Dostluq və etibarlı münasibətləri bildirən əlamətdar səfər
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin avqustun 22-də ölkəmizə dövlət səfəri ölkələrimiz arasında münasibətlərin tarixində yeni səhifə kimi dəyərləndirilir. Bu səfərin gündəliyi zənginliyi ilə diqqətdə oldu. Ölkə Prezidenti cənab İlham Əliyev istər Türk Dövlətləri Təşkilatı çərçivəsində, istərsə də təşkilata üzv ölkələrlə ikitərəfli formatda dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirlməsini və inkişafını daim diqqət mərkəzində saxlayır.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərini məhz Azərbaycana etməsini qardaşlıq və dostluğun göstəricisi kimi qeyd edib. Həmçinin möhtərəm dövlət başçımız mətbuata verdiyi bəyanatında Özbəkistan xalqının Şavkat Mirziyoyevə yenidən böyük etimad göstərdiyini və onun Özbəkistanın inkişafı naminə səylərini layiqincə qiymətləndirdiyini vurğulayıb.
Prezident İlham Əliyev “Bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir”.
Avqustun 22-də Azərbaycan və Özbəkistan Prezidentləri arasında keçirilən təkbətək və geniş tərkibli görüşlər, aparılan danışıqlar çərçivəsində mahiyyətcə münasibətlərin inkişafının gələcəyi müəyyən edilib. Öz çıxışında cənab Prezident İlham Əliyev vurğulayıb ki, ölkələrimiz arasındakı münasibətlər artıq ən yüksək səviyyəyə çatdırılıb. O cümlədən dövlətimizin başçısı ölkələrimiz arasında imzalanan Ali Dövlətlərarası Şuranın yaradılması barədə sənədin münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğunu bildirib.
Şavkat Mirziyoyevin Prezident seçildikdən sonra ilk səfərini məhz Azərbaycana etməsi dostluğumuzun, qardaşlığımızın, xalqlarımız arasında əlaqələrin sıx tellərlə bağlı olmasının təqdimatıdır. Özbəkistan Prezidentinin səfərinin gündəliyində işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanışlığın xüsusi yer alması diqqətdən kənarda qalmadı. Bu da dost, qardaş dəstəyinin göstəricilərindəndir. Bu günümüzün qürurverici hadisələrindəndir ki, işğaldan azad edilmiş ərazilərimizdə müasir tələblər səviyyəsində şəraitin yaradılması, beynəlxalq hava limanlarının fəaliyyəti qonaqlarımızın bu bölgələrimizdə qarşılanmasına, görülən işlərlə tanışlıqlarına geniş imkanlar yaradır. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın qardaş Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı Füzuli Beynəlxalq Hava Limanında qarşılaması hər birimizdə böyük qürur hissi yaratdı. Otuz ilə yaxın dövrdə ermənilər tərəfindən tamamilə dağıdılan bu torpaqlarımızda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hazırlanan Baş plan əsasında görülən işlərin miqyası özündə bütün məqamları ehtiva edir.
Səfər çərçivəsində səmərəli görüşlər təşkil olundu. Görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müəyyən olundu. Artıq əldə edilən nəticələr bizim gələcəklə bağlı düzgün yolda olduğumuzu göstərir. Səfər çərçivəsində imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir. Sözügedən fakt ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir.
Özbəkistan Prezidentinin Qarabağın tacı, Türk dünyasının mədəniyyət paytaxtı Şuşaya səfəri, bu məkandan dünyaya türk birliyinin təqdimatı tariximizə mühüm səhifə kimi yazılacaq. Azərbaycanın Türk dünyasının birliyi, həmrəyliyi istiqamətində atdığı addımlar hər zaman davamlılığı ilə diqqətdə olub. Türkdilli dövlətlər arasında ikitərəfli əlaqələrin inkişafı beynəlxalq təşkilatlarda əməkdaşlığın dərinləşməsində öz sözünü deyir. Ümumiyyətlə, Özbəkistan Prezidentinin Azərbaycana səfəri bu birliyə böyük töhfə kimi də dəyərləndirilir. Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bu səfərindən sonra iki dövlətin əlaqələrinin səviyyəsi daha da yüksələcək. Çünki bunun üçün çox geniş potensial və imkanlar mövcuddur. İnanırıq ki, yaxın gələcəkdə Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artacaq.
Mürvət Əsgərov
Xətai rayon, Ağsaqqallar Şurasının sədr müavini