzarət-keçid məntəqəsi qurdu. Bunu həzm edə bilməyən Ermənistan isə öz ənənələrinə sadiq qalaraq təxribatlara əl atmağa başladı. Və bu gün də havadarları ilə birlikdə Laçın yolu məsələsini hər vasitə ilə siyasiləşdirməyə çalışır.

Lakin Laçın yolunun hələ də “dəhliz” kimi təqdim edilərək siyasiləşdirilməsi və “Laçın” sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsi üçün hərəkətə keçilməsi qətiyyən doğru mövqe deyil. Heç bir ölkə, o cümlədən Fransanın özü də onun sərhədlərinin necə deyərlər, “su yolu”na, nəzarətsiz karvan yoluna döndərilməsinə razılıq verməz. Bunu özünə rəva bilməyən bəzi ölkələrin indi israrla ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Laçını yolunu “bağlamaqla” Qarabağ bölgəsində humanitar böhran yaratmaqda və oradakı erməniləri “blokada”ya almaqda, onları təcrid etməkdə təqsirləndirirlər. Həmin ölkələr bu cür əsassız ittihamlarla əslində Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, həm də Ermənistanın uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətinə fərqli don geyindirməyə çalışırlar.

Ancaq Ermənistanın havadarlarının bu cür qərəzli davranışları beynəlxalq hüquqa birmənalı şəkildə ziddir. Çünki “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Laçın ölkəmizin tərkib hissəsi olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. Bu sərhəd-buraxılış məntəqəsi sərhədimizin toxunulmazlığını təmin etməklə Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir.

Eyni zamanda da “Laçın” sərhəd-buraxılış məntəqəsinin beynəlxalq legitimliyini də ifrat dərəcədə ermənipərəstlik edən və Azərbaycana təzyiqləri davam etdirməkdən dəm vuran, özünü beynəlxalq hüquqa qarşı əsl quldur kimi aparan Fransa prezidenti E.Makronun diqqətinə çatdırmağımızda fayda var. Belə ki, Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib. Odur ki, Fransa “Laçın” sərhəd-buraxılış məntəqəsi ilə bağlı “humanitar” bəhanələrlə edilən erməni manipulyasiyalarından Fransanın geosiyasi maraqları üçün istifadə etmək siyasətinə son verməlidir. Makron beynəlxalq hüquqa hörmətlə yanaşmağı öyrənməlidir.

Beynəlxalq hüquq isə Azərbaycan dövlətinə imkan verir ki, “Laçın” sərhəd-buraxılış məntəqəsində hətta viza rejimi də tətbiq etsin. Bu hüququ nə Makron, nədəki digər ermənipərəst qüvvələr Azərbaycanın əlindən ala bilməz. Azərbaycanın bütün fəaliyyəti bölgədə sülhün bərqərar olmasına və separatçıların təxribatlarının qarşısının alınmasına xidmət edir. Bu mənada, beynəlxalq hüquqa hörmətlə yanaşan bütün qüvvələr Azərbaycana dəstək verməlidirlər. Bu gün heç bir ölkə separatçılıq təzahürlərinin baş qaldırmasından sığortalanmayıb. Ona görə də, dünyanın bu və ya digər məntəqəsində separatçılıq meyllərinin qarşısı birgə səylər, qlobal həmrəylik əsasında alınmalıdır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər