Sizin Reklam Burada

Heydər Əliyevin Türk dünyası qarşısındakı xidmətləri danılmazdır

Heydər Əliyevin Türk dünyası qarşısındakı xidmətləri danılmazdırTürkiyənin və Orta Asiyanın ziyalıları Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Türk dünyasının birliyi istiqamətindəki misilsiz xidmətlərindən bəhs ediblər

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı layihənin icrasına başlayıb. Həm QHT təmsilçilərinin, həm də türk dövlətlərindən olan nüfuzlu şəxslərin, media təmsilçilərinin fikirləri əsasında hazırlanmış ümumilikdə 5 məqalənin üçüncüsü oxuculara təqdim edilir. Qeyd edək ki, üçüncü məqalədə Türkiyənin və Orta Asiyanın türk dövlətlərinin ictimai xadimlərinin, ziyalılarının Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev haqqında fikirləri öz əskini tapıb.

Erkinbek Turqunov:“Heydər Əliyev hər zaman ədəbiyyat və incəsənət xadimlərinə dəstək olub”

Məsələn, Qazaxıstandan olan yazıçı-publisist Erkinbek Turqunov qeyd edib ki, yaşadığımız 2023-cü il Azərbaycanda çox önəmli illərdən biridir: “Əlbəttə, hər bir ilin özünəxas xüsusiyyətləri var. Bu xüsusda özəlliklə diqqətə çatdırmaq istədiyim məqam 2023-cü ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin böyük təntənə ilə qeyd olunmasıdır”.
Müsahibimiz qeyd edib ki, bu il 100-cü ildönümü qeyd edilən Ulu Öndər Heydər Əliyev hər zaman ədəbiyyat və incəsənət xadimlərinə dəstək olub:

Yazıçı-publisist Erkinbek Turqunov

“Bu dahi şəxsiyyətin həyat və fəaliyyətinə nəzər saldıqda, onun milli dəyərlərə, milli mübarizəyə böyük əhəmiyyət verdiyini və dövlət siyasətini bu prinsiplər üzərində qurduğunu görürük. Heydər Əliyevin bioqrafiyasını tədqiq edərkən qarşılaşdığımız başqa bir məqam Naxçıvanın bu böyük şəxsiyyətin həyatında böyük rol oynamasıdır. Naxçıvan Azərbaycan torpaqlarının müqəddəs bir parçası olmaqla yanaşı, həm də Türk dünyasının qapısıdır. Doğrudur, məlum tarixi proseslər nəticəsində Naxçıvan Azərbaycanın əsas ərazisindən ayrı düşüb. Ancaq qarşıdakı dönəmlərdə Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə quru yolu açıldıqdan sonra Türk dünyası üçün çox faydalı məkan olacağı şübhə doğurmur”.

Erkinbek Turqunov deyib ki, Azərbaycan özünün coğrafi mövqeyi baxımından, Türk dünyasının tam mərkəzində yerləşir:

“Orta Asiya, Türküstan, Turan bölgəsindən – Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan, eyni zamanda, oradan da Xəzər dənizi vasitəsilə Anadoluya və Avropaya çıxışı təmin edəcək dəhliz məhz Azərbaycan vasitəsilə gerçəkləşdirilə bilər. İnşallah, qarşıdakı illərdə Azərbaycanın Türk dünyasının ümumi inkişafına töhfə vermək məsələsində yeni-yeni uğurlar qazana biləcəyi kimsədə şübhə doğurmur. Heydər Əliyevin vaxtilə bu istiqamətdə atdığı addımların nə qədər böyük əhəmiyyət daşıdığı indi özünü daha aydın şəkildə göstərir. Zaman keçdikcə tarixə baxdığımızda, onun ötən dövrlərdə həyata keçirdiyi işlərin Türk dünyasının gələcək inkişafına necə təkan verdiyini görməmək mümkün deyil. Türk dünyasının digər liderləri Heydər Əliyevin fəaliyyətini örnək alaraq və onun bu yöndə çalışmalarını davam etdirərək Türk dövlətlərini daha yüksəklərə daşıya bilərlər”.

Alper Özmen: “Heydər Əliyevin Türk dünyasının birliyinə yönəlik fəaliyyəti hazırda türk dövlətlərinin liderləri tərəfindən uğurla davam etdirilməkdədir”

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı üçün çox nəhəng işlər gördüyünü vurğulayan Türkiyənin Eskişehir Osmanqazi Universitetinin İqtisadiyyat və idarəetmə fakultəsinin Siyasət elmi və dövlət idarəçiliyi üzrə müəllimi, Prof.Dr. Alper Özmen diqqətə çatdırıb ki, böyük siyasətçinin Türk dünyasının birliyinə yönəlik fəaliyyəti hazırda türk dövlətlərinin liderləri tərəfindən uğurla davam etdirilməkdədir:

Prof.Dr. Alper Özmen

“Heydər Əliyev 1993-cü ildə Azərbaycan prezidenti seçiləndə, ölkənin müstəqilliyi yeni bərpa edilmiş və oturuşma prosesi hələ yekunlaşmamışdı. O, Azərbaycanı inkişaf etmiş müasir dövlətlərin səviyyəsinə qaldırmaq üçün Türk dünyası ilə əməkdaşlığa çox böyük əhəmiyyət verirdi. Eyni zamanda, o, SSRİ-nin süqutundan sonra müstəqillik əldə edən türk dövlətlərinin coğrafi və geostrateji əhəmiyyətlərini ön plana çıxararaq beynəlxalq ictimai rəydə onların müsbət imicinin formalaşdırılmasına yönəlik platformanın qurulmasına ciddi səy göstərirdi. Mustafa Kamal Atatürkün Azərbaycanla bağlı çox mühüm ifadəsi var: “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”. Heydər Əliyevin də Mustafa Kamal Atatürkün fikirləri ilə bağlı çox önəm veriləcək düşüncələri var. O deyirdi ki, Atatürkün yaratdığı Türkiyə sadəcə, türklər üçün deyil, həm bütün Türk dünyası, həm də Azərbaycan üçün çox dəyərlidir”.

Alper Özmen, həmçinin, “biz Heydər Əliyevin Türkiyə ilə bağlı həyata keçirdiyi fəaliyyətə nəzər saldıqda, onun ölkəmizə üç rəsmi, iki qeyri-rəsmi və on beş işgüzar səfər gerçəkləşdirdiyini görürük. Onun Türkiyəyə rəsmi səfərləri çərçivəsində çox mühüm müqavilələr imzalanıb və Türk dünyasının birliyinə hədəflənmiş bəlkə də ən vacib addımlardan biri atılıb. Məsələn, Heydər Əliyevin Türkiyəyə 1994-cü ildə baş tutan ilk rəsmi səfərində ortaq investisiyaların təşviq edilməsi, müxtəlif sferalar, o cümlədən, elmi-texniki sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə dair sazişlər bağlanıb. Heydər Əliyevin Türk dünyası və Türkiyə ilə qardaşlaşma, yardımlaşma istiqamətində gördüyü işlərə baxdıqda, onların bu günümüzdə türk dövlətlərinin liderləri tərəfindən uğurla davam etdirildiyinin şahidi oluruq”, – deyib.

Nəsihə Gumarqızı: “Qazaxıstanda Heydər Əliyevi uzaqgörən, prinsipial, dərin siyasətçi və əlbəttə ki, xeyirxah dost kimi tanıyır, onun cəsarətlə, mərdliklə respublikamızı müdafiə etməsini yüksək qiymətləndirirlər”

Qazaxıstanın tanınmış ictimai xadimi, yazıçı-publisist, Azərbaycan və Qazaxıstan Jurnalistlər İttifaqının üzvü Nəsihə Gumarqızı isə bildirib ki, 100 illik yubileyi qeyd olunan Ulu öndər Heydər Əliyevin Sovet dönəmində və müstəqilliyin bərpasından ötən illərdə qazax xalqına verdiyi dəstək bu gün də minnətdarlıqla xatırlanır:

Yazıçı-publisist Nəsihə Gumarqızı

“Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin bir dövlət xadimi olaraq xidmətləri nəinki sizin ölkədə və Qazaxıstanda, həmçinin bütün dünyada etiraf edilir, dəyərləndirilir. Qazax xalqı ötən əsrin 80-ci illərinə təsadüf edən ağır “perestroyka” dönəmində bizim respublikanın birinci katibi Dinməhəmməd Kunayev vəzifədən çıxarıldıqda, Heydər Əliyevin Qazaxıstan rəhbərliyinin müdafiəsinə qalxdığını yaxşı bilir və bunu hər zaman xatırlayır. O, Kreml əlaltılarının Qazaxıstana rəhbər təyin olunmalarının əleyhinə çıxırdı. Qazaxıstanda Heydər Əliyevi uzaqgörən, prinsipial, dərin siyasətçi və əlbəttə ki xeyirhah dost kimi tanıyır, onun cəsarətlə, mərdliklə respublikamızı müdafiə etməsini yüksək qiymətləndirirlər”.

Yazıçı-publisist bildirib ki, Heydər Əliyev Qazaxıstana və qardaş qazax xalqına səmimi münasibəti ilə seçilirdi: “O, hər zaman çalışırdı ki, ölkələrimiz və xalqlarımız arasındakı münasibətlər möhkəm, uzunömürlü olsun. Heydər Əliyev bizim ortaq köklərimizin və mənəvi irsimizin olduğunu daim vurğulayırdı. Dahi şəxsiyyət türk dövlətləri arasında həmrəyliyin artırılması yönündə həyata keçirilən fəaliyyətin öncüllərindən biri idi. Onun hakimiyyəti dönəmində türkdilli dövlətləri bir araya gətirən TÜRKSOY beynəlxalq təşkilatı yaradıldı”.

2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyini deyən müsahibimiz diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyevin yüzillik yubileyinə Qazaxıstanda da böyük əhəmiyyət verilir və böyük siyasətçiyə həsr edilən tədbirlər təşkil olunur:

“Bu tarix çərçivəsində yalnız Qazaxıstanın paytaxtında deyil, ölkənin müxtəlif regionlarında Azərbaycan Mədəniyyət Günləri keçirilir. Heydər Əliyev 30 il əvvəl Almatıdakı “28 panfilovçu” parkında özünün mavi küknar ağacını əkib. O ağac hələ də boy atır və böyük insanı həmişə bizə xatırladır. Paytaxtımızda Ümummili lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan böyük bayram tədbiri gerçəkləşdirildi. Bundan başqa, TÜRKSOY tərəfindən Qazaxıstanın Akademik Milli Kitabxanasında “Heydər Əliyev və Türk dünyası” adlı beynəlxalq konfans keçirildi. Eyni zamanda, Qazaxıstanın Dövlət Televiziyasında Azərbaycan xalqının böyük liderinin həyat və yaradıcılığına işıq tutan “Görkəmli ömür” sənədli filmi nümayiş etdirildi. Bu tədbirlər sırasında Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Qazaxıstanda xüsusi poçt markasının buraxıldığını da vurğulamaq istərdim”.

O da məmnunluqla bildirilib ki, Almatıda yerləşən Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində və Astanadakı Lev Qumilyov adına Avrasiya Milli Universitetində Heydər Əliyev mərkəzləri fəaliyyət göstərir:

“Azərbaycan Prezidenti İlham Əliyevin Astanaya səfəri zamanı paytaxtımızda Heydər Əliyev küçəsinin açılışı oldu. Xüsusi qeyd etmək istərdim ki, Qazaxıstan bütün mühüm məsələlərdə, o cümlədən, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsində və Qarabağ münaqişəsinin ədalətli həllində, Ümummilli lider Heydər Əliyevin uzaqgörən neft strategiyasının həyata keçirilməsində Azərbaycanı hər zaman dəstəkləyib və dəstəkləyir. Qazax xalqı Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə yekunlaşan 44 günlük Vətən müharibəsində əldə edilmiş böyük qələbəni ürəkdən alqışlayıb”.

Oktay Berber: “Heydər Əliyev bir tərəfdən ortaq türk tarixini, dilini və mədəniyyətini diqqət mərkəzində saxlayarkən, digər tərəfdən də türk dövlətlərinin siyasi-iqtisadi birliyinin zəruriliyini hər imkanda dilə gətirirdi”.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevi türk dili, tarixi və mədəniyyətinə çox bağlı olan siyasi lider kimi xarakterizə edən Türkiyənin Eskişehir Osmanqazi Universitetinin Humanitar və Sosial Elmlər Fakültəsi, Tarix kafedrasının müəllimi, Doç.Dr. Oktay Berber bildirib ki, o, Türk dünyasının böyük şəxsiyyətlərinə hər zaman sahib çıxması ilə seçilib:

Doç.Dr. Oktay Berber

“Heydər Əliyev istər Sovet dövründə, istərsə də 1993-cü ildə müstəqil Azərbaycanın prezidenti olduqdan sonra Azərbaycan və bütövlükdə Türk dünyası üçün ciddi fəaliyyət göstərən dövlət xadimidir. Onun Türk dünyası prizmasından əhəmiyyətini və Türk dünyasının Heydər Əliyevin düşüncəsində necə bir yer tutduğunu dərk etmək üçün bəzi nümunələrə baxa bilərik. Heydər Əliyev bütün qeydlərində türk olduğunu xüsusi vurğulayan və Türk dünyasının birliyinin tərəfdarı olduğunu ifadə edən, türk dövlətlərində təşkil olunan toplantılara qatılmaq üçün səy göstərən siyasi liderdir. O demək olar ki, hər çıxışında Türk dünyasının birliyinin zəruriliyini diqqətə çatdırırdı”.

Qeyd olunub ki, Türk dünyası və türklüyün Heydər Əliyevin təfəkküründəki yerini anlamağımıza yardım edəcək başqa bir nümunə isə onun 1997-ci ildə Daşkənd Universitetindəki çıxışında yer alan məqamlardır:

“O, həmin çıxışında bütün türkləri eyni kökdən gələn bir ağacın qolları adlandırmışdı. Bu baxımdan, Heydər Əliyevin Türk dünyası üçün indi də çox aktual olan türklərin birliyi, bərabərliyi, bütövlüyü məsələsində çox qəti mövqe ortaya qoyduğunu görürük. Heydər Əliyevin bütün Türk dünyasının nüfuzıu şəxsiyyətlərinə hər zaman sahib çıxdığını qeyd etməliyik. Bununla bağlı iki nümunə üzərində dayana bilərik. Onlardan biri böyük şair Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlaqədar tədbirin keçirilməsidir. O, həmin tədbirdəki çıxışında Füzulini birlik və bərabərliyimizə vəsilə ola biləcək şəxsiyyət kimi qiymətləndirir. Digər nümunə isə bütün Oğuz türklərinin ortaq dəyəri olan “Dədə Qorqud” dastanının 1300 illiyi ilə əlaqədar beynəlxalq tədbirlər təşkil etdirməsidir. Heydər Əliyev bir tərəfdən ortaq Türk tarixini, dilini və mədəniyyətini diqqət mərkəzində saxlayarkən, digər tərəfdən də Türk dövlətlərinin siyasi-iqtisadi birliyinin zəruriliyini hər imkanda dilə gətirirdi. Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycan və Türk dünyası ilə bağlı qəti mövqeyini görməzdən gəlmək mümkün deyil”.

Altınbek İsmailov: “Türk dövlətlərinin yaxınlaşmasında və bu müsbət dinamikanın davamlı xarakter almasında Heydər Əliyevin xidmətləri danılmazdır”.

Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti haqqında sonsuza qədər danışmağın mümkünlüyünü vurğulayan Qırğızıstanın Manas Universitetinin Xarici Dillər Kollecinin qırğız dili üzrə koordinatoru, şair-tərcüməçi Altınbek İsmailov bildirib ki, böyük şəxsiyyətin ən böyük xidmətlərindən biri türk dövlətləri arasında əlaqələrin genişləndirilməsi istiqamətində gördüyü işlərdir:

Şair-tərcüməçi Altınbek İsmailov

“Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin qırğız tarixini, mədəniyyətini və adət-ənənələrini çox yaxşı bilən bir lider olduğunu qeyd etmək lazımdır. O, özəlliklə Çingiz Aytmatovun əsərlərini müntəzəm oxuyan, onu sevən və dərin hörmətlə yanaşan böyük siyasi xadim idi. 1995-ci ildə “Manas” dastanının 1000 illiyi münasibəti ilə keçirilən tədbirdə qırğız xalqı və tarixi, eyni zamanda, xalq yaradıcılığının o gözəl nümunəsi, həmçinin Çingiz Aytmatov haqqında çox yüksək fikirlər səsləndirmişdi”.

Həmsöhbətimiz qeyd edib ki, Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti o qədər çoxşaxəlidir ki, bu barədə sonsuza qədər danışmaq, müzakirə aparmaq mümkündür:

“Əlbəttə, onun fəaliyyətində xüsusi seçilən məqamlardan biri də Türk dövlətləri arasında inteqrasiyanın dərinləndirilməsinə yönəlik ardıcıl işlərdir. Əminliklə söyləyə bilərik ki, hazırda türk dövlətlərinin yaxınlaşmasında və bu müsbət dinamikanın davamlı xarakter almasında Heydər Əliyevin xidmətləri danılmazdır. 2023-cü ildə Heydər Əliyevin 100 illik yubileyi təntənə ilə qeyd olunur. Bu əlamətdar tarixlə əlaqədar böyük şəxsiyyəti hədsiz sayğı ilə anır, Azərbaycan xalqına və Türk dünyasına xoşbəxtlik arzulayırıq”.

Araz Zeynalov

Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər